AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAN İSLAM RESPUBLİKASININ SƏFİRİ ƏHƏD QƏZAİNİ QƏBUL ETMİŞDİR
Səfir Qəzai Prezident seçilməsi münasibətilə İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin təbrik məktubunu İlham Əliyevə təqdim etmiş və onun simasında Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etmişdir.
Səfir noyabrın 25-də Prezident sarayında islam ölkələrinin Bakıda akkreditə olunmuş səfirlərini Ramazan bayramı münasibətilə qəbul etdiyinə görə, Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir. O, Prezident Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Daha sonra səfir Azərbaycanın milli lideri Heydər Əliyevin səhhəti ilə maraqlanmış, onun tezliklə ölkəyə qayıtmasını arzulamışdır. İran İslam Respublikasının səfiri Heydər Əliyevin İran-Azərbaycan münasibətlərinin möhkəm özül üzərində qurulmasında müstəsna rolunu yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təşəkkül tapmış mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə etmiş, bu münasibətlərin bundan sonra da qarşılıqlı anlaşma əsasında uğurla inkişaf etməsinə tərəfdar olduğunu bildirmişdir.
Dövlətimizin başçısı, eyni zamanda, səfirə minnətdarlığını bildirərək, cənab Heydər Əliyevin səhhətinin normal olduğunu, onunla mütəmadi olaraq telefonla əlaqə saxladığını, cənab Heydər Əliyevin televiziya və qəzet vasitəsilə daim Azərbaycanla bağlı və dünyada gedən hadisələri izlədiyini səfirin nəzərinə çatdırmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, İranla qurulmuş möhkəm münasibətlər gələcəkdə də davam etdiriləcəkdir.
Görüşdə ölkələrimizi maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda İran İslam Respublikasının səfiri Qəzai Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin
mətbuat xidməti