AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTAR-TASS AGENTLİYİNDƏ OLMUŞDUR
Dövlətimizin başçısını binanın önündə İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, baş direktorun birinci müavini Mixail Qusman və agentliyin əməkdaşları böyük hörmət və ehtiramla qarşıladılar.
Sonra İTAR-TASS-da Prezident İlham Əliyevin agentliyin rəhbərliyi və Rusiyanın digər kütləvi informasiya vasitələrinin başçıları ilə görüşü oldu. Görüşdə çıxış edən İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko Rusiyanın və Azərbaycanın kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu söylədi. O, dövlətimizin başçısına məlumat verdi ki, İTAR-TASS-ın binasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AZƏRTAC-ın müxbir məntəqəsinin ofisi açılmış və müasir avadanlıqla təchiz edilmişdir. Bildirildi ki, MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanın dövlət informasiya agentliyinin Rusiyada bu cür əsaslı nümayəndəliyi açılır. Bu münasibətlə Azərbaycan dövlətinin başçısının İTAR-TASS agentliyinə gəlişi əlamətdar hadisə kimi qiymətləndirildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın kütləvi informasiya vasitələrinin rəhbərləri ilə səmimi söhbət etdi.
Prezident İlham Əliyevə “İTAR-TASS-ın 100 illiyi” xatirə medalı təqdim olundu.