AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÖZBƏKİSTAN RESPUBLİKASININ SƏFİRİ ƏBDÜQAFUR ƏBDÜRƏHMANOVU QƏBUL ETMİŞDİR
Səfir Əbdürəhmanov Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə Özbəkistan Respublikasının Prezidenti, xalqı və öz adından təbrik etmiş, Azərbaycanda şahidi olduğu dəyişiklikləri, iqtisadi irəliləyişi, bayram əhval-ruhiyyəsini xüsusi vurğulamışdır.
Azərbaycanın dövlət başçısı təbriklərə və xoş arzulara görə səfirə minnətdarlığını bildirmiş və onun Ramazan təbriklərini Özbəkistan xalqına və rəhbərliyinə çatdırmağı xahiş etmişdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinə yüksək qiymət verdiyini vurğulayaraq, bu münasibətlərin həm siyasi, iqtisadi sahələrdə, həm Türksoy, həm də beynəlxalq təşkilatlar çərçivəsində səviyyəsindən məmnun olduğunu bildirmişdir. O qeyd etmişdir ki, iki ölkə arasındakı münasibətlərin geniş perspektivləri var və onları gerçəkləşdirmək xalqlarımızın maraqlarına uyğundur.
Səfir Əbdürəhmanov Azərbaycan Prezidentinə Özbəkistan ərazisindəki faydalı qazıntılardan hazırlanmış və üzərində Özbəkistanın tarixində və mədəniyyətində zəngin iz buraxmış görkəmli şəxslərin şəkilləri həkk olunmuş sikkələr və əl ilə işlənmiş özbək milli geyimi təqdim etmişdir.
Görüşdə, eyni zamanda, Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli münasibətlər, eləcə də ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələləri də müzakirə olunmuşdur.
Sonda Özbəkistan Respublikasının səfiri Əbdürəhmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.