AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞA RESPUBLİKASININ SƏFİRİ MARÇİN NAVROTU QƏBUL ETMİŞDİR
Səfir Navrot İlham Əliyevi Prezidentlik dövrünün ilk uğurlu ayı münasibətilə təbrik etmiş, Polşa Prezidentinin ona çətin və məsuliyyətli fəaliyyətində müvəffəqiyyətlər arzuladığını bildirmişdir. İlham Əliyevin postsovet məkanında ən gənc Prezident olduğunu, Azərbaycan xalqının ona böyük ümidlər bəslədiyini və çox inandığını, elə bu səbəbdən onun şəxsinə Polşada böyük maraq oyandığını nəzərə çatdıran səfir Navrot, qısa müddət ərzində vaxt ayıraraq, səfirlərlə görüşdüyünə görə Bakıda akkreditə olunmuş diplomatlar adından Azərbaycan Prezidentinə minnətdarlığını ifadə etmişdir.
Sosializmdən demokratik sistemə keçid dövrünü yaşamış, qeyri-neft sahəsində islahatlar yolunu keçmiş Polşanın Azərbaycanla təcrübə mübadiləsinə hazır olduğunu bildirən diplomat, Heydər Əliyev ilə Aleksandr Kvasnevskinin Varşava və Bakıdakı görüşlərinin ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açdığını vurğulamışdır. Səfir ümidvar olduğunu bildirmişdir ki, Heydər Əliyevin Varşavada Azərbaycan səfirliyi açmaq haqqında təşəbbüsü tezliklə həyata keçəcəkdir.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikası ilə Polşa arasında səmimi dostluq və faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq demişdir ki, həm Polşanın, həm də Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti bu nailiyyətlərin əldə olunmasında və eləcə də Polşa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafında Heydər Əliyevin və Aleksandr Kvasnevskinin müstəsna rol oynadıqlarını qeyd etmişdir.
Polşa Prezidentinə səfir vasitəsilə salamlarını çatdıran dövlət başçısı təcrübə mübadiləsinin səmərəliliyi üçün ölkələr arasında işgüzar nümayəndə heyətlərinin, demokratik təsisatların təmsilçilərinin vaxtaşırı görüşlər keçirməsinin vacibliyini bildirmişdir.
Görüşdə ölkələrimizi maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda Polşa Respublikasının səfiri Navrot Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin
mətbuat xidməti.