RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkunu qəbul etmişdir.
Viktor Tvirkun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsində ona uğurlar arzuladı.
Görüşdə region ölkələri arasında əlaqələrin genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rolu vurğulandı, Təşkilatın Parlament Assambleyasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunacaq məsələlərin əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.