AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTAN RESPUBLİKASININ SƏFİRİ ANDAR ŞUKPUTOVU QƏBUL ETMİŞDİR
Səfir Şukputov Prezident seçilməsi münasibətilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təbrik məktubunu İlham Əliyevə təqdim etmiş və onun simasında Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etmişdir.
Səfir Qazaxıstan hökumətinin Heydər Əliyevin Azərbaycanda başladığı iqtisadi və demokratik inkişaf yolunun davam etdiriləcəyinə inandığını bildirmişdir.
Prezident İlham Əliyev təbrik məktubuna və xoş arzularına görə təşəkkürünü Prezident Nursultan Nazarbayevə çatdırmağı səfirdən xahiş etmişdir. O, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəsindən razı qaldığını, böyük potensialı olan bu əməkdaşlığı daha da inkişaf etdirməyin zəruriliyini vurğulamışdır.
Dövlətimizin başçısı Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin prezidentlər Heydər Əliyevin və Nursultan Nazarbayevin səylərinin bəhrəsi olduğunu qeyd etmiş və Prezident Heydər Əliyevin həm ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsinə yönəlmiş səylərini, həm də digər təşəbbüslərini davam etdirəcəyini bildirmişdir. MDB dövlət başçılarının Yalta görüşü zamanı Prezident Nazarbayevlə fikir mübadiləsini məmnuniyyətlə xatırlayan Prezident İlham Əliyev gələcəkdə belə görüşlərin daha tez-tez olacağına əminliyini ifadə etmişdir.
Görüşdə, eyni zamanda, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı siyasi vəziyyət, Xəzər dənizində neft və qaz yataqlarının istismarı üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Sonda Qazaxıstan Respublikasının səfiri Şukputov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.