AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRĞIZISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında Qırğızıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Apas Cumaqulovun etimadnaməsini qəbul etmişdir.
Apas Cumaqulov Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə səmimi söhbət etdi, onu yeni diplomatik vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, səfir kimi fəaliyyətinin müxtəlif sahələrdə ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin inkişafına, əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsinə yönələcəyinə əminliyini vurğuladı.
Apas Cumaqulov ölkələrimiz və xalqlarımız arasında tarixi köklərin olduğunu təsdiqləyərək dedi ki, bu əlaqələrin dərinləşməsi istiqamətində görəcəyi işlər xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına kömək göstərəcəkdir.