AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RİQA ŞƏHƏR MERİYASINDA OLMUŞDUR
Meriya şurasının sədri Ayvars Aksenoks Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladı.
Meriyanın rəyasət heyəti zalında keçirilən görüşü giriş sözü ilə açan Ayvars Aksenoks Prezident İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini salamladı, dövlətimizin başçısının Baltikyanı ölkələr arasında ilk səfərini Latviyaya etməsini, son bir il ərzində Latviya-Azərbaycan əlaqələrinin genişlənməsini yüksək qiymətləndirdi. Şəhər meriyasının yerləşdiyi binanın tarixi barədə məlumat verdi, Latviya paytaxtının özünüidarə qurumunun fəaliyyətindən danışdı. Qədim tarixi olan Riqanın beynəlxalq əlaqələrə də üstünlük verdiyini xatırladan Ayvars Aksenoks ölkələrimizin əməkdaşlığının genişləndirilməsi baxımından paytaxt şəhərlər arasında əlaqələr yaradılmasının da zəruriliyini söylədi.
Prezident İlham Əliyev meriyanın fəxri qonaqlar kitabını imzaladı.
Dövlətimizin başçısı görüşdə çıxış edərək, Latviya səfərinin səmərəli keçdiyini və aparılan danışıqların iki ölkə arasında gələcək əlaqələrin inkişafına təkan verəcəyini bildirdi. Latviyanın bir sıra təşkilatlarda təmsil edildiyini xatırladan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığa əhəmiyyət verdiyini və Latviyada Azərbaycan səfirliyinin açılmasının mühüm hadisə olduğunu, Riqada keçirilən biznes forumunun faydalı olacağına əminliyini vurğuladı.
Tarixi ənənələrini qoruyub saxlayan Riqa şəhərinin, eyni zamanda müasirləşməsi istiqamətində görülən işləri təqdir edən dövlətimizin başçısı ölkələrimizin paytaxtları arasında əlaqələrin möhkəmlənəcəyinə ümid etdiyini söylədi.
X X X
Sonra Prezident İlham Əliyev Riqa şəhərində salınacaq Azərbaycan-Latviya dostluq parkının layihəsi ilə yaxından tanış oldu.