AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUS İCMASININ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
Prezident İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
- Əziz dostlar!
Mən sizi salamlamağa çox şadam. Azərbaycanın rus icmasının qarşıdakı ikinci qurultayı ölkəmizin həyatında əlamətdar hadisədir. Bu gün sizinlə görüşmək və mövcud olan məsələləri müzakirə etmək mənə çox xoşdur.
Mən böyük məmnunluqla demək istəyirəm ki, müstəqil dövlət kimi təşəkkül tapan Azərbaycan bütün istiqamətlərdə çox uğurla inkişaf edir və bu inkişafda xalqımızın lideri Heydər Əliyevin böyük xidmətləri var. Bu, ilk növbədə, əmin-amanlıq, firavanlıq və ölkəmizdə yaşayan bütün xalqlar arasında dostluq və etimad mühiti yaradılması işində olan xidmətlərdir və bunlar çox böyükdür. Heydər Əliyev siyasəti Azərbaycanda bütün istiqamətlərdə, bütün sahələrdə davam edir və bizə beynəlxalq işlərdə də, iqtisadiyyatda da, daxili problemlərin həllində də uğurlar gətirir.
Əlbəttə, Azərbaycanda yaşayan xalqların qarşılıqlı zənginləşməsinin təməli Heydər Əlirza oğlu Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuş və o, Azərbaycana müstəqil ölkənin Prezidenti kimi qayıtdıqdan sonra bərpa edilmişdir və biz bu gün də bu yolla gedirik.
Mənə çox xoşdur ki, Azərbaycanın rus icması çox uğurla inkişaf edir, bütün istiqamətlərdə çox fəal işləyir. Azərbaycanda millətlərarası məsələlər, problemlər heç vaxt olmayıbdır. Yəqin ki, Azərbaycan keçmiş SSRİ-nin və daha geniş regionun çox az ölkələrindən biridir ki, burada dostluq, səmimi münasibətlər, milli və dini dözümlülük həmişə mövcud olmuşdur. Azərbaycanın rus vətəndaşları ölkəmizin inkişafı işinə çox böyük töhfə vermişlər və verirlər. Mənə çox xoşdur ki, cəmiyyətimizdə belə dostluq, qardaşlıq münasibətləri mövcuddur. Bizdə milli mənafelərə görə heç bir fərqli yanaşma yoxdur və bu, müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biridir. Çətin iqtisadi, siyasi, sosial dövrlər keçirməyimizə baxmayaraq, Azərbaycanda məskunlaşan xalqlara dostcasına yaşamağa heç nə - nə erməni təcavüzü, nə 1990-cı illərin axırlarındakı vətəndaş müharibəsi, nə də qarmaqarışıqlıq və anarxiya mane ola bilməmişdir. Bu, çox böyük nailiyyətdir. Əlbəttə ki, biz onu qorumalı və inkişaf etdirməliyik.
Prezident seçkilərindən əvvəl də, sonra da mən dəfələrlə rəsmi bəyanat vermişəm, çıxış etmişəm və demişəm ki, milliyyətindən, dini etiqadından, baxışlarından və sairdən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir. Əlbəttə ki, Azərbaycanda yaşayan xalqlar arasında sülh, xoş münasibətlər, qardaşlıq münasibətləri çiçəklənən Azərbaycanın gələcəyi üçün təməldir.
Bütün bunlar bizə sanki təbii görünür, axı, hər hansı digər vəziyyət qeyri-real və sadəcə olaraq, ağlasığmaz görünə bilər. Lakin bunu qonaqlardan eşitdikdə, - dəfələrlə belə olmuşdur, - Azərbaycana səfər etmiş müxtəlif ölkələrin prezidentləri və eləcə də ölkəmizdə tez-tez olan digər nümayəndə heyətləri səviyyəsində eşitdikdə, əslində hamısı, böyük əksəriyyəti deyir ki, Azərbaycanda bu məsələ həll edilir. Mən isə deyirəm: Bu məsələ bizdə həll edilmir, çünki bizdə, Azərbaycanda belə məsələ yoxdur, belə məsələ bizim üçün yersizdir. Amma təəssüf ki, bu, haradasa başqa yerlərdə belə deyildir.
Bax, buna görə də bu əvəzsiz təcrübə olduqca nadirdir. Əlbəttə ki, bizim vəzifəmiz rus millətindən olan vətəndaşların ictimai həyatın bütün sahələrində, elmi, siyasi sahələrdə daha fəal iştirak edə bilməsi üçün onlara hər cür şərait yaratmaqdan ibarətdir. Bizdə rus dilinə də çox qayğı ilə yanaşırlar. Zənnimcə, bu baxımdan Azərbaycan dünyanın digər ölkələri üçün, qonşularımız üçün nümunə ola bilər. Biz çox mühüm olan rus dilinə həm də müxtəlif xalqlar arasında ünsiyyət vasitəsi kimi yanaşırıq. Bilirsiniz ki, bir çox qəzetlər və digər kütləvi informasiya vasitələri rus dilində çıxır və çox populyardır. Sovet dövrü ilə müqayisədə onların sayı hətta daha çoxdur. Xoşdur ki, belə meyillər var. Bu da təbii haldır. Biz Rusiya televiziyasının verilişlərinin yayımlanması faktını da təbii qəbul edirik. Halbuki, mən keçmiş SSRİ-nin başqa ölkələrində oluram, görürəm ki, orada belə deyildir. Yalnız seçmə verilişlər var, kabel televiziyası var. Biz bunu qiymətləndirəcək, qoruyacaq və inkişaf etdirəcəyik.
Çox istərdim ki, Azərbaycanın rus vətəndaşları, rus icması ölkənin həyatında getdikcə daha fəal iştirak etsinlər. Ölkəmiz inkişaf edir, dünyada çox yaxşı coğrafi-siyasi mövqelərimiz var. Azərbaycan inkişaf edir və müasir dövlətə çevrilir. Demokratik proseslər çox intensiv gedir, iqtisadiyyat inkişaf edir, yeni iş yerləri yaradılması proqramı həyata keçirilir. Əlbəttə, bütün bunlar vətəndaşların maddi rifahının yüksəlməsinə kömək edəcəkdir.
Gələn il yeni sosial proqramların həyata keçirilməsi planlaşdırılır. Biz irəli gedirik, öz inkişafımızda irəliləyirik. Əlbəttə ki, bu müsbət dəyişiklikləri Azərbaycanın hər bir vətəndaşının hiss etməsi çox vacibdir. İqtisadçılar, iqtisadiyyatla məşğul olan insanlar rəqəmlər gətirirlər. Əlbəttə ki, hamı bu rəqəmlərin arxasında nələr durduğunu başa düşür, bu prosesin əhəmiyyətini başa düşür. Rifahın yaxşılaşmasını - əmək haqqının artmasını, böyük sosial müdafiə olduğunu hər bir insan, hər bir vətəndaş öz üzərində hiss etməlidir. Onda biz deyə bilərik ki, məqsədlərimizə çatmışıq.
Mən sizi bir daha salamlamaq və Azərbaycanın rus icmasının uğurla işləməsi münasibətilə təbrik etmək istəyirəm. O, ölkəmizin ictimai-siyasi həyatında çox mühüm rol oynayır və belə bir təşkilatın olması, çox fəal işləməsi xoşdur. Sizə gələcəkdə uğurlar diləmək, rus icmasının sıralarının genişlənməsini, yeni qüvvələr, gənclər gəlməsini, böyüməkdə olan gənclərin Azərbaycanda gedən bütün faydalı proseslərə daha fəal qoşulmasını arzulamaq istəyirəm.
Sizə qurultayı uğurla keçirməyi arzulayıram. Düşünürəm ki, belə də olacaqdır. Sizə uğurlar arzulayır, ən səmimi diləklərimi bildirirəm. Xahiş edirəm, ən xoş arzularımı Rus icmasının bütün üzvlərinə, Azərbaycanın bütün rus vətəndaşlarına yetirəsiniz. Sağ olun.
Qəbulda çıxış edən Rus icmasının sədri, Milli Məclisin deputatı MİXAİL ZABELİN dedi:
- Hörmətli cənab Prezident, İlham Heydər oğlu!
İcazə verin, Sizə belə müraciət edim. Məşğul olmağınıza baxmayaraq, vaxt tapıb bizi qəbul etdiyinizə görə Rus icması qurultayının nümayəndə heyəti adından Sizə təşəkkürümüzü bildirim. Siz Azərbaycanın, Azərbaycan xalqının tərəqqisi naminə çox işlər görürsünüz və belə bir zamanda vaxt tapıb Rus icmasının nümayəndə heyətini qəbul etmisiniz. Bizim üçün Prezidentin qəbulunda olmaq, onunla söhbət etmək, sonra isə, bəlkə də, onunla şəkil çəkdirmək, şübhəsiz ki, böyük şərəfdir. Yəqin ki, bu, hər adama qismət olmur və hər il baş vermir. Buna görə də biz son dərəcə şadıq və çox həyəcan keçiririk.
Azərbaycanda yaşayan ruslar, bəzən onlara azərbaycanlı ruslar da deyirlər, burada böyümüşlər, buranın adət-ənənəsi onların qanına hopmuşdur. Siz Rusiyanın bir çox guşələrində olmusunuz və bilirsiniz ki, Azərbaycandakı ruslar Rusiyada yaşayan ruslardan çox fərqlənirlər. Çünki biz Azərbaycan xalqının ən yaxşı ənənələri ruhunda tərbiyə almışıq. Çoxlarımız, burada qalanlar, burada yaşamağı davam etdirənlər şübhəsiz, hesab edirik ki, bu, bizim vətənimizdir, bu, bizim torpağımızdır və bu torpağın həqiqətən tərəqqi etməsi, burada müharibə olmaması üçün, günahsız insanların həlak olmaması üçün, çiçəklənən, demokratik Azərbaycanda yaşamağımız üçün əlimizdən gələni edirik.
Ötən il bütün Azərbaycan xalqına, o cümlədən bizə böyük kədər üz verdi – görkəmli ictimai-siyasi xadim, Prezidentimiz Heydər Əlirza oğlu Əliyev vəfat etdi. Biz hamımız onu çox sevirdik, onu çox qiymətləndirirdik, biz hamımız ona ümid bəsləyirdik, onun nə vaxt sağalıb ayağa qalxacağını gözləyirdik. Lakin təəssüf ki, bu, baş vermədi. Heydər Əlirza oğlunun bizimlə olmamasından bu gün də çox kədərlənirik. Allah rəhmət eləsin, biz Heydər Əliyevə ona görə çox minnətdarıq ki, o, Azərbaycan torpağında sülhü qoruyub saxlamaq üçün, insanların həlak olmaması üçün, buradakı bütün millətlərin sülh, anlaşma və dinclik şəraitində yaşaması üçün hər şeyi etmişdir və bu, Azərbaycan xalqına xas olan xüsusiyyətdir.
İlham Heydər oğlu, biz Sizə dərin təşəkkürümüzü bildiririk. Çünki görürük ki, Ermənistan-Azərbaycan münaqişəsinin, nəhayət, həll olunması üçün, qaçqınlarımızın öz evlərinə, ocaqlarına qayıtması üçün Siz çox iş görürsünüz, çox çalışırsınız, çox qüvvə sərf edirsiniz. Biz bunu televiziya ilə də görürük, qəzetlərdən də bilirik. Sizin çox böyük səylərinizi qiymətləndiririk. Biz görürük ki, Azərbaycan xalqının sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Siz çox şey edirsiniz. Ümidvarıq ki, ruslar Azərbaycanın iqtisadi cəhətdən həqiqətən inkişaf etmiş, möhkəmlənmiş və qüdrətli dövlət olacağını görəcəklər. Bütün bunlara görə Sizə çox sağ olun deyirik.
Vaxtımız az olduğundan, bütün Rus icmasının arzularını Sizə yetirməyə imkanımız olmadığından, təkcə onu deyəcəyəm ki, Sizi qurultayımızın fəxri nümayəndəsi seçmişik. Sizi Rus icmasının Gəncə şəhər təşkilatı seçmişdir. Bizim üçün böyük şərəfdir ki, Siz Rus icmasının fəxri nümayəndəsisiniz. Buna görə Sizə çox sağ olun deyirik.
Qurultayın nümayəndəsi kimi Sizə, habelə Mehriban xanıma qurultay nümayəndələrinin qovluqlarını vermək istəyirik. Burada Azərbaycan-Rusiya əlaqələrinə dair materiallar var. Biz Rusiya Dövlət Duması, Federasiya Şurası nümayəndələrinin, Milli Məclis deputatlarının iştirakı ilə “Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsində xalq diplomatiyasının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirdik. Rus dilinin əhəmiyyətinə həsr olunmuş çox yaxşı konfrans keçirdik, çox zəngin materiallar toplandı, nəhayət, “Bizim Heydər Əliyeviç” kitabını nəşr etdirdik.
Biz çox iş görürük. Təşkilat işləyir, yaşayır. Şadıq ki, təşkilatımız, Rus mədəniyyəti mərkəzimiz var. Bunlar heç də bütün MDB ölkələrində mövcud deyildir. Bu mərkəzin direktoru indi buradadır.
Ötən il Azərbaycan hökuməti və şəxsən Siz bizə Rus icmasının 10 illiyini keçirməyə kömək etdiniz, sabah isə Sizin köməyiniz sayəsində keçirilən qurultayımızı açırıq. Bütün bunlara görə Sizə çox sağ olun deyirik.
Sonra Rus icmasının Nizami rayon şöbəsinin sədri, Milli Qəhrəman Yuri Kovalyovun anası LARİSA KOVALYOVA çıxış edərək dedi:
- Hörmətli İlham Heydər oğlu!
Bizim Nizami rayonuna, Heydər Əliyev adına parkın açılışına gəldiyiniz yadınızdadırmı? Siz Heydər Əlirza oğlu ilə birlikdə gəlmişdiniz, Siz maşından düşəndə o, mənə əl verib qucaqladı və dedi ki, mən sizi xatırlayıram, mən sizi tanıyıram.
Bu gün bizi qəbul etdiyinizə görə Sizə minnətdaram. Çox sağ olun. Ürək sözlərimi demək, Heydər Əlirza oğlunun vəfatından kədərləndiymi bildirmək istəyirəm. Biz onu xatırlayırıq, bilirik ki, mənim ailəm üçün də çox iş görmüşdür, övladlarıma yaxşılıq etmişdir, onlar mənzil aldılar. O, şəhid ailələrinin qayğısına qalırdı, onları mənzillə təmin edirdi, necə yaşaması ilə maraqlanırdı. Mən Sizə də minnətdaram. Düşünürəm ki, Siz də bizim ailələrimizi nəzərdən qaçıqmayacaqsınız. Çox sağ olun. Siz artıq bir ildir Prezidentimizsiniz. Allah eləsin ki, Prezidentliyiniz uzun olsun, birinci və ikinci müddətə Prezident olasınız.
Cəmiyyət sədrinin müavini VİKTOR TATARENKO çıxışında dedi:
- Hörmətli cənab Prezident. Gələn il bizim üçün əlamətdar bir ildir, böyük Qələbənin 60 illiyidir. Bu yubileyin bayram edilməsi haqqında sənəd imzaladığınıza, tədbirlər planı olduğuna görə müharibə və silahlı qüvvələr veteranları adından Sizə təşəkkür etmək istərdik.
Rus icması gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə də məşğul olur. Biz bu fikirdəyik ki, gəncləri, ilk növbədə, ümummilli liderimiz, hörmətli Heydər Əlirza oğlunun timsalında, həyat tarixi əsasında tərbiyə etmək lazımdır. Biz onun biliklərini, ideyalarını öyrənmişik. Heydər Əlirza oğlunun vəfatının ildönümü ilə əlaqədar Rus icmasının köməyi ilə kitab nəşr etdirmişik. Rusiyada sadə insanlar, ziyalılar onun həyatı haqqında məlumata malik olmaq istəyirlər. Düşünürük ki, gəncləri bu təcrübə əsasında tərbiyə etmək olar. Heydər Əlirza oğlunun Ali baş komandan kimi Beyləqana, Füzuliyə getməsindən bəhs edən kitabı Sizə təqdim etmək istəyirik. Onun bu səfərindən sonra Azərbaycan ordusu düşmənə bir qarış da torpaq verməmişdir.
Rus mədəniyyəti mərkəzinin direktoru SVETLANA BARİNOVA çıxışında dedi:
- Mən Rus mədəniyyəti mərkəzinə başçılıq edirəm. Rus və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı əlaqələrini yetərincə qiymətləndirmək çətindir. Bütün bunların dərin kökləri var. Azərbaycanda həmişə başa düşmüşlər ki, mlli mədəniyyətlərin çiçəklənməsi arxasında dövlətin qüdrəti durur.
Biz çox minnətdarıq. Şəhərin mərkəzində yerləşən Mədəniyyət mərkəzimizə lap çox insanlar gəlir. Onların arasında çoxlu azərbaycanlı var. Kiçik bir misal çəkim - mərkəzimizdə ənənəyə görə ən yaxşı rus mahnısı, rəqsləri və musiqisi ifaçılarının müsabiqəsi keçirilir. Bu, respublikada böyük əks-səda doğurur, bütün millətlərin nümayəndələri iştirak edirlər. Bu müsabiqədə iştirak edən 12 yaşlı Esmira Rzayeva məşhur Ruslanovanın oxuduğu “Valinki” mahnısını elə ifa etdi ki, burada, sonra isə Moskvada hamı onu alqışladı, hətta Yuri Mixailoviç Lujkov onu ayaq üstə alqışlayaraq uzun müddət “əhsən” deyə qışqırırdı. Yetirməmiz Həmid Mahmudov bizim bütün bayramların aparıcısıdır, o, Sizin atanızın, unudulmaz Heydər Əlirza oğlunun sevimlisi idi. Demək istəyirəm ki, çox gözəl gənclərimiz var, burada böyük iş görülür. Biz çox xoşbəxtik ki, bizim belə gözəl bağçamız var, orada çox maraqlı yeni il şənlikləri keçiririk. Mən çox danışmaq istəmirəm, Sizə kitab təqdim etmək istərdim, Moskvada bu yaxınlarda, çox az tirajla çıxmışdır. Sizin xanımınız Mehriban Əliyeva bizim Rusiya səfərimizə sponsorluq etdiyi üçün mərkəzimizin tarixinə düşmüşdür. Onun sayəsində Mərkəzimizin üç yetirməsi, - onlardan 2-si azərbaycanlıdır, çox istedadlı uşaqlardır, - Suzdala getmiş və orada yaradıcı adlar müsabiqəsində iştirak etmək imkanı qazanmışdır. Onlar bu müsabiqədə baş mükafatlara – Dövlət Dumasının, Moskva merinin mükafatlarına layiq görülmüşlər. Rus mədəniyyəti mərkəzi adından xanımınıza böyük minnətdarlığımızı çatdırın. Əlbəttə, bizim də problemlərimiz və çətinliklərimiz var. İstərdik ki, Mərkəzimizə gələsiniz, bizim fəxri qonağımız olarsınız. Heydər Əlirza oğlu bizim mərkəzi tanıyırdı, bizim milad bayramlarında iştirak edirdi.
Sizə böyük təşəkkürümü bildirirəm.
Sonra təşkilatın Gəncə şəhər şöbəsinin sədri, Gəncə hava limanı rəisinin müavini VALERİ KOZİN çıxış etdi. O dedi:
- Mən təşkilatın Gəncə şöbəsinin və bütün qərb bölgəsinin sədriyəm. Ərazimizdə 10 mindən çox rus və bizimlə dostluq edən rusdilli əhalinin nümayəndələri yaşayır. Biz Sizin necə bir yol keçdiyinizi bilirik. Hamımız yekdilliklə Sizə səs vermişdik. Biz gəncəlilər fəxr edirik ki, belə fəal, gözəl və gənc Prezidentimiz var. Ölkənin qərb bölgəsinin inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirik. Gündən-günə gözəlləşən Gəncə şəhərinə qayğı göstərdiyinizə görə Sizə sağ olun deyirik. Gəncə şəhərinin bütün sakinləri adından təşəkkür edirik. Mən Sizin yanınıza gəlməyə hazırlaşarkən onlar özlərinin çox böyük təşəkkürünü Sizə yetirməyi və bunu bildirməyi xahiş etdilər ki, Gəncə sakinləri Sizi sevir və Sizə hörmət bəsləyirlər, doğma şəhərimizdə Sizi qarşılamağa həmişə şaddırlar.
Hava limanının işçisi kimi mən isə Sizə həm də ona görə çox böyük minnətdarlığımı bildirmək istəyirəm ki, Siz yeni aeorovağzal kompleksinin tikintisi haqqında sərəncam vermisiniz. Onun tikintisinə yaxın vaxtlarda başlanacaqdır. Bütün aviatorlarımız adından Sizə təşəkkür edirik. Biz çox şadıq.
İLHAM ƏLİYEV: Çox sağ olun. Doğrudan da, Gəncədə gözəl dəyişikliklər baş verir. Mən məhz şəhərin özünün inkişafına çox böyük diqqət yetirirəm. Çünki Azərbaycanın zəngin tarixinin bir hissəsi bu şəhərlə bağlıdır. O, ölkənin ikinci böyük şəhəridir. Buna görə də ona xüsusi münasibət göstərilməlidir. Mən prezident seçilməzdən əvvəl də, seçildikdən sonra da orada dəfələrlə olmuşam. Biz orada yeni iş yerləri yaradılmasına, infrastrukturun yaxşılaşdırılmasına dair çox böyük proqramlar həyata keçiririk. Bilirsinizmi, biz bu ilin büdcəsini yaxşı iqtisadi göstəricilər hesabına artırmaq məsələsini müzakirə edərkən, mən şəhərdə küçələrə yenidən asfalt döşənməsi üçün xüsusi olaraq vəsait ayırdım.
Mən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla danışdım, soruşdum ki, nə qədər vəsait lazımdır. O, nə qədər vəsait lazım olduğunu dedi, mən isə bundan iki dəfə çox vəsait ayırdım. Sonra dedim ki, çatmasa, bir də xahiş edin. Çünki istəyirəm ki, uzun müddət baxımsız vəziyyətdə olmuş bu çox gözəl, qədim şəhər daha da gözəl olsun. Biz əhalinin böyük əksəriyyətinə qaz verilməsini tamamilə bərpa etdik. İşıq sarıdan həmişə problemlər olmuşdur, indi vəziyyəti yaxşılaşdırırıq. Ümumiyyətlə, abadlaşdırma sahəsində çox böyük işlər görülür.
O ki qaldı hava limanının tikintisinə, bir məsələni dəqiqləşdirmək istərdim – mən razılıq verməmişəm, bu işin təşəbbüsçüsü olmuşam. Bu, mənim təşəbbüsüm idi. Əlbəttə, hava limanı həm mənəvi cəhətdən, həm də fiziki cəhətdən köhnəlmişdir. Öz vəzifələrinin öhdəsindən gəlmir, görkəmsizdir. İndi mütəxəssislərimiz yaxşı layihə hazırlamışlar. Mən artıq ona baxmışam. Tikinti elə bu il başlanacaqdır. Gələn ildə də vəsait ayrılacaqdır. Mən tapşırmışam ki, hava limanı gələn ilin axırınadək tamamilə yenidən qurulsun. Təkcə hava limanının binası deyil, ən ağır təyyarələri qəbul etmək mümkün olsun deyə, hər şey, o cümlədən uçuş zolağı da yenidən qurulmalıdır. Hava limanından qərb istiqamətindəki avtomobil magistralınadək olan yol da yenidən çəkiləcəkdir. O da yenidən qurulur. Bakı ilə Gəncə arasında elə yol olacaq ki, o yolla getmək sizə çox xoş təsir bağışlayacaqdır.
Əlbəttə, mən Cavad xanın mavzoleyinin necə ucaldılması ilə, meydanın necə yenidən qurulması ilə ətraflı məşğul olacağam. Çox şadam ki, şəhər rəhbərliyi belə fəal işləyir. Rəhbərlik insanların rifahı üçün hər şey etdikdə, ona kömək göstərmək bizim üçün də asan olur. Amma görəndə ki, nə qədər kömək etsək də, bunun bir nəticəsi olmur və hər şey əbəsdir, onda, əlbəttə, biz ölçü götürürük. Mənə çox xoşdur ki, Gəncənin siması dəyişir. Məndən gəncəlilərə çoxlu salam yetirin.
Təşkilatın üzvü, İsmayıllı rayonundakı Nikitin adına kolxozun sədri NİKOLAY MİNNİKOV onlara Prezidentlə görüşmək və ünsiyyətdə olmaq imkanı verildiyinə görə dövlətimizin başçısına təşəkkür etdi. O dedi:
- Bu, bizim üçün böyük şərəf və fəxrdir. Əlbəttə, biz burada nədən söhbət getdiyi barədə kollektivlərimizdə danışacağıq.
İlham Heydər oğlu, bizim İvanovka kəndi Azərbaycanda rusların yaşadığı ən iri məntəqələrdən biridir. Orada üç mindən çox adam yaşayır. Sizə minnətdarlıq hissi ilə demək istəyirəm ki, bu kənd ancaq mərhum Heydər Əlirza oğlunun sayəsində qalmışdır. Allah ona rəhmət eləsin. Biz onu çox sevirdik. O, kəndimizdə iki dəfə olmuşdu – 1981-ci ildə zəlzələ zamanı və 1982-ci ildə. Heydər Əlirza oğlunun Azərbaycanda sabitliyi bərqərar etməsi sayəsində kəndimizdə də sabitlik yarandı. Cavanlarımız orduda xidmət etməmək üçün müxtəlif yollarla Rusiyaya gedirdilər, hərbi xidmətə getməkdən çox qorxurdular. İndi 140-dək gəncimiz Azərbaycanın milli ordusunda xidmət edir. Biz onları təntənə ilə yola salır, təntənə ilə də qarşılayırıq.
Mən burada Prezidentimiz İlham Heydər oğlunun ünvanına söylənilmiş bütün səmimi sözlərə qoşuluram. Sizə arzu və xahişimizi də yetirmək istərdim. Hesab edirəm, əgər Sizin köməyinizlə kəndimizi və kollektivimizi saxlaya bilsək, həyatımız da belə gözəl olacaqdır. Adamlarımız, bütün kollektivimiz Sizə çox böyük salam göndərir, xalqın və ölkənin rifahı naminə geniş, çətin fəaliyyətinizdə Sizə uğurlar arzulayırlar. Görüşə və səmimi sözlərə görə sağ olun.
İLHAM ƏLİYEV: Sağ olun. Şadam ki, Sizdə hər şey yaxşıdır. Heydər Əlirza oğlunun kəndinizə və orada yaşayan vətəndaşlara necə münasibət bəslədiyini bilirsiniz. Azərbaycanda torpaq islahatı başlandıqda o, yeganə kolxoz idi ki, xüsusi status aldı. Bu, yenə də ümummilli liderimiz Heydər Əlirza oğlunun müdrikliyidir. Müdriklik də bundadır ki, o, hər bir məsələyə fərdi şəkildə yanaşırdı. Bunun özü də bizim üçün böyük məktəbdir. Mənə çox xoşdur ki, Sizin bütün işləriniz yaxşı gedir. Bu xüsusi status gələcəkdə də saxlanılacaqdır. Sizə necə münasibdirsə, necə yaxşıdırsa, elə də olacaqdır. Köməyə tam ümid bəsləyə bilərsiniz. Hamıya salam yetirin. İsmayıllı rayonunda olanda, kəndinizə də gələcəyəm.
Təşkilatın üzvü, Sabunçu rayon polis şöbəsinin əməkdaşı, şəhid Milli Qəhrəman Əlif Hacıyevin həyat yoldaşı QALİNA HACIYEVA çıxışında dedi:
- Cənab Prezident, bizim ailəmiz beynəlmiləldir, ərim həlak olandan sonra mən burada yaşayıram. Heydər Əlirza oğlu ilə bir neçə dəfə görüşmüşdük. Uşaqlarım süfrə arxasında onun yanında oturmuşdular, onunla necə plov yediklərini və Heydər Əlirza oğlunun onlara necə xörək çəkdiyini indiyədək xatırlayırlar. Allah rəhmət eləsin! Əlbəttə, o, dövlətimizin görkəmli lideri idi.
Heydər Əlirza oğlundan sonra bu yolu Sizin davam etdirməyiniz çox xoşdur. Biz Sizi tamamilə dəstəkləyirik. Hər şeyə görə çox sağ olun. Biz burada azad yaşayırıq. Bura bizim vətənimizdir. Ərim həlak olandan sonra mən uşaqlarla burada qaldım, çünki Azərbaycanı öz vətənim bilirəm. Heç bir ayrı-seçkilik görmürəm. Çox sağ olun.
MİXAİL ZABELİN: Bizim gənclər, rus gəncləri Azərbaycan dilini, dövlət dilini, demək olar, bilmirlər. Bu, çox böyük mənfi haldır. Biz bu vəziyyəti öz qüvvəmizlə düzəltməyə çalışırıq. Axı, Azərbaycanda yaşamaq, ictimai-siyasi fəallıq göstərmək, yaxşı vəzifələrdə işləmək üçün, şübhəsiz, dövlət dilini bilmək lazımdır. Bu, çox düzdür. Lakin bununla yanaşı, keçmişin səhvlərini düzəltmək üçün insanları buna istiqamətləndirmək lazımdır. Zənnimcə, təhsil müəssisələrində Azərbaycan dilinin öyrədilməsini gücləndirmək, yaxşılaşdırmaq üçün, eyni zamanda, orta, ali məktəbləri çoxdan bitirmiş adamlara dili öyrənməkdə kömək etmək üçün hökumət müəyyən addımlar atmalı, müəyyən tədbirlər görməlidir. Mənə elə gəlir ki, bu, çox vacibdir. Hesab edirəm ki, Azərbaycan dilinin öyrədilməsinin texniki bazası çox zəifdir. Lüğətlər, dili müstəqil öyrənməyə kömək edən vəsait, audio-video yazılar, demək olar, yoxdur. İndi biz öz qüvvəmizlə Mədəniyyət mərkəzində, rayon təşkilatlarında təlim kursları yaratmağa çalışırıq. Lakin bütün bunlar ictimai əsaslarladır. Görək, bir şey çıxacaqmı. Amma gərək hökumət də bir iş görsün.
İLHAM ƏLİYEV: Mütləq bunu etmək lazımdır. Azərbaycan dilini müstəqil öyrənmək üçün vəsait hazırlamaq gərəkdir. Bir vaxt rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər nəşr olunmuşdu. Lakin onlar artıq köhnəlibdir. Onları təzələmək, kurslar təşkil etmək lazımdır.
MİXAİL ZABELİN: İkinci mühüm məsələ, oktyabrın 19-da biz Ümumrusiya Azərbaycan Konqresinin qurultayında iştirak edəcəyik. Rusiyadakı Azərbaycan diasporu ilə gözəl əlaqələrimiz var. Biz onlarla işgüzar əlaqələr saxlayırıq. Lakin düzünü deyəcəyəm, biz onlara həsəd aparırıq, çünki Rusiyada Azərbaycan biznesi inkişaf etmişdir. Bizim respublikada isə rus biznesi qətiyyən inkişaf etməyibdir.
Ölkəmizin iqtisadiyyatında rus biznesmenlər yoxdur. Bu da mənfi haldır, çünki öz işi olan və bu işlə bağlı olan adam heç yana getmək istəmir. Hesab edir ki, bura onun torpağıdır. Ona görə də heç yerə getməyə çalışmır. Biz bu məsələlərlə də məşğul oluruq. İşgüzar adamların “Rus dünyası” assosiasiyasını yaratmışıq. Bu assosiasiya İşgüzar əməkdaşlıq palatasına daxil olmuşdur. İndi biz bütün bunları qaydasına salmağa çalışırıq. Sözsüz ki, bizə şəhər icra hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi gərəkdir. Biz onlarla görüşəcəyik. Düşünürəm ki, onlar proqramlarımızın həyata keçirilməsində köməklərini əsirgəməyəcəklər.
İLHAM ƏLİYEV: Bütün məsələləri həll etməyə çalışacağam ki, Azərbaycanda ruslar üçün daha yaxşı olsun, sakitlik olsun, rus icması daha mütəşəkkil olsun. Dövlətimizin gücü də bax, bundadır. Biz ona görə güclüyük ki, birlikdəyik. Xalqların qarşılıqlı mədəni zənginləşməsi prosesi çox mühüm prosesdir. Qapalı şəkildə yaşayan xalqlar, monorespublikalar özlərini qarət edirlər. Onlar özlərinə qapılırlar, bu isə, əslində, onların təklənməsinə, təcrid olmasına gətirib çıxarır. Biz isə tərəqqiyə, yaxşılığa can atmalı, bir-birimizdəki ən yaxşı cəhətləri əxs etməyə çalışmalıyıq. Əsrlər boyu necə dostluq etmişiksə, eləcə də dostluq edəcəyik.
Azərbaycanda rus icmasının formalaşması işindəki böyük uğurlar münasibətilə sizi bir daha təbrik edir və arzulamaq istəyirəm ki, qurultayınız yaxşı keçsin. Xahiş edirəm, mənim ən yaxşı arzularımı və xoş niyyətlərimi təşkilatın hər bir üzvünə, Azərbaycanın hər bir rus vətəndaşına yetirəsiniz. Sağ olun.
X X X
Qəbul başa çatdıqdan sonra onun iştirakçıları Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.
Milli siyasət üzrə dövlət müşaviri Hidayət Orucov qəbulda iştirak edirdi.