AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN NƏQLİYYAT NAZİRİNİ QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyev qonağı səmimiyyətlə salamlayaraq vurğuladı ki, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əlaqələr inkişaf etməkdədir. Ölkələrimizin müxtəlif dövlət və hökumət strukturları, eləcə də ayrı-ayrı nazirlikləri arasında da əlaqələr genişlənir.
Dövlətimizin başçısı bu baxımdan Rusiyanın nəqliyyat nazirinin səfərinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının, ümumən iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu vurğuladı.
Nəqliyyat sahəsinin iqtisadiyyatın mühüm tərkib hissələrindən biri olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artdığı bir dövrdə ölkələrimizin nəqliyyat sistemlərinin əməkdaşlığını daim genişləndirməyin vacibliyini, bunun üçün böyük potensialın olduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab İqor Levitin Bakıya səfərinin çox səmərəli keçdiyini söylədi. Nazir xatırlatdı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə SSRİ-nin rəhbərlərindən biri olarkən nəqliyyat sahəsinə də kuratorluq edirdi. Heydər Əliyev Baykal-Amur magistralı kimi dünyada analoqu olmayan nəhəng tikintiyə bilavasitə rəhbərlik edirdi və Xabarovsk vilayətində BAM-ın “qızıl bəndi”nin vurulmasında iştirak etmək üçün vilayətə səfəri zamanı mən Urqal qəsəbəsinin komendantı işləyirdim. Həmin vaxt cənab Heydər Əliyev ilə görüşməyimi özüm üçün böyük şərəf sayır və indiyədək bu görüşü məmnunluqla xatırlayıram.
Rusiya naziri bildirdi ki, ölkələrimizin nəqliyyat qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret addımlar atılmış və müvafiq sənədlər imzalanmışdır. Hazırda hər iki tərəfin mütəxəssisləri bu istiqamətdə sıx əməkdaşlıq edirlər. Qonaq ümidvar olduğunu söylədi ki, ölkələrimizin nəqliyyat sahəsində əlaqələri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sonra nazir İqor Levitin ümummilli liderimiz Heydər Əliyevin fotoportretini Azərbaycan Prezidentinə təqdim etdi.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdıkin qəbulda iştirak edirdilər.