RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏKİ RAYONUNA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 12-də axşam Şəkiyə gələn Azərbaycan Prezidenti İlham Əliyevin bu rayona səfəri ertəsi gün Heydər Əliyev muzeyi ilə tanışlıqla başlanmışdır.
Dövlətimizin başçısı İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı burada böyük hörmətlə qarşıladılar. Prezident və ailə üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu, yeni salınmış parkı seyr etdilər.
Muzeylə tanışlıq zamanı direktor İradə Abdullazadə bildirdi ki, 2005-ci il dekabrın 8-də istifadəyə verilmiş və bu ilin fevralında rəsmi status almış muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən yeddi fotoguşə yaradılmışdır. Bunlar uşaqlıq və gənclik illərini (1923-1944), dövlət təhlükəsizliyi orqanlarında işlədiyi dövrü (1944-1969), Azərbaycana rəhbərliyinin birinci dövrünü (1969-1982), SSRİ-nin rəhbərlərindən biri olduğu dövrü (1982-1987), istefa verdikdən sonra Moskvada yaşadığı illəri (1987-1990), Naxçıvan dövrünü (1990-1993) və nəhayət, Azərbaycana rəhbərliyinin ikinci dövrünü (1993-2003) əhatə edir. Ayrıca bir guşədə ulu öndər haqqında yazılmış kitablar toplanmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, muzeyə Şəki sənətkarı tərəfindən hazırlanmış “Ömür saatı” adlı hədiyyə təqdim olunmuşdur. Burada saat əqrəbləri yeddinin üzərində dayanmışdır ki, bu da ulu öndərin dünyasını dəyişdiyi anı göstərir. Şəki sənətkarının əl işində ümummilli liderin 29 min 436 gün həyatda yaşadığı əks olunmuşdur. Bu rəqəm Azərbaycanın xəritəsi üzərində şərq ornamenti ilə həkk edilmişdir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyinin ekspozisiyası ulu öndərin həyat və fəaliyyəti haqqında dolğun məlumat verir.
Heydər Əliyev öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Azərbaycan Respublikasının inkişafında, müstəqilliyimizin möhkəmlənməsində Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu vardır.
Bu gün ölkəmiz Heydər Əliyev yolu ilə uğurla inkişaf edir. O cümlədən Şəki şəhərinin inkişafında müsbət nailiyyətlər vardır.
Bütün şəkililərə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Şəki, 13.04.2006-cı il”.