RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ JANDARMA QÜVVƏLƏRİNİN BAŞ KOMANDANI İŞIK KOŞANERİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Prezident sarayında Türkiyə Jandarma Qüvvələrinin Baş komandanı İşık Koşaneri qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iqtisadi, siyasi, hərbi sahələrdə ölkələrimizin bir-birinə dəstək verdiyini bildirdi.
Türkiyəyə builki səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev, eyni zamanda, Türkiyənin rəsmi nümayəndə heyətlərinin mütəmadi olaraq ölkəmizə səfər etmələrini əlaqələrimizin inkişafı üçün yaxşı nümunə olduğunu vurğuladı. Dövlətimizin başçısı dedi ki, bu il ölkələrimizin tarixində böyük bir hadisə baş verib - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri işə salınıb ki, bu da Azərbaycan və Türkiyə xalqları üçün, habelə bölgədə sülhün, sabitliyin, firavanlığın əldə olunması üçün böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev respublikamızın daxili qoşunları ilə Türkiyə Jandarma Qüvvələri arasında əməkdaşlığın möhkəmlənməsinin ikitərəfli münasibətlərimizdə əhəmiyyətini vurğuladı. Türkiyə Jandarma Qüvvələrinin böyük təcrübəyə malik olduğunu xatırladan dövlətimizin başçısı, Azərbaycanın daxili qoşunlarının da təcrübə qazandığını qeyd etdi.
Cənab İşık Koşanerin səfərinin Azərbaycanın Daxili Qoşunları ilə Türkiyənin Jandarma Qüvvələri arasında təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bu səfərin səmərəli keçəcəyinə əminliyini bildirdi.
Azərbaycan və Türkiyə silahlı qüvvələri, o cümlədən Daxili Qoşunlarla Jandarma Qüvvələri arasında illərdən bəri uğurla davam edən əməkdaşlıqdan razılıqla bəhs edən cənab İşık Koşaner bu işlərdə şəxsən iştirak etməsindən böyük məmnunluq duyduğunu söylədi. Bu əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan qonaq Azərbaycanda bu sahədə görülən işlərlə yaxından tanış olmaq üçün indiki səfərin yaxşı imkan yaratdığını və bundan böyük məmnunluq duyduğunu bildirdi.