AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN “ALARKO” ŞİRKƏTİNİN PREZİDENTİ İSHAQ ALATONU QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Prezident sarayında Türkiyənin “Alarko” şirkətinin prezidenti İshaq Alatonu qəbul etmişdir.
Azərbaycana gəlməyindən böyük fərəh hissi duyduğunu bildirən qonaq xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini daim məmnunluqla xatırladığını, bu görüşlərin onda böyük təəssürat yaratdığını söylədi.
Azərbaycanda gedən sürətli inkişafı görməkdən qürur duyduğunu nəzərə çarpdıran İshaq Alaton xarici sərmayədarlar üçün Azərbaycanda gözəl iş şəraiti yaradıldığını bildirdi.
Dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanda çoxlu sayda Türkiyə şirkətinin və iş adamlarının fəaliyyət göstərdiyini nəzərə çarpdırdı. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının daim inkişaf edəcəyinə, möhkəmlənəcəyinə əmin olduğunu söylədi.