AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN İĞDIR VİLAYƏTİNİN VALİSİ SAİM SAFFET KARAHİSARLINI QƏBUL ETMİŞDİR
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərimizin dostluq, qardaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı İğdır vilayəti ilə əlaqələrə xüsusi önəm verildiyini bildirdi. İğdır vilayətinin iş adamları tərəfindən Naxçıvan Muxtar Respublikasına sərmayələr qoyulmasından və bu əlaqələrin ildən-ilə genişlənməsindən razılıqla bəhs edən Prezident İlham Əliyev İğdırın bələdiyyə sədri Nurəddin Aras ilə tez-tez görüşdüyünü nəzərə çatdırdı.
İğdır valisi Saim Saffet Karahisarlının ölkəmizə ilk dəfə səfərə gəlməsindən məmnunluğunu vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, İğdır vilayəti ilə Azərbaycanın bir sıra bölgələri arasında əlaqələr bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Azərbaycana ilk dəfə səfərə gəlməsinə baxmayaraq, ölkəmizdə özünü evindəki kimi hiss etdiyini bildirən Saim Saffet Karahisarlı respublikamızda aparılan böyük quruculuq işlərini öz gözləri ilə görməkdən çox şad olduğunu söylədi. O, Azərbaycan iqtisadiyyatının çox böyük sürətlə inkişaf etməsinin qürur doğurduğunu vurğulayaraq dedi ki, bu, ölkənin bölgələrində də özünü göstərir. Biz Şamaxıya səfərimiz zamanı bu inkişafı öz gözümüzlə gördük. Orada İğdır və Şamaxının qardaşlaşmış şəhərlər olması barədə protokol imzalamışıq. Bu, qardaş ölkələrimizin iki şəhəri arasında hərtərəfli əlaqələr qurulmasına imkan yaradacaqdır.