RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMDÜNYA TURİZM TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Françesko Franjiallini qəbul etmişdir.
ÜTT-nin baş katibi Françesko Franjialli vaxtilə Azərbaycanda olduğunu, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevlə görüşünü məmnunluqla xatırlatdı. O, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin V Konfransının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirdi.
Prezident İlham Əliyev ÜTT-nin baş katibinin ölkəmizə səfərinin turizmin inkişafı ilə əlaqədar Azərbaycanda görülən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaratdığını söylədi.
Dövlətimizin başçısı İKT ölkələri turizm nazirlərinin V Konfransının önəmini xüsusi vurğuladı, Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra genişlənəcəyinə ümidvar olduğunu bildirdi.