AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN RUSİYA MİLLİ SƏRGİSİNDƏ OLMUŞLAR
Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev adına İdman-Sərgi Kompleksində “Rusiya və Azərbaycan: strateji tərəfdaşlıq” devizi ilə keçirilən Rusiya milli sərgisində olmuşlar.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini kompleksin girişində səmimiyyətlə və mehribanlıqla qarşıladı.
Milli geyimli qızlar dövlət başçılarına tatar milli şirniyyatı - çakçak təqdim etdilər.
RF İqtisadi İnkişaf və Ticarət Nazirliyi və Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunmuş sərgidə ölkənin regionlarının, o cümlədən Moskva, Sankt-Peterburq, Tatarıstan Respublikası, Kabarda-Balkariya Respublikası, Mordva Respublikası, Stavropol diyarı, Omsk, Ulyanovsk, Sverdlovsk, Həştərxan, Kurqan, Penza, Saratov və Çelyabinsk vilayətlərinin, digər regionların 12 kollektiv ekspozisiyası nümayiş etdirilir. Rusiya Fövqəladə Hallar Nazirliyi ayrıca stenddə təmsil olunmuşdur.
Ekspozisiyada neft-mədən avadanlığı və texnoloji avadanlıq, qara metallar prokatı və armaturlar, borular, elektrotexnika avadanlığı, kimya və meşə sənayesi məhsulları, tikinti avadanlığı, tibb texnikası, yeyinti sənayesi məhsulları, nəqliyyat (minik avtomobilləri, maşın və mexanizmlər), aqrar-sənaye texnologiyaları göstərilir.
Prezidentlər ölkəmizdə başlanan Rusiya İli çərçivəsində açılmış sərginin ekspozisiyasına baxdılar. “Ümumrusiya Sərgi Mərkəzi” ASC-nin baş direktoru Məhəmməd Musayev dövlət başçılarına Rusiya müəssisələrinin sərgidə nümayiş etdirilən məhsulları barədə ətraflı məlumat verdi. O bildirdi ki, istər sərginin, istərsə də onun işgüzar proqramının hazırlanması prosesində Rusiya biznesindən ikitərəfli münasibətlərin inkişafına, Azərbaycanda diler əlaqələri yaradılmasına dair bir çox maraqlı təkliflər alınmışdır. Təşkilatçıların fikrincə, sərgi danışıqlar aparılması və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan olacaqdır.
Rusiya işgüzar dairələrinin sərgidə iştirak edən nümayəndələri arasında həmvətənlərimiz də var. Məsələn, “Ulyanovsk motor zavodu” Ticarət Evi” MMC-nin məhsulunu müəssisənin baş direktorunun müavini, Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Şakir Göyüşov təqdim etdi.
Prezidentlər sərgidə Moskva hökuməti tərəfindən təqdim olunmuş və 18 müəssisənin məhsulunun nümayiş etdirildiyi ən böyük bölməyə də baxdılar.