AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNANISTAN RESPUBLİKASININ SƏFİRİ MERKURİOS KARAFOTİASI QƏBUL ETMİŞDİR
Səfir Karafotias Prezident seçilməsi münasibətilə Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulosun təbrik məktubunu İlham Əliyevə təqdim etmiş, Yunanıstanın dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə uğur dilədiklərini bildirmişdir.
Səfir Karafotias Azərbaycanda səfirliyin işinə yaxşı şərait yaradıldığına görə Azərbaycan Prezidentinə təşəkkür etmişdir. Səfir Bakını özünün ikinci vətəni saydığını, burada insanların yeni seçilmiş Prezidentə böyük məhəbbətinin şahidi olduğunu qeyd etmiş və Yunanıstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazır olduğunu onun nəzərinə çatdırmışdır.
Azərbaycan Prezidenti təbrik məktubuna görə minnətdarlığını bildirmiş, səfirdən onun salamlarının Yunanıstanın Prezidentinə və Baş nazirinə çatdırmasını xahiş etmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında təşəkkül tapmış qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə etmiş, bu münasibətlərin bundan sonra da inkişaf etməsinin tərəfdarı olduğunu bildirmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, bəzi beynəlxalq əməkdaşlıq layihələrinin reallaşdırılması, xüsusilə Azərbaycanın enerji daşıyıcılarının Yunanıstan vasitəsilə Avropaya ötürülməsi sahəsində yaxşı perspektivlər var və onların həyata keçirilməsi regionun iqtisadi inkişafına, sabitliyinin və təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Görüşdə ölkələrimizi maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda Yunanıstan Respublikasının səfiri Karafotias Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin
mətbuat xidməti.