RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AVROPA KOMİSSİYASININ SƏDRİ JOZE MANUEL BARROZU İLƏ GÖRÜŞÜ
Cənab Barrozu Azərbaycan ilə əməkdaşlığın səviyyəsinin yaxşı olduğunu bildirərək dedi ki, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür. O, Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında imzalanacaq enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun əhəmiyyətini vurğuladı, Azərbaycanın Avropaya inteqrasiyasının Avropa Birliyi üçün də vacibliyini bildirdi. Cənab Barrozu dedi ki, biz Azərbaycanın Avropa Birliyi ilə əlaqələrini yüksək qiymətləndiririk, qonşuluq siyasəti çərçivəsində işbirliyindən məmnunuq, əlaqələrimizdə iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlıq mühüm yer tutur. Bununla yanaşı, demokratik dəyərlər baxımından da əməkdaşlığımız faydalıdır. Elə etməliyik ki, həm Azərbaycan əhalisi, həm də Avropa Birliyi ölkələrinin əhalisi bunun əməli nəticələrini görsün.
Avropa Birliyi ilə əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və demokratik islahatlar barədə ətraflı söhbət açdı və bildirdi ki, bütün sahələrdə Avropa dəyərlərinə qovuşmağın bizim üçün böyük əhəmiyyəti var. Dövlətimizin başçısı Azərbaycanın Avropa Birliyinə töhfəsindən də danışaraq, ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və geniş nəqliyyat infrastrukturu olduğunu vurğuladı və dedi ki, bu baxımdan Azərbaycan da Avropa üçün böyük əhəmiyyət daşıyır.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də toxunuldu. Prezident İlham Əliyev danışıqlar prosesinin hazırkı mərhələsi, eləcə də Azərbaycanın bu məsələdə mövqeyi barədə məlumat verdi.
Avropa Komissiyasının sədri dedi ki, biz yalnız enerji sahəsində deyil, digər sahələrdə də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.