AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BANQLADEŞİN BAŞ NAZİRİ XALİDƏ ZİYA RƏHMAN İLƏ GÖRÜŞÜ
Prezident İlham Əliyev son on ildə ölkəmizdə iqtisadi inkişaf sahəsində gedən proseslər barədə xanım Xalidə Ziya Rəhmana ətraflı məlumat verdi.
Dövlətimizin başçısı ölkəmizin ən ağrılı problemi - 1988-ci ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və onun ağır nəticələrindən söhbət açdı. Bildirdi ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuşdur, 1 milyon insan qaçqın-köçkün vəziyyətində, dözülməz şəraitdə yaşayır. Prezident İlham Əliyev Banqladeşin Azərbaycanın mövqeyini BMT çərçivəsində dəstəkləməsinə görə Baş nazirə minnətdarlığını bildirdi.
Baş nazir Xalidə Ziya Rəhman bu yaxınlarda Azərbaycanın Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik etdi. O xatırlatdı ki, hələ Sovet İttifaqı dövründə Azərbaycanda Banqladeşdən gəlmiş çoxlu tələbə təhsil almışdır və indi onlar yüksək ixtisaslı mütəxəssis kimi ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla çalışırlar. Baş nazir dedi ki, biz bu ənənənin davam etdirilməsini istəyirik.
Banqladeş hökumətinin başçısı Prezident İlham Əliyevin sammitdəki məzmunlu çıxışını yüksək qiymətləndirdi, Azərbaycana geniş həcmdə sərmayə axınını hökumətin səmərəli fəaliyyətinin nəticəsi olduğunu bildirdi və respublikamızın rəhbərini bu uğur münasibətilə təbrik etdi.
Xanım Xalidə Ziya Rəhman Azərbaycan Prezidenti İlham Əliyevi Banqladeşə rəsmi səfərə dəvət etdi. Dəvət razılıqla qəbul olundu.
Görüşdə ölkələrimizi maraqlandıran bir sıra məsələlər də müzakirə edildi.