AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Sizin gözəl şəhərinizdə olmağımdan çox böyük məmnunluq hissi keçirirəm. Mən artıq iki gündür ki, Sloveniyadayam, Lyublyana şəhərindəyəm. Hələ şəhərlə çox yaxından tanış ola bilməsəm də, maşında gedərkən binalara baxanda görürəm ki, çox gözəl şəhərdir. Çoxlu tarixi binalar var və onlar çox yüksək səviyyədə qorunur. Bu gün isə mən şəhərlə yaxından tanış olacağam və əminəm ki, ilkin gözəl təəssürat daha da möhkəmlənəcəkdir.
Sizin şəhəriniz çox böyük və qədim tarixə malikdir. Tarixi abidələri qoruyub saxlamaq və onları bərpa etmək, əlbəttə ki, sizin öz doğma tarixinizə olan münasibətdən irəli gəlir. Burada həm çox gözəl və zəngin təbiət mövcuddur, eyni zamanda, gözəl tarixi binalar Lyublyananın özünəməxsus simasını əks etdirir. Bütövlükdə Sloveniyanın son illər ərzində əldə etdiyi uğurlar bir dost kimi məni çox sevindirir. Ölkəniz bütün sahələrdə, o cümlədən həm siyasi, həm də iqtisadi cəhətdən çox sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Avropa İttifaqının ən yüksək mükafatı məhz Lyublyana şəhərinə verilmişdir.
Hörmətli xanım mer, bu fürsətdən istifadə edib sizi Bakıya dəvət edirəm. Güman edirəm ki, Bakı ilə tanışlığınız sizdə də çox gözəl təəssüratlar yaradacaq və bizim şəhərlərimiz bir-biri ilə əməkdaşlıq edəcəkdir. Mən artıq ikinci gündür ki, Lyublyanadayam. Sabah da burada olacağam və deyə bilərəm ki, ilk dəqiqələrdən çox böyük qonaqpərvərliklə üzləşmişəm. Mən və bizim bütün nümayəndə heyətimiz burada özümüzü çox yaxşı hiss edirik. Bu qonaqpərvərliyə görə sizə və bütün sloveniyalı dostlarımıza öz minnətdarlığımı bildirirəm.
Sağ olun.
X X X
Səfərə dəvətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən xanım Danika Simşiç Mehriban xanım Əliyevaya gül dəstəsi, Prezident İlham Əliyevə xatirə olaraq üzərində Lyublyananın rəmzi olan hədiyyə təqdim etdi.
Prezident İlham Əliyev meriyanın fəxri qonaqlar kitabını imzaladı.