Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Çox sağ olun. Məni təqdim etdiyinizə görə minnətdaram. Mənə göndərilmiş dəvətə görə minnətdarlığımı bildirirəm.

Biz burada tərəfdaşlığımızı və son siyasi-iqtisadi məsələləri, regionumuzda və Azərbaycanda gedən prosesləri müzakirə edəcəyik. Bu gün səhər Brüsseldə Avropa Komissiyasının sədri cənab Barrozu ilə, cənab Solana, cənab Borrel və digər rəsmilərlə çox səmərəli görüşlərim olubdur. Görüşlərimiz zamanı əməkdaşlığımızın nəticələrini nəzərdən keçirdik.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra biz əməkdaşlığımızı inkişaf etdiririk. Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsi üçün çox işlər görülübdür. Biz hər zaman Avropa İttifaqının güclü dəstəyini hiss etmişik və buna görə sizə olduqca minnətdarıq. Bu dəstək Azərbaycanın müstəqilliyinin ilk illərində xüsusilə duyulurdu. Çünki keçmiş sovet respublikaları arasında Azərbaycan, bəlkə də, ən ağır vəziyyətdə idi.

Ölkəmizdə siyasi və iqtisadi böhran mövcud idi, torpaqlarımız Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdu, vətəndaş müharibəsi gedirdi. Bütün bunlar ölkədə hərbi dövlət çevrilişi etmək cəhdləri ilə nəticələndi. Bir sözlə, ölkəmiz dağılmaq üzrə idi. Biz çalışdıq ki, öz səylərimizlə problemləri həll edək və çətinlikləri aradan qaldıraq. Biz bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan öz müstəqilliyini qorumağa qadir olan ölkədir.

Keçmiş Sovet İttifaqının digər respublikaları kimi, bizim üçün də müstəqillik böyük bir hədiyyə idi. Lakin ən çətini müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək və müstəqil ölkə kimi yaşamağa qadir olduğumuzu xalqımıza sübut etmək idi. Bu cür çətin və mürəkkəb şəraitdə biz Avropa İttifaqının güclü dəstəyini hiss etdik və 400 milyon avrodan çox maliyyə yardımı aldıq. Bu maliyyə yardımı iqtisadi islahatların, eyni zamanda, siyasi islahatların aparılması üçün vacib idi.

Bir sözlə, bizim əməkdaşlığımızın çox yaxşı tarixi var və bu gün artıq yeni mərhələ ərəfəsindəyik, əməkdaşlığımızın yeni səhifəsini açırıq. İlk növbədə onu deməliyəm ki, bu səhər cənab Barrozu ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzaladıq. Hesab edirəm ki, bu sənəd əsasında bir çox sahələrdə əməkdaşlığımızı daha təfərrüatlı və hərtərəfli formada qura biləcəyik. Birgə səylər nəticəsində gələn həftə burada, Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaza aid yeni qonşuluq siyasəti çərçivəsində yeni addımlar atmağa başlayacağıq və bu da Azərbaycanın gələcək inkişafına böyük təsir göstərəcəkdir.

Gələn beş il ərzində yeni qonşuluq siyasətinin həyata keçirilməsi sayəsində biz öz meyarlarımızı Avropa İttifaqının meyarlarına yaxınlaşdıracağıq. Bizim ümumi dəyərlərimiz var. Biz Azərbaycanı müasir, demokratik, iqtisadi və siyasi baxımdan güclü və etibarlı tərəfdaş ölkəyə çevirmək əzmindəyik. Ümid edirəm ki, Avropa İttifaqının yeni qonşuluq siyasəti bu məqsədə nail olmaqda bizə yardım edəcəkdir. Gələn beş il ərzində biz bir çox məsələlərə diqqət yetirəcəyik. Xüsusən də iqtisadi islahatları davam etdirəcək və regional səviyyədə, Avropa İttifaqı -Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi gücləndirəcəyik.

Bundan başqa, siyasi islahatlar davam etdiriləcəkdir. Azərbaycanda qanunun aliliyi tam bərqərar olunacaq, demokratikləşmə prosesi gedəcək və bütün bunlar məqsədlərimizə çatmaqda bizə yardımçı olacaqdır. Demək olar, bizim xüsusi imkanlarımız var ki, ölkəmizi hər cəhətdən gücləndirək. Təbii ki, Brüsseldə noyabr ayında baş verən bu iki mühüm hadisə bizim əməkdaşlığımızı və gələcəyimizi yetərli dərəcədə müəyyən edəcəkdir. Açdığımız yeni səhifə hər iki tərəfə fayda gətirəcək və əməkdaşlığımızı daha uğurlu edəcəkdir.

Hazırda Azərbaycanda apardığımız açıq qapılar siyasətinin nəticələrini görürük. Bu siyasət 1990-cı illərin ortalarından aparılmağa başlanmışdır. Azərbaycan xarici sərmayələr üçün açıq olan bir ölkə idi. Lakin bu, kifayət etmədi. Ona görə də o vaxt biz həmin sərmayələri cəlb etməyə çalışdıq. Ölkədə siyasi riskləri azaltmağa çalışdıq və bu baxımdan xarici sərmayədarları cəlb edə bildik və onlarla lazımi əməkdaşlığı qurduq.

Son on il ərzində Azərbaycana milyardlarla dollar sərmayə qoyulması onu göstərdi ki, ölkəmizin iqtisadi inkişafı düzgün gedir. Birbaşa xarici sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan nəinki keçmiş sovet respublikaları arasında, ola bilsin ki, daha geniş bir sahədə ilk yeri tutan ölkədir. Bizim ölkədə xarici sərmayələr üçün əlverişli şərait yaradılıb və bu baxımdan Azərbaycan aparıcı ölkələrdən biridir.

Olduqca qətiyyətli iqtisadi islahatlar siyasəti nəticəsində 1996-cı ildən 2004-cü ilə qədər ölkəmizdə ÜDM-in illik artımı 10 faiz səviyyəsində olmuşdur. Ötən il, 2005-ci ildə ÜDM-in artımı 26 faiz, cari ilin 9 ayı ərzində 34 faiz təşkil etmişdir. Bizim iqtisadiyyatımız çox sürətlə, hətta deyərdim ki, bütün dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bir sözlə, ölkəmizin iqtisadi həyatındakı bu müsbət meyil davam edəcək və Azərbaycanın bütün iqtisadi və sənaye infrastrukturunun müasirləşdirilməsinə imkan yaradacaqdır. Biz bunu etməliyik. Çünki bu gün mövcud sənaye infrastrukturu artıq köhnəlibdir. Bu, Sovet İttifaqının böyük bazarı üçün yaradılmışdı və indi təmir və bərpa işlərinə ehtiyacı vardır. Biz yeni infrastruktur yaradırıq. Bu baxımdan peşəkar kadrların hazırlanması da siyasətimizdə mühüm yer tutur. Öz təbii sərvətlərimizi və onlardan gələn gəlirləri insan kapitalına çevirmək üçün beynəlxalq maliyyə təsisatları ilə işləyir, tərəfdaşlarımızla əməkdaşlıq edirik və təhsil, informasiya texnologiyaları, səhiyyə sahələrinə xüsusi diqqət yetiririk. Bunlar sosial rifahın əsasıdır.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına çox diqqət yetiririk. Hazırda bu sahənin inkişafı bizim gündəliyimizdə əsas yer tutan məsələdir. Ona görə də hesab edirəm ki, sürətli iqtisadi inkişaf bu məqsədlərə nail olmaqda bizə kömək edəcəkdir. Bizim vəziyyətdə olan, yəni 1990-cı illərdəki vəziyyəti yaşamış hər hansı bir ölkəyə baxsanız görərdiniz ki, əsas məsələ ölkənin cəlbediciliyinə nail olmaqla bağlı idi. Keçmiş Sovet İttifaqında Azərbaycanın iqtisadiyyatı, əsasən, məhz neftlə bağlı olmuşdur və dənizdə yerləşən yataqlardan neft birinci dəfə məhz Azərbaycanda hasil olunmuşdur. Bu da bizim iqtisadiyyatımızın aparıcı sahəsi idi. Biz indi də bu sahəyə xüsusi önəm veririk və hazırda neft hasilatı get-gedə artır. Enerji sahəsinə çoxmilyardlı sərmayələr yatırılıb və hər tərəfdən, əsasən, quru sərhədləri olan ölkəmiz üçün nəqliyyat infrastrukturumuzu inkişaf etdiririk. Azərbaycandan Avropaya və beynəlxalq bazarlara neft nəql edən 3 boru kəməri artıq istismardadır. Sonuncu tikilmiş ən uzun neft boru kəməri Azərbaycanın tarixi nailiyyətidir və biz bu layihəni beynəlxalq tərəfdaşlarımızla birgə yerinə yetirmişik. Hesab edirəm ki, bu, Azərbaycan xalqının tələbatlarının ödənilməsinə və regional əməkdaşlığa uzun onilliklər ərzində xidmət edəcəkdir.

Bügünkü infrastruktur artıq yaradılıb və təbii ki, bu, ölkə üçün əlavə fayda verir və birmənalı olaraq, regional əməkdaşlıqda da öz rolunu oynayır. Bir sözlə, regional əməkdaşlıq məsələləri - sabitlik, təhlükəsizlik bir-biri ilə bağlıdır. İndi enerji təhlükəsizliyi və bütünlükdə ümumi siyasi təhlükəsizlik, siyasi, iqtisadi müstəqillik - bunların hamısı bir-biri ilə bağlıdır və siz bir məsələni digərindən ayıra bilməzsiniz. Ona görə mühüm regional enerjidaşıyıcılarının hasilatçısı kimi Azərbaycan, təbii ki, Avropa İttifaqına müəyyən imkanları təqdim edə bilər.

Eyni zamanda, biz siyasi islahatlara da önəm veririk. Mən tamamilə əminəm ki, böyük siyasi dəyişiklik olmadan, biz istədiyimizə nail ola bilməyəcəyik. Təbii ki, biz müxtəlif ölkələrin təcrübələrini də öyrənirik. O cümlədən, təbii sərvətləri olan ölkələrin təcrübəsini öyrənirik. Onları biz nəzərdən keçirmişik və görmüşük ki, dünyanın müxtəlif yerlərindəki neft hasil edən ölkələrdə, nadir halları istisna olmaqla, hər zaman neft gəlirləri sosial inkişafa gətirib çıxarmır, gəlirlər düzgün bölüşdürülmür. Biz Azərbaycanda istədiyimizə nail olmaq üçün müsbət təcrübəni öyrəndik və siyasi islahatlar apardıq. Eyni zamanda, dərhal hasilat sənayesində gəlirlərin şəffaf şəkildə idarə edilməsi təşəbbüsünə qoşulduq. Bu, Britaniyanın Baş naziri tərəfindən irəli sürülmüşdür və Azərbaycan artıq bu sahədə nailiyyətlər əldə edibdir. Hazırda biz neftdən gələn gəlirlərin idarə edilməsi, şəffaflıq baxımından beynəlxalq təsisatlar - Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirilirik. Bütün bunlar çox güclü ictimai nəzarətin olmasını təmin edir və eyni zamanda, olduqca güclü ictimai arxayınlığa əsas yaradır ki, bu gəlirlər düzgün istifadə edilir.

Demokratikləşmə, siyasi islahatlar, qanunun aliliyi, insan hüquqlarının qorunması sahələrində biz çalışırıq əlimizdən gələni edək ki, maksimum dərəcədə xalqımızın rifahına xidmət edək. Azərbaycan elə bir ölkədir ki, onun gündəliyində güclü siyasi dəyişikliklər proqramı durur, iqtisadi islahatlar nəzərdə tutulur və bütün bu işlər paralel şəkildə aparılır.

Mən əminəm ki, yoxsul ölkələrdə Qərbi Avropadakı demokratiyanı qurmaq birmənalı olaraq çətindir. Digər tərəfdən, əgər iqtisadi baxımdan güclü olsan da, siyasi azadlıqlar və güclü ictimai nəzarət olmadan, qazanılmış uğur əldən qaçırıla bilər. Ona görə Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi uğurlu olmuşdur.

Biz ölkəmizdəki mənfi proseslərin aradan qaldırılmasına nail olduq. Ölkəmizdə güclü siyasi sabitliyi bərqərar etdik. Təbii ki, əgər bunu etməsəydik, bir çox nailiyyətləri də qazana bilməzdik. Çünki iqtisadi nailiyyətlər məhz bununla bağlıdır. Şirkətlər öz kapitalını, sərmayələrini siyasi baxımdan gələcəyi aydın olmayan ölkəyə yatırmır.

Ona görə biz dünyadakı müəyyən qüvvələrin təsirindən yan keçdik və ölkəmizi açıq elan etdik. Bizim siyasətimiz aydındır, proqnozlaşdırıla bilir, səmimidir. Bu baxımdan da biz çox səmimi siyasi və iqtisadi şərait yarada bilərik.

Azərbaycandakı proseslər artıq regional əməkdaşlığa müsbət təsir göstərir. Bu gün Azərbaycan regionun liderinə çevrilibdir. Bütün bu üstünlükləri və öhdəlikləri ölkəmiz öz üzərində hiss edir. Ona görə, təbii ki, regiondakı enerji inkişafı, siyasi inkişaf müəyyən mənada Azərbaycandakı vəziyyətdən asılı olacaqdır.

Bir sözlə, biz hesab edirik ki, mühüm sabitlik amili kimi indi Azərbaycanın rolu artır. Təbii ki, enerji təhlükəsizliyi sahəsində də ölkəmizin rolu artacaqdır. Bu, xüsusən də Avropaya və Avropa İttifaqına aiddir. Azərbaycan bu baxımdan enerji təchizatının yeni mənbəyinə çevrilib, ölkəmiz müasir infrastruktura malikdir. Bu il çəkilməsi başa çatdırılmış boru kəməri beynəlxalq standartlara cavab verir. Digər tərəfdən, bizim böyük neft və qaz ehtiyatlarımız var. Bu, ölkəmizin şanslarıdır. Bu şanslar güclü iqtisadi sistem, siyasi sistem və Avropaya tam inteqrasiya olunmaq sistemini yaratmağa imkan verir. Ona görə Avropa İttifaqının yeni qonşuluq siyasəti Avropaya daha yaxın olmaq fürsətidir.

Biz əməkdaşlığımızın hər hansı bir aspektini yüksək realizm hissi ilə nəzərdən keçiririk. Bu günlərdə biz Azərbaycanın Avropa İttifaqına üzvlüyü haqqında danışmırıq və nə Azərbaycan, nə də Avropa İttifaqı buna hazırdır. Lakin biz bunun üzərində işləyirik, inteqrasiya istiqamətində addımlar atırıq. Biz tərəfdaşlıq və əməkdaşlığı davam etdiririk. Mən hesab edirəm ki, biz nə qədər çox addım atarıqsa, onda Azərbaycan, vəziyyəti qiymətləndirdikdən sonra, heç bir tərəddüd olmadan Avropanın mühüm dostu və tərəfdaşına çevriləcək və etibarlı ölkə olacaqdır. Bütün bunlar müsbət meyillər, nailiyyətlər, planlar və gələcəklə bağlı fikirlərdir.

Regional vəziyyətə gəldikdə, bu gün bizim apardığımız siyasət Xəzər dənizi regionundan kənara çıxır. Biz artıq regional əməkdaşlığın daha geniş mənada yeni elementlərini görürük. Misal üçün, Qara dəniz və Xəzər dənizi regionları arasındakı münasibətlər, əməkdaşlıq, enerji və nəqliyyat məsələləri necədir? Bu layihələr uğurla həyata keçirilə bilər. Artıq Azərbaycanda olduqca müsbət təcrübə var, bu, enerji və nəqliyyat sahəsinə aiddir. Beynəlxalq maliyyə təsisatları ilə çox yaxşı əlaqələrimiz var. Onlar bizə çox etibarlı tərəfdaş kimi baxırlar. Müxtəlif layihələrə milyonlarla dollar sərf edirlər və bu layihələr siyasi sabitliyə və iqtisadi rifaha xidmət edir. Ona görə hazırkı planlarımız regiondan kənara çıxmağa və yeni - Xəzər dənizi və Qara dəniz regionları arasında əməkdaşlığın yaradılmasına yönəlibdir.

Mən regional inkişafımıza mane olan yeganə mənfi elementlər kimi separatçı hərəkatları deyə bilərəm. Səmimi deyim ki, mən bundan başqa heç bir potensial təhlükə görmürəm. Lakin həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağdakı separatizm regional əməkdaşlıq üçün ən böyük potensal təhlükədir və regional siyasi sabitliyi də sual altına alır.

Biz çalışırıq münaqişəni aradan qaldıraq. ATƏT-in Minsk qrupu, Avropa İttifaqı və digər təşkilatlarla birgə işləyirik ki, bu məsələnin düzgün həllinə nail olaq və bu məsələnin həlli beynəlxalq hüquq normaları və prinsiplərinə arxalansın. Lakin indiyə qədər biz Ermənistan tərəfindən lazımi cavab almamışıq. Ermənistan XXI əsrdə beynəlxalq hüquq normaları və prinsiplərini kobudcasına pozur. Bu ölkə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan hüquqlarını pozub və etnik təmizləmə siyasətini aparıbdır. İndi nəinki Dağlıq Qarabağ, ətrafdakı 7 inzibati rayon da Ermənistanın işğalı altındadır. Onlar elə rayonlardır ki, orada ermənilər heç vaxt yaşamayıblar. Orada etnik təmizləmə siyasəti aparılıb və bütün tikililər yerlə-yeksan edilibdir. Bu yaxınlarda ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlara səfər etmiş və hesabat yazmışdır. Bu hesabatdan da görünür ki, orada bütün məscidlər, ulu babalarımızın məzarları, bütün binalar dağıdılıbdır. Bir sözlə, bu Azərbaycana qarşı, Azərbaycanın mədəniyyətinə qarşı törədilmiş vandalizm aktıdır.

Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, indiyədək problemin sülh yolu ilə nizamlanması yoxdur. Bizim mövqeyimiz aydındır və beynəlxalq hüququn normaları və prinsiplərinə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün ərazilərdən çıxarılmalıdır. Müharibədən əvvəl azərbaycanlılar Dağlıq Qarabağda əhalinin 30 faizini təşkil edirdilər. Dağlıq Qarabağ ermənilərinə Azərbaycan daxilində ən yüksək muxtariyyət statusu verilə bilər.

BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edibdir. Ötən ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul etmişdir. Lakin Ermənistan heç bir qətnaməni yerinə yetirməyib və bunlara ümumiyyətlə məhəl qoymur. Onlar etiraf edirlər ki, bizim ölkənin torpaqlarını işğal altında saxlamaqla Dağlıq Qarabağ üçün müstəqillik qazanacaqlar. Bu, heç vaxt baş verməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Ölkəmizin ərazi bütövlüyünü tanımayan yeganə dövlət Ermənistandır.

Dağlıq Qarabağın Azərbaycandan qoparılması, ümumiyyətlə, müzakirə mövzusu deyildir. Yəni siz təsəvvür edə bilərsinizmi ki, dünyanın istənilən bir guşəsində hər hansı azlıq müstəqillik tələb etməyə başlasa, neçə ölkə yaranar? Dağlıq Qarabağ qədər sahəsi olan, əhalisi 60 min nəfərdən aşağı olan neçə ölkə yaranar, nə qədər insanlar bundan əziyyət çəkər? Yəni azlıqlar hər bir ölkədə, Avropada da var. Yəni siz elə bir ölkə tapa bilməzsiniz ki, orada milli azlıq olmasın. Bəlkə bunun üçün yeganə istisna məhz Ermənistandır. Çünki bu monoetnik ölkədir və bunun səbəbi məhz ermənilərdən soruşulmalıdır.

Dediyim kimi, hər bir ölkədə milli azlıq var. Azərbaycanda da milli azlıqlar yaşayır. Yəni milli azlığın olması o demək deyil ki, onların hüququ var ki, etnik təmizləmə siyasətini aparsınlar, torpağı qoparıb özlərinə yeni bir dövlət yaratsınlar. Əgər bu prinsip kimi qəbul edilsə, onda dünyada nələr baş verə bilər? Bu, beynəlxalq hüququn fundamental normaları və prinsiplərinin alt-üst edilməsidir və beynəlxalq ictimaiyyət bundan böyük əziyyət çəkəcəkdir. Yəni bu nə ilə bağlıdır? Onunla bağlıdır ki, Ermənistan ikinci erməni dövləti yaratmaq istəyir. Ermənilər artıq öz müqəddəratını təyin etmək hüququndan istifadə ediblər, yəni Ermənistan dövləti var. İndi isə onlar ikinci erməni dövləti yaratmaq istəyirlər. Bunu da Azərbaycanda etmək istəyirlər. Yəni sabah onlar üçüncü erməni dövlətini yaradacaqlar? Bu gün biz bu meyillərin ilk siqnallarını artıq eşidirik. Bu, olduqca fəlakətli, ağır nəticələri ilə yadda qalacaq proses kimi özünü büruzə verə bilər.

Bizim əldə etdiyimiz müsbət nəticələr, nailiyyətlər qısa bir müddətdə, 15 illik müstəqillik tariximiz ərzində olmuşdur. Ölkə torpaqlarının işğal altında saxlanılması isə gərginlik yaradır və bu regionda, Azərbaycanda sabitliyin pozulması üçün əsas mənbədir.

Bir sözlə, bu, bizim gündəliyimizdə duran bir nömrəli məsələdir. Ona görə biz münaqişənin aradan qaldırılması üçün bütün səyləri göstəririk və əminəm ki, Avropa İttifaqı ilə əlaqələrimiz və əməkdaşlığımız bu məqsədə nail olmaqda bizə kömək edəcəkdir. İndi Avropa İttifaqında artıq sərhədlər yoxdur. Siz bunun faydasını görürsünüz. Əgər bizim region Avropa İttifaqına daha yaxınlaşsa və buradakı meyarlar, onların müəyyən bir hissəsi tam şəkildə öz əksini tapsa, mən hesab edirəm ki, həll olunmamış məsələlər də öz həllini tapacaqdır.

Bir sözlə, mən vaxtınızı çox almaq istəmirəm və çalışdım ki, Azərbaycandakı vəziyyəti, regional çətinlikləri, problemləri sizə təsvir edim. Mən bir daha demək istəyirəm ki, bu gün, bəlkə də, tarixi bir gündür. Çünki biz Avropa İttifaqı ilə uzunmüddətli tərəfdaşlığa başladıq və hesab edirəm ki, bunun nəticələri qarşılıqlı surətdə faydalı və uğurlu olacaqdır.

JAN DE BUT: Sağ olun, cənab Prezident!

Siz olduqca geniş və hərtərəfli çıxış etdiniz. Sovet İttifaqı dövründən açıq qapılar siyasətinə qədər keçdiyiniz yol və iqtisadi göstəriciləriniz, gələcək üçün planlarınız və arzularınız bizə böyük təəssürat bağışladı. Bunlar Azərbaycanın qarşısında yeni imkanlar açır. Bilirik ki, Sizin regionda artıq yeni vəziyyət formalaşır. Təsvir etdiyiniz mövcud təhlükələri necə qavradığınızı, separatçı hərəkatların olduğunu gördüyünüzü də biz anladıq. Bunlar, birmənalı olaraq, ölkənizdə mövcuddur, lakin hələ ki, öz həllini tapmayıbdır. Əgər icazəniz olarsa, indi auditoriyadan veriləcək suallara keçək. Hesab edirəm ki, bu, bir çox iştirakçılar üçün maraqlı olardı.

Hər hansı sual varmı? Buyurun.

- Cənab Prezident, xanımlar və cənablar, axşamınız xeyir olsun. Mən Ermənistan səfirliyini təmsil edirəm. İstəmirdim birinci danışam, amma sualımı verəcəyəm. Çox sağ olun cənab Prezident, Azərbaycanın dünyadakı mövqeyi, enerji siyasəti və Qarabağ problemi barədə verdiyiniz məlumata görə minnətdaram.

Nəyə görə Qarabağ erməniləri yenidən Azərbaycanın yurisdiksiyasına qayıtmağa razılıq verməlidirlər? Onlar orada sakit yaşayırdılar və sovet qanunlarına uyğun olaraq, öz müqəddəratını təyin etmək istədikləri zaman siz onlara qarşı müharibəyə başladınız. Neft gəlirlərindən onlara inkişaf və sülh təklif etmək əvəzinə, müharibə ilə hədələyirsiniz. Belə bir halda, onlar yenidən Azərbaycan hüdudları çərçivəsində Stalin qaydalarına uyğun yaşamağa necə razılıq verə bilərlər? Sağ olun.

- Mən “European house” jurnalının müxbiriyəm. Avropa Şurası və ATƏT Azərbaycandakı seçkiləri davamlı şəkildə tənqid etmiş və Azərbaycan müstəqilliyini qazandıqdan etibarən bu sahədə müsbət qiymət verməmişdir. Siz Azərbaycanda bütün səviyyələrdə ədalətli və azad seçkilərin keçirilməsinə necə baxırsınız? Mən parlament və prezident seçkilərini nəzərdə tuturam.

İLHAM ƏLİYEV: Birinci suala gəldikdə, onu demək istəyirəm ki, bəzən Avropada hər hansı bir məsələni bəyan etmək və onu sonra təşviq etmək asandır, çünki digər insanların bu haqda ümumiyyətlə məlumatı olmur. Uzun illər ərzində Ermənistan Avropadakı öz diasporunun yardımı ilə ictimai rəyi uğurla çaşdırmışdır. Xüsusən də bu, münaqişənin birinci illərində baş verdi. Azərbaycanın o vaxt heç bir diplomatik nümayəndəliyi yox idi. Ermənistanın isə diasporu var idi və o, diplomatik nümayəndəlik missiyasını oynayırdı. Ona görə yanlış ictimai rəy yaradılması Ermənistan siyasətinin əsas elementi idi.

İndi bunu etmək olduqca çətindir. Çünki vaxt keçdikcə Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və öz fikirlərimizin daha aydın şəkildə çatdırılması ermənilərin işini daha da müşkül edibdir. Bir sözlə, nəyə görə Azərbaycan, ümumiyyətlə müharibəyə başlamalıdır? Bu, birinci sualdır. Məhz Ermənistan birinci olaraq bizə qarşı müharibəyə başladı. Birinci dəfə Dağlıq Qarabağda məhz azərbaycanlılar qətlə yetirildi və bundan sonra separatçı hərəkatı gücləndi. O vaxt Ermənistan separatçı hərəkatı dəstəkləyirdi və bunun nəticəsində Azərbaycanın əraziləri işğal olundu. Bu müharibənin nəticələrinə baxın: indi Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Bu, məhz təcavüz, separatizm və etnik təmizləmə siyasətinin nəticəsidir. Problem isə ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət buna lazımi reaksiya vermir. XXI əsrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü faktına, 1 milyon qaçqın və məcburi köçkünü olması faktına indiyə qədər göz yumur. Bizim qaçqınlarımız və məcburi köçkünlərimiz ölkəmizdə çətin şəraitdə yaşayırlar. Ona görə tarixi saxtalaşdırmaq cəhdi artıq Azərbaycanın nümayəndələrinin olduğu yerdə baş tutmayacaqdır.

Problemin mahiyyətinə gəldikdə isə, onu deməliyəm ki, hər bir ölkə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. Ümumi götürsək, ölkələr arasında münasibətlər beynəlxalq hüququn adi norma və prinsipləri ilə tənzimlənir. Birləşmiş Millətlər Təşkilatı bütün ölkələri əhatə edən bir təşkilatdır. Təhlükəsizlik Şurası 4 qətnaməni qəbul edibdir. Həmin qətnamədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılması tələb olunur. Əgər ermənilərin ərazisini Azərbaycan işğal etsəydi, onda həmin qətnamələr bizə qarşı olardı. Misal üçün, Avropa Şurası 5 il bundan əvvəl həm Ermənistanı, həm də Azərbaycanı üzv kimi qəbul etdi. Lakin onun 2005-ci ildə qəbul edilmiş qərarında bildirilir ki, Avropa Şurasına üzv olan bir ölkənin digər üzv ölkənin ərazisini işğal etməsi faktı qəbuledilməzdir.

Ermənilər bunu elə təsvir edirlər ki, guya bu torpaqları hər hansı bir kənar yerdən gəlmiş silahlı qüvvələr işğal ediblər. Amma Avropa Şurasının qərarında məhz aydın məsələlər qeyd ounub və bildirilir ki, kim bu təcavüzün qurbanı, kim isə bu təcavüzü edən tərəfdir.

Ona görə indi ermənilərin Dağlıq Qarabağda Azərbaycan dövlətinin hüdudları çərçivəsində yaşaması haqqında danışmaq hələ tezdir. Çünki biz əvvəlcə işğala son qoymalıyıq. Ermənistanın silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalıdır. Yalnız bundan sonra biz birgə kommunikasiyaları aça bilərik. Daha sonra ermənilər regional layihələrdə iştirakdan bəhrələnə bilərlər.

Yəni ermənilər bundan nə uddular? Ermənilər, ümumiyyətlə, Ermənistan xalqı işğaldan sonra daha yaxşı yaşamağa başladı? Yox! Onlar bütün regional layihələrdən, nəqliyyat layihələrindən təcrid olunublar. Onlar daha təhlükəsiz şəraitdə yaşayırlar? Yox! Bu da belə olmadı. Biz yaxşı bilirik ki, Azərbaycan Ermənistan cəmiyyətində böyük narahatlıq doğurur. Azərbaycanın inkişafı narahatlıq doğurur. Ona görə məhz ermənilər üçün yaxşı olardı ki, nəinki beynəlxalq hüquq normaları və prinsiplərə, həm də normal davranışa riayət etsinlər.

İkinci suala gəldikdə isə, tənqidlə bağlı mən onu deyə bilərəm ki, ATƏT və Avropa Şurası kimi təşkilatlar nəinki Azərbaycanı, bir çox ölkələri tənqid edirlər. Hətta həmin ölkələr arasında olduqca inkişaf etmiş demokratik ölkələr də var. Bu da normaldır. Biz faktlara əsaslandığı təqdirdə, siyasi motivi olmadığı təqdirdə, hər zaman tənqidi qəbul edirik. Əfsuslar olsun ki, bəzi hallarda həmin bu tənqid formaları bəzi ölkələrə qarşı siyasi təzyiq alətinə çevrilir. Yaxud da bəzi ölkələrdə müəyyən məsələlərə nail olmaq alətinə çevrilir və onlar qeyri-demokratik və ya kifayət dərəcədə demokratik olmayan adlandırılır.

Fakt baxımından mən hesab edirəm ki, Azərbaycandakı parlament seçkiləri bir çox müşahidəçilər tərəfindən izlənilirdi. Bəzi təşkilatlar “exit-poll” keçirdi və bu təşkilatlar bizim tərəfimizdən yox, Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən seçilmişdi. “Exit-poll”un nəticələri rəsmi seçki nəticələri ilə 90 faiz üst-üstə düşdü. Bu o deməkdir ki, seçkilərin tənqid olunması o qədər ciddi və ədalətli deyildir. Yəni seçki dairələrinin qalan 10 faizində nəticələr “exit-poll”un nəticələri ilə üst-üstə düşmədi və biz bunları ləğv etdik. Bəzi rəsmilər cəzalandırıldı, yerli icra hakimiyyətinin nümayəndələri öz vəzifələrindən azad edildi və ədalət mühakiməsi qarşısında cavab verməli oldular.

Biz həmin 10 faiz seçki dairələrində təkrar seçkilər keçirdik. Burada da “exit-poll” keçirən təşkilat yenə Dövlət Departamenti tərəfindən seçildi və onların gəldiyi nəticələr rəsmi seçki nəticələri ilə üst-üstə düşdü.

Bu Azərbaycanda parlament seçkilərinin qanunun müddəalarına uyğun keçirildiyinin bariz nümunəsidir və Azərbaycan xalqının iradəsi orada öz əksini tapmışdır.

Təbii ki, demək olmaz ki, bu, tam ideal formada keçirilmiş seçkilər idi. Yəni ümumi baxımdan götürsək, seçkilər baş tutdu. İnqilaba gəldikdə isə, bəziləri Gürcüstan, Ukrayna və Qırğızıstanda olan inqilablara istinad edirdi və digər bir inqilabı Azərbaycanda görmək istəyirdilər. Lakin fərq məhz ondan ibarət idi ki, Azərbaycanda siyasi və iqtisadi inkişaf artıq bərqərar olub və Azərbaycan özünün müstəqil siyasətini aparır. Ona görə inqilabın Azərbaycana ixrac edilməsi cəhdi boşa çıxdı, Azərbaycan xalqı bunu dəstəkləmədi. Bir sözlə, nəticələr onu göstərdi ki, Azərbaycan xalqının 80 faizi hazırkı iqtidarı dəstəkləyir. Bu da bizim siyasətimizin əsasını təşkil edir.

Buna baxmayaraq, biz ədalətli, düzgün tənqidə açığıq. Biz ideal deyilik və heç bir ölkə ideal sayıla bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə də bəzi pozuntuları görürük. Burada “Euronews” və CNN kanalları ilə bəzi pozuntular haqqında məlumatları dinləyirik. Yəni bu cür hadisələr digər ölkələrdə də baş verir. Əgər tənqid siyasi motivli səbəblərə arxalanırsa və əgər kimsə bununla bağlı Azərbaycana təzyiq göstərirsə, biz bunu qəbul edə bilmərik.

JAN DE BUT: Sağ olun. Daha iki sual var.

-Mədəni irsin qorunması əsas dəyərlərdən biridir. Sülh və Müharibə İnstitutu məlumat verir ki, ermənilərin qəbiristanlığında minlərlə qəbir daşları dağıdılmışdır. Bu, onların dini və mədəni irsidir. Bildirilir ki, onlar təsadüfən dağıdıla bilməzdi. Sualım ondan ibarətdir ki, nəyə görə Azərbaycan hökuməti belə hadisələrə yol verir? Sağ olun.

-Cənab Prezident, mən ölkənizə böyük sərmayə yatıran şirkətlərlə yaxından tanışam. Sualım siyasi xarakter daşımır, iqtisadiyyatla bağlıdır. Siz burada gözəl rəqəmlər gətirdiniz və mən deyərdim ki, siz hətta Çini də geridə qoymusunuz. Sizcə, “Hollandiya sindromu” olmadan ölkənizdə inkişafı davamlı şəkildə necə saxlamaq mümkündür? Biz bilirik ki, Neft Fondu var və digər tədbirlər görülür. Lakin davamlılığı təmin etmək çətin bir məsələdir.

Digər sualım, bəlkə də, siyasətlə bağlıdır. Rusiya ilə Gürcüstan arasındakı gərginliyi nəzərə alaraq, Azərbaycan bunun aradan qaldırılması üçün nə edə bilər? Sağ olun.

İLHAM ƏLİYEV: Birinci suala gəldikdə, demək istəyirəm ki, Azərbaycan həmin mədəni irsin qorunmasında maraqlı olanlara təklif irəli sürmüşdü ki, bir missiya yaradılsın, orada beynəlxalq təşkilatların nümayəndələri, Avropa Şurasının, Avropa İttifaqının və ATƏT-in nümayəndələri olsun və regiona səfər etsinlər. Onlar nəinki sizin qeyd etdiyiniz yerlərə və eyni zamanda, Ermənistana da getsinlər və ən azı, azərbaycanlıların məzarlıqlarında baş vermiş faktları araşdırsınlar. Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə Azərbaycanın qəbiristanlıqlarını görsünlər, işğalın nəticələrini görsünlər. Orada heç bir şey saxlanılmayıb və belə bir halda, Azərbaycanı bəzi işlərə görə pisləmək tamamilə qəbuledilməzdir.

Biz sizi dəvət edirik, buyurun, qrupu təşkil edin və gəlin. Biz bunu təklif etdik. Amma ermənilər bundan imtina etdilər. Çünki onlar bildilər ki, bunun nəticələri necə olacaqdır.

Ona görə uzun mədəni dözümlülük tarixinə malik olan, çoxmilli azlıqlarla seçilən, dini dözümlülüklə fərqlənən ölkə kimi biz bu işləri görməyə hazırıq. Misal üçün, Ermənistanın özü monoetnik ölkədir. Bəlkə də, siz heç bir başqa ölkə tapa bilməzsiniz ki, onun əhalisinin 99 faizi bir etnik mənşəyə mənsub olsun. Ona görə mənim sualıma cavab verin, nəyə görə bu baş veribdir? Azərbaycan tərəfi bunu bilir. Çünki Ermənistanın ərazisindən 300 minə yaxın azərbaycanlı qovulmuşdur. Yeri gəlmişkən, onu deyim ki, ötən əsrin əvvəlində Ermənistanın indiki paytaxtının əhalisinin 30 faizini azərbaycanlılar təşkil edirdi və 1918-ci ildə Azərbaycandan Ermənistana hədiyyə edilmişdir. Bəlkə siz bunu bilmirsiniz? Lakin Ermənistan səfirliyinin nümayəndəsi bunu bilir. Amma onlar bunu yaddan çıxarmaq istəyirlər. Ermənistandakı şəhərlərin bir çoxlarının, əslində, Azərbaycan adları var. Onlar hamısını dəyişdirdilər. İndi isə onlar Dağlıq Qarabağın paytaxtını başqa cür adlandırırlar. Bu, necə baş vermişdir? Həmin paytaxt Xankəndi adlandırılırdı. Sovet vaxtında onu Stepanakert adlandırmağa başladılar, ən təhlükəli bir inqilabçının - Stepan Şaumyanın adını verdilər. Belə olan halda soruşulur: nəyə görə şəhərlərə süni qaydada yaradılmış adlar, bolşevik “qəhrəmanlarının” adları verilir?

Bir sözlə, hesab edirəm ki, bu məsələnin nəzərdən keçirilməsinin yolu var. Bizim ölkəmizdə bir çox milli azlıqlar var, xristianların kilsələri, yəhudilərin sinaqoqları var. Baxmayaraq ki, ölkəmizdə çox kiçik katolik icması yaşayır, bununla belə, mən Vatikana səfərim zamanı qərar qəbul etmişdim ki, Azərbaycanda katolik kilsəsi tikilsin. Bu da Azərbaycandakı dini dözümlülükdən xəbər verir. Bizim dini dözümlülüyümüz bütün dünyada tanınır. Belə olan halda, Azərbaycanı dini və mədəni abidələrin dağıdılmasında günahlandırmaq tamamilə qəbuledilməzdir. Siz əgər Azərbaycana gəlsəniz görərsiniz ki, burada müxtəlif milli azlıqlara aid olan, mənsub olan abidələr var. Ona görə gəlin missiyanı təşkil edək. Onlar nəinki Azərbaycana, Dağlıq Qarabağa və Ermənistana da səfər etsinlər və bu halda əsil reallıq hər kəs tərəfindən anlaşılacaqdır.

İkinci suala gəldikdə, qeyd etmək istəyirəm ki, böyük neft gəlirləri və sürətli iqtisadi artım və digər amillər makroiqtisadi sabitliyi poza bilər. Bu, Azərbaycan üçün yeni bir vəziyyətdir. Bundan əvvəl biz həmişə çalışırdıq ki, daha çox gəlirlər əldə edək. Çox səylər göstərirdik ki, büdcəmizi artıraq. İndi, son 3 il ərzində dövlət büdcəmizi 4 dəfə artırmışıq. Biz artıq çalışırıq ki, iqtisadiyyatımızı həddindən artıq vəsaitlərlə doldurmayaq. İndi biz əhalimizin rifahına, əmək haqqının artırılmasına yönəlmiş layihələri həyata keçirmək istəyirik. Təbii ki, bu da makroiqtisadi sabitliklə bağlıdır. Bu, bizim qarşımızda duran çətin bir vəzifədir. Neft Fondunu yaratmışıq. Neft Fondu elə bir yerdir ki, orada nəinki, sadəcə, neft gəlirləri şəffaf şəkildə idarə edilir. Eyni zamanda, orada gəlirlərin çoxu toplanır ki, iqtisadiyyata həddindən artıq vəsait daxil olmasın və makroiqtisadi sabitlik pozulmasın. Ona görə “Hollandiya sindromu”nun qarşısının alınması üçün bütün səyləri göstəririk. Çalışırıq ki, nəinki neft sahəsini, eyni zamanda, qeyri-neft sektorunu inkişaf etdirək. Hər il büdcəmizdən kiçik və orta sahibkarlara 100 milyon ABŞ dolları həcmində kreditlər ayırırıq ki, onlar regionlarda yeni iş yerləri açsınlar. Eyni zamanda, biz Dövlət İnvestisiya Şirkəti yaratdıq. Onun nizamnamə kapitalı 100 milyon ABŞ dollarıdır. Onlar digər ölkələrdən potensial sərmayədarları, eyni zamanda, yerli sərmayədarları qeyri-neft sektorundakı böyük layhələrin həyata keçirilməsinə cəlb edirlər.

Biz yerli sahibkarları dəstəkləyirik və çalışırıq ki, bütün bu işləri görərək, onlara kömək edək. Əgər biz desək ki, gələcəkdə qeyri-neft sektoru neft sektorundan daha üstün olacaq, bu, sadəlövhlük olardı. Təbii ki, gələn onillər ərzində neft sektoru Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edəcəkdir. Ona görə biz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə, digər beynəlxalq maliyyə təsisatları ilə işləyirik ki, hər hansı bir mənfi nəticənin qarşısını alaq.

Sualınızın ikinci hissəsinə, Rusiya ilə Gürcüstan arasında münasibətlərə gəldikdə, hər ikisi bizim üçün qonşu ölkədir və hər ikisi ilə yaxşı münasibətlərimiz var. Bu, strateji tərəfdaşlıq münasibətləridir. Ona görə hesab edirəm ki, Azərbaycanın yaxşı qonşuluq münasibətləri saxlamaq təcrübəsi nəzərə alına bilər. Bu, çox müsbət bir təcrübədir. Bizim qurduğumuz əlaqələr mehriban qonşuluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu da ölkələr arasındakı münasibətlərdə çox mühüm bir amildir. Ölkələr bir-birinə həmişə hörmətlə yanaşmalıdır və beləliklə, problemlər aradan qaldırıla bilər. Bir-birinin işlərinə qarışmamaq prinsipi və iqtisadi əməkdaşlıq vacibdir. Rusiya ilə Gürcüstan arasında olan münasibətləri bir yana qoysaq, bizim Rusiya ilə münasibətlərimizi və bunun Azərbaycanın rifahına necə xidmət etdiyini nəzərə alsaq, görərik ki, regionda münasibətləri hansı formada qurmaq lazımdır. Eyni zamanda, biz bu cür münasibətlərin qonşularımız arasında olmasında da maraqlıyıq. Biz istəyirik ki, şirkətlər və ölkələr üçün Azərbaycanda olduqca yaxşı əməkdaşlıq şəraiti təmin edilsin və eyni zamanda, mən istəyirəm ki, bizim dostlarımız öz aralarında da dost olsunlar.

JAN DE BUT: Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib