AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYAN İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də “İnterkontinental” mehmanxanasının “Millətlər salonu”nda Ermənistan Respublikasının Prezidenti Robert Koçaryan ilə görüşmüşdür. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə başlandı və sonra dövlət başcıları söhbəti təkbətək davam etdirdilər. Daha sonra Minsk qrupunun həmsədrləri yenidən görüşə qatıldılar. Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Robert Koçaryan jurnalistlər qarşısında bəyanatla çıxış etdilər. Dövlət başçıları tanışlıq xarakteri daşıyan bu görüşün qarşılıqlı anlaşmaya kömək edəcəyini bildirdilər. Prezidentlər Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair ikitərəfli danışıqların bərpa olunmasını müsbət addım kimi qiymətləndirdilər, fikir mübadiləsinin faydalı olduğunu söylədilər. Görüşlərin gələcəkdə də davam etdiriləcəyinə inandıqlarını bildirən prezidentlər hər iki tərəfin problemin həllinə maraq göstərdiyini vurğuladılar. Prezident İlham Əliyev dedi ki, biz görüşdə öz fikirlərimizi açıq şəkildə ifadə etdik.