AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MAKEDONİYA PREZİDENTİ BORİS TRAYKOVSKİ İLƏ GÖRÜŞÜ
Makedoniya rəhbəri Prezident İlham Əliyevi dövlət başçısı seçilməsi münasibətilə, habelə Cenevrədə keçirilən sammitin açılışındakı məzmunlu nitqinə görə səmimiyyətlə təbrik etdi. O, həmin gün BMT-nin Baş katibi adından təşkil edilmiş rəsmi qəbulda Azərbaycan Prezidenti ilə bir masa arxasında əyləşməsindən məmnunluğunu da bildirdi.
Prezident Traykovski vurğuladı ki, ölkələrimiz arasında əlaqələr təkcə BMT çərçivəsi ilə məhdudlaşmamalı, ikitərəfli əsasda da inkişaf etməlidir. O dedi ki, Xorvatiya Prezidenti ilə də məsləhətləşmişdir və onlar Prezident İlham Əliyevi Makedoniyaya və Xorvatiyaya rəsmi səfərə dəvət etmək istəyirlər. Cənab Traykovski, eyni zamanda, özünün də Azərbaycana və Qazaxıstana səfər etmək niyyətində olduğunu bildirdi. O xatırlatdı ki, vaxtilə ölkələrimiz sosializm blokuna daxil idilər və bu baxımdan onların oxşar cəhətləri çoxdur və qarşılıqlı əlaqələrdə bundan istifadə edilə bilər. Prezident Boris Traykovski Makedoniyanın və Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak etdiyini vurğulayaraq, bu sahədə də əməkdaşlığın mümkünlüyünü söylədi.
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı barədə Makedoniya rəhbərinə ətraflı məlumat verdi. Dövlətimizin başçısı neçə illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş söhbət açdı. O xatırlatdı ki, BMT Azərbaycan ərazilərinin işğaldan dərhal azad olunması barədə 4 qətnamə qəbul etmiş, Avropa Şurası öz sənədlərində Ermənistanı təcavüzkar dövlət kimi tanımışdır. Azərbaycan Prezidenti vurğuladı ki, bununla belə, bəzi dövlətlərin bu problemə münasibətində ikili standart mövcuddur.
Dövlət başçıları belə bir razılığa gəldilər ki, Azərbaycanın Avropa ölkələrindəki səfirlərindən biri həm də Makedoniyada səfir kimi akkreditə olunsun, eyni zamanda, Makedoniyanın Azərbaycana yaxın ölkələrdən birindəki səfiri Bakıda da akkreditə edilsin.