Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏTƏRİN “ƏL-CƏZİRƏ” TELEYAYIM KORPORASİYASININ ƏMƏKDAŞLARINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏTƏRİN “ƏL-CƏZİRƏ” TELEYAYIM KORPORASİYASININ ƏMƏKDAŞLARINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Qətərin “Əl-Cəzirə” teleyayım korporasiyasının Moskva bürosunun əməkdaşları Əbdülmunim Salim Adilə və Hüda Xəlil Rahməyə müsahibə vermişdir. Bu müsahibə oktyabrın 15-də “Əl-Cəzirə” telekanalı ilə yayımlanmışdır. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Prezident, icazə verin, müsahibəmizə çox mühüm hesab etdiyim sualla başlayım. Artıq üç ilə yaxındır ki, atanız, Prezident Heydər Əliyev haqq dünyasındadır. Onun rəhbərliyi illərində Azərbaycan irəliyə doğru addımladı. O, yenidən əldə edilmiş dövlətçiliyin təşəkkülü sahəsində ilk tədbirlərə başladı. İndi, respublikaya Sizin başçılıq etdiyiniz vaxtda özünüzü atanızın dövlətçiliyi möhkəmləndirməsi işinin davamçısı hesab edirsinizmi və bu gün Sizin üçün ən önəmli məqsəd hansıdır?

-Təbii ki, özümü Heydər Əliyevin işlərinin davamçısı hesab edən təkcə mən deyiləm, indi baş verənləri Azərbaycan xalqı da məhz belə qəbul edir. Mən bu vəzifəyə başlayanda bildirmişdim ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə bir çox illər ərzində həyata keçirilmiş nə varsa, hamısını davam etdirəcəyəm. O illər Azərbaycan üçün həlledici illər olmuşdur, çünki dövlətimizin özünün varlığı sual altında idi. Azərbaycanda cərəyan etmiş mənfi proseslər ölkəmizin dövlətçiliyinə, əslində, son qoya bilərdi. Heydər Əliyevin xidməti, ilk növbədə, ondadır ki, o, müstəqilliyimizi qoruyub saxladı, möhkəmləndirdi və Azərbaycanı elə bir səviyyəyə çıxardı ki, ölkəmizin hərtərəfli inkişafı heç kimdə heç bir sual və şübhə doğurmur.

İndi qarşımızda duran vəzifə bu möhkəm təməl əsasında inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik müasir dövlət, bizim hamımızın fəxr edə biləcəyimiz ölkə yaratmaqdan ibarətdir. Son üç ildə bu istiqamətdə böyük uğurlara nail olmağımız məndə məmnunluq hissi və atamın başladığı və həyata keçirdiyi və indi bizim müvəffəqiyyətlə davam etdirdiyimiz işlərə görə qürur hissi doğurur.

- Cənab Prezident, təbii ki, Azərbaycan üçün ən ağrılı problemlərdən biri təkcə Dağlıq Qarabağın deyil, həm də onun hüdudlarından kənarda 7 rayonun işğalıdır. Hazırda Azərbaycanın ATƏT və digər beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Məclisi vasitəsilə göstərdiyi diplomatik səylərin uğuruna inanırsınızmı?

- Bizim göstərdiyimiz səylər hələlik əməli nəticə verməmişdir. Əlbəttə, bu, bizdə, Azərbaycan rəhbərliyində və ictimaiyyətində böyük narahatlıq doğurur. Çünki bu vəziyyət 10 ildən çoxdur davam edir. Azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə dünya birliyi tərəfindən pislənməmişdir. Halbuki, 1 milyondan çox adam Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Sərhədləri bütün dünya tərəfindən tanınan suveren dövlətin ərazisinin, - bizim ərazi bütövlüyümüz BMT tərəfindən də tanınır, - işğalına dünya birliyi tərəfindən lazımi münasibət göstərilməmişdir. Bu işğal nəticəsində torpaqların 20 faizi zəbt olunmuş, 1 milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. Başqa sözlə, bütün bunlar uzun illər davam edən ən böyük ədalətsizlikdir. Təəssüf ki, dünya birliyi bu işğala son qoymaq üçün təcavüzkara lazımi təsir göstərmir. Biz münaqişənin sülh yolu ilə həlli üçün səy göstəririk, lakin eyni zamanda əmin oluruq ki, ciddi hərbi, siyasi, diplomatik və iqtisadi vasitələr olmasa, işğala son qoymaq çətin, bəlkə də, qeyri-mümkün olacaqdır. Buna görə də ATƏT çərçivəsində danışıqlar prosesini davam etdirərək, habelə bu məsələnin müzakirəsinə yeni qurumları, o cümlədən BMT Baş Məclisini, Avropa Şurası, İslam Konfransı Təşkilatını və digər təşkilatları cəlb etməklə biz dinc yolla nizamasalma üçün bütün imkanlardan istifadə etmək istəyirik ki, problemin sülh yolu ilə həlli üçün hər şeydən istifadə edib-etmədiyimiz barədə gələcəkdə heç bir şübhəmiz qalmasın. Bununla yanaşı, biz ölkəmizi möhkəmləndiririk, iqtisadiyyatımızı, müdafiə sahəsini möhkəmləndiririk. Azərbaycana yatırılan çox böyük məbləğdə sərmayələr ona gətirib çıxardı ki, bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 6 dəfə üstündür, gələn il isə 10 dəfə artıq olacaqdır. Təbii ki, bütün bunlar məsələnin həlli üçün bizdən ötrü getdikcə daha əlverişli şərait yaradacaqdır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin birinci yarısında köçürülmüşlər. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin əhalisi yüz faiz azərbaycanlılar idi. Dağlıq Qarabağ əhalisinin təxminən 30 faizi azərbaycanlılar idi, bu, kifayət qədər çoxdur. Bir sözlə, həm tarixi, həm də hüquqi baxımdan ədalət bizim tərəfimizdədir. İqtisadi potensial baxımından Ermənistan bizim üçün artıq rəqib deyildir. Hərbi potensial nöqteyi-nəzərindən bu gün Azərbaycan ordusu Qafqazda ən güclü ordudur və onun gücü artır, çünki biz hərbi büdcəmizi hər il artırırıq. Gələn il isə bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaqdır.

Bütün energetika, iqtisadi layihələrimiz tamamilə həyata keçirildikdən sonra Azərbaycan çox güclü dövlətə çevriləcəkdir. Ermənistan bizimlə yarışa bilməyəcəkdir. Ona görə də Ermənistan rəhbərliyi bu yolun fəlakətliliyini, perspektivsizliyini və münaqişə sülh yolu ilə nizama salınmasa, Dağlıq Qarabağ və Ermənistan əhalisini necə bir təhlükəyə məruz qoyacaqlarını başa düşməlidir.

-Bir halda ki, Azərbaycanın hərtərəfli - iqtisadi, sənaye və hərbi baxımdan möhkəmləndiyindən danışırıq, onda demək olarmı, elə bir hədd, elə bir sərhəd varmı ki, artıq ondan sonra Siz belə qənaətə gələcəksiniz ki, bütün sülh və diplomatiya imkanları tükənmişdir?

- Bilirsiniz, danışıqlar prosesinin lap əvvəlindən, 1994-cü ildən bu proses hansısa formatda gedirdi, hansısa təkliflər müzakirə edilirdi. Tərəflər, əsasən, ATƏT-in Minsk qrupundan gələn təkliflər ətrafında dialoq aparırdılar. Lakin hansısa mərhələdə, nizamasalma prinsiplərinin az-çox hansısa ümumi anlaşmasına gəlib çıxdıqda, danışıqlar pozulurdu. Özü də erməni tərəfinin təqsiri üzündən pozulurdu. Əvvəlcə Ermənistanda çevriliş oldu və rəhbərlik zorakılıq yolu ilə dəyişdi və danışıqlar pozuldu. Sonra Ermənistan parlamentində dövlət terrorizmi aktı törədildi, Ermənistan hakimiyyətinin nümayəndələri öldürüldü və beləliklə, danışıqlar yenidən pozuldu, sonrakı mərhələlər də həmçinin. Ermənistan tərəfi son anda həmişə danışıqlardan yayınır.

İndiki danışıqlar formatı mərhələli həlli nəzərdə tutan Praqa prosesi formatıdır, yəni Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən çıxarılmasını, Dağlıq Qarabağın statusunun müzakirə edilməsini və təhlükəsizliyi möhkəmlətmək sistemini, habelə sülhyaratma əməliyyatını nəzərdə tutur. Ümumən, söhbət bundan gedir. Yəni, bu, əslində, yekun mərhələsidir və əgər o, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi ilə pozulsa, onda nə Minsk qrupu həmsədrlərinin, nə də münaqişə tərəflərinin danışıqları davam etdirmək üçün daha imkanları, sadəcə, qalmayacaqdır. Yəni, gələcəkdə danışıqlar nəyin ətrafında aparılacaqdır? Ona görə də biz hesab edirik ki, indiki mərhələdə danışıqlar prosesini erməni tərəfinin pozması danışıqların dayandırılmasına gətirib çıxara bilər. Lakin biz başa düşürük ki, danışıqlar dayanarsa, onda bundan sonra nəsə baş verməlidir. Biz oturub, heç nə etməyə bilmərik, nə vaxtsa nə isə baş verəcəyini gözləyə bilmərik. Biz ya danışıqlar prosesində, ya da bu prosesdən kənarda olmalıyıq. Əgər biz danışıqlar prosesindən kənarda olsaq, onda Azərbaycan danışıqların aparılmasına dair bütün öhdəlikləri öz üzərindən götürəcəkdir və bu məsələdə öz strategiya və taktikamızı dəyişəcəyik. Əlbəttə ki, onda istənilən digər variantlar müzakirə ediləcəkdir.

Dediyim kimi, Azərbaycanın güclü iqtisadi potensiala malik olduğu və Azərbaycanla müqayisədə Ermənistanın zəif ölkə olduğu bir şəraitdə, dərhal hərbi əməliyyat barədə düşünmək zəruri deyildir.

Hərbi əməliyyat sonuncu addımdır. Yəni Azərbaycanın çox böyük maliyyə, insan ehtiyatları, nəhəng intellektual potensialı olduğu halda, məqsədə çatmağımız üçün bizim çox imkanlarımız olacaqdır. Sadəcə olaraq, Ermənistanda anlamalıdırlar ki, proses bizim xeyrimizə inkişaf edir.

Bəli, əlbəttə, prosesin uzanması bir milyon qaçqın-köçkünümüzün əzab-əziyyəti ilə müşayiət olunur. Lakin biz onlara kömək etməyə çalışırıq, onlar üçün yeni müasir şəhərlər və qəsəbələr salırıq. Biz qaçqın-köçkünləri cəmiyyətin gündəlik həyatına inteqrasiya etməyə çalışırıq. Onlar üçün müvəqqəti də olsa, normal həyat şəraiti yaratmağa çalışırıq, çünki əminik ki, onlar öz torpaqlarına qayıdacaqlar. Buna görə də münaqişənin uzanması üzündən insanlarımız narahatlıq və əziyyət çəkirlər. Lakin Ermənistanda anlamalıdırlar ki, prosesin inkişafı baxımından onların tutduğu yol heç yerə aparmır. Onların mövqeyi yalnız özlərinin təsəvvürlərinə və arzularına əsaslanır. Bizim mövqeyimiz isə beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən – ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa, Avropa İttifaqı və İslam aləmi, bütün dünya tərəfindən tanınmışdır. BMT Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdır. Ona görə də Ermənistan ya diasporun, ya da dünyanın müxtəlif ölkələrində Ermənistanı qurban kimi qələmə verməyə cəhd göstərən satqın, riyakar siyasətçilərin köməyinə uzun müddət arxalana bilməz. Bu, çox davam etməyəcəkdir. Bizim aramızda qüvvələr tarazlığı olanda, hərbi və iqtisadi potensialımız müəyyən dərəcədə təxminən bərabər olanda, onlar belə fəaliyyəti davam etdirə bilirdilər. Biz bu tarazlığı pozduq. Bu tarazlıq daha yoxdur və aramızdakı fərq artacaqdır.

Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli problemimizdir. Bizim maliyyə imkanlarımız, siyasi qüvvəmiz, bizim regiondakı mövqeyimiz şəraitində, enerji ehtiyatları baxımından Azərbaycanın region üçün, Avropa üçün vacibliyi şəraitində Ermənistan bizimlə rəqabət apara bilməz. Onlar bunu anlamalıdırlar. Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi naminə, Ermənistan əhalisinin təhlükəsizliyi naminə onlar işğal olunmuş ərazilərdən könüllü surətdə çıxmalıdırlar.

- Biz eşidirik ki, Rusiya strateji tərəfdaşdır, Birləşmiş Ştatlar da Sizə yaxındır, hələ Türkiyəni demirik... Siz hansı xarici siyasəti yeridirsiniz?

- Bilirsinizmi, daxili siyasət kimi, xarici siyasət də elə bir amildir ki, hamının gözü qarşısındadır. Biz Azərbaycanda səmimi siyasət yeridirik. Başqa sözlə, siyasətimizdə heç bir ikimənalılıq yoxdur – həm rəsmi görüşlərdə, həm bəyanatlarımızda, həm qəbul etdiyimiz qərarlarda biz daim həm ictimaiyyət üçün, həm də xarici tərəfdarlarımız üçün düzgün, açıq siyasət yeridirik. Çünki biz dünyada yalnız o vaxt nüfuz və hörmət qazana bilərik ki, prioritetlərimiz haqqında açıq danışaq, bütün məsələlərə dair mövqeyimizi açıq bəyan edək və tərəfdaşlarımızla əməkdaşlıq etməyə çalışaq. Bəzən, bəlkə də, müəyyən amillərin təsiri altında belə təsəvvür yaranır ki, öz aralarında hansısa problemləri olan ölkələrlə normal əməkdaşlıq etmək mümkün deyildir. Azərbaycanın təcrübəsi bunu təkzib edir.

Siz Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimizi xatırlatdınız. Hazırda bu münasibətlər Azərbaycan müstəqillik qazandığı vaxtdan bəri ən yüksək səviyyəyə çatmışdır və biz bundan çox razıyıq. Bu, Rusiyanın da, bizim də maraqlarımıza cavab verir. Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz barədə də eyni sözləri demək olar. Strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərimiz qarşılıqlı surətdə faydalı və regionun inkişafı üçün çox vacibdir. Türkiyə bizim ən yaxın tərəfdaşımızdır, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir, bizi möhkəm qardaşlıq və əməkdaşlıq telləri bağlayır. Eyni sözləri bizim digər qonşumuz – Gürcüstan haqqında da deyə bilərəm. Biz Gürcüstanla müxtəlif sahələrdə - siyasi, iqtisadi münasibətlər sahəsində, energetika layihələrində fəal əməkdaşlıq edirik. Bizim digər qonşumuz İrandır. Onunla hazırkı münasbətlərimiz ictimaiyyətin əhval-ruhiyyəsini tam əks etdirir və çox şadıq ki, bu münasibətlər ən yüksək səviyyəyə qalxmışdır və bizim aramızda heç bir problem yoxdur, hərçənd, bəzən onları süni surətdə yaratmağa cəhd göstərirlər.

Avropa İttifaqı ilə münasibətlərimiz bu gün yeni mərhələyə keçir. Avropa İttifaqı Cənubi Qafqaz üçün, o cümlədən Azərbaycan üçün tərəfdaşlıq və qonşuluq proqramı təklif etmişdir. Energetika sahəsində də yaxşı perspektivlər açılır. İslam Konfransı Təşkilatında mövqelərimiz möhkəmlənir. Hazırda Azərbaycan burada nazirlər səviyyəsində həmsədrdir.

Görürsünüz, bütün bunlar ölkənin inkişafı üçün əlverişli imkanlar açır. Bizim başlıca vəzifəmiz Azərbaycanı uğurla inkişaf etdirmək, riskləri minimuma endirmək, bütün ehtiyatlarımızı optimallaşdırmaq və iqtisadi, sosial inkişafa nail olmaqdır. Bunu yalnız sərhədlərimizdə vəziyyət yaxşı olduqda, əsas tərəfdaşlarımızla münasibətlər yaxşı olduqda təmin etmək olar. Biz buna nail ola bilmişik. Bizim təcrübəmiz göstərir ki, ayrı-ayrı ölkələr arasındakı ziddiyyətlər Azərbaycan üçün heç bir rol oynamır. Biz həmişə demişik ki, Azərbaycanın mənafeyi birinci yerdədir. Bura, ölkəmiz rəqabət meydanı deyil, əməkdaşlıq meydanıdır. Biz buna nail ola bilmişik.

Odur ki, bizim xarici siyasət prioritetlərimiz çoxşaxəlidir və bir-birini tamamlayır.

- Cənab Prezident, bir halda ki, İranı xatırladınız, belə bir sualı verməyə bilmərəm. O cümlədən İran ətrafında, onun nüvə dosyesi ətrafında yaranmış vəziyyət barədə. İran yaxın qonşunuzdur və onun əhalisinin xeyli hissəsi azərbaycanlılardır. Siz bu məsələnin həllini necə təsəvvür edirsiniz?

- Bəli, İran yaxın qonşumuzdur və siz düzgün qeyd etdiniz ki, İranda çox böyük sayda azərbaycanlılar yaşayırlar və əlbəttə ki, biz onların taleyinə biganə deyilik. Ümumiyyətlə, regional miqyasda qonşunun təhlükəsizliyi sənin təhlükəsizliyin deməkdir. Bu, aksiomdur. Bizim yanaşmamız məhz belədir. Ona görə də hesab edirik ki, narahatlıq doğuran hər bir məsələ danışıqlar yolu ilə, sülh yolu ilə həll edilməlidir. Burada təzyiq, hədə-qorxu gəlmək metodları məqbul deyil, onların heç bir xeyri olmayacaqdır.

Dünyanın istənilən digər ölkəsi kimi, İranın da öz atom energetikasını inkişaf etdirmək hüququ var. Burada qanuna zidd bir şey yoxdur. Əgər bu, müəyyən təşkilatlarda və ya ölkələrdə narahatlıq doğurursa, bu məsələni nizama salmaq lazımdır. Elə bir anlaşmaya gəlmək gərəkdir ki, hər iki tərəf mövcud vəziyyətdən razı qalsın. Əgər narahatlıq əsaslıdırsa, o, aradan qaldırılmalıdır. Lakin hər bir dövlətin suveren hüququ da mütləq həyata keçirilməlidir. Ona görə də biz ancaq danışıqlar yoluna tərəfdarıq və hesab edirik ki, bu, yeganə mümkün yoldur.

- Cənab Prezident, hamımız bilirik ki, İranın Ermənistanla, bu gün düşməniniz olan, Azərbaycan ərazisinin böyük bir hissəsini, təxminən 20 faizini işğal etmiş ölkə ilə də yaxşı münasibətləri var. Bu, Sizi narahat edirmi, yoxsa, əksinə, ümid edirsiniz ki, bu münasibətlər vəziyyətin nizama salınması işində kömək edə bilər?

- Bilirsinizmi, təbii ki, bu məsələlər ictimai qavrayış səviyyəsində, ictimai rəy səviyyəsində Azərbaycanda narahatlıq doğurur. Deyək ki, sənin ərazini işğal etmiş ölkəni təsəvvürə gətirin. Təbii ki, biz bu ölkənin beynəlxalq əlaqələrinə və onunla kimlərin dost olduğuna, kimlərin dost olmadığına həmişə diqqət yetiririk. Lakin digər tərəfdən, beynəlxalq münasibətlər sistemi mövcuddur. Qonşularımızdan təkcə İranın deyil, bəzi başqalarının da Ermənistanla yaxşı münasibətləri var. Yəni, bu, Azərbaycan tərəfindən siyasi qərarlar qəbul edilməsinə təsir göstərə biləcək amil olmamalıdır. Əksinə, çalışmalıyıq ki, Ermənistanın yaxşı münasibətləri olan ölkələrlə bizim ondan da yaxşı münasibətlərimiz olsun. Biz buna çalışırıq və belə də edirik.

Bizim regionda və dünyada ənənəvi müttəfiqlərimiz var, onlar Azərbaycanı dəstəklədiklərini daim bəyan edirlər, onlarla kifayət qədər məhsuldar və səmərəli münasibətlərimiz yaranır. Diplomatiyamızın köməyi ilə maksimum dərəcədə səylərimizi bizdə narahatlıq doğuran məqamlar üzərində cəmləşdirməliyik. Başqa sözlə, biz diplomatiyada Ermənistanın meydanında oynamalıyıq.

Biz Los-Ancelesdə Baş konsulluq açdıq. Bu, Birləşmiş Ştatlarda böyük şəhərdir. Əlbəttə ki, orada diplomatik nümayəndəliyimizin olması bizim üçün çox vacibdir. Lakin sirr deyil ki, Kaliforniya ABŞ-da ermənilərin çox yaşadığı ştatdır. Biz orada olmaq və onlarla, erməni lobbisi ilə mübarizə aparmaq üçün orada Baş konsulluq açdıq. Biz Argentinada da səfirlik açırıq. Bildiyiniz kimi, Latın Amerikasında ən güclü erməni lobbisi Argentinadadır. Elə görünə bilər ki, heç bir ciddi əlaqələrimiz olmayan ölkədə səfirlik açmaq Azərbaycanın nəyinə gərəkdir? Ancaq biz orada səfirlik açırıq ki, erməni lobbisi ilə onların ərazisində mübarizə aparaq. Biz daim onları qabaqlamalıyıq. Biz buna nail olmuşuq. Bizim diplomatik təşəbbüslərimiz, siyasi gedişlərimiz, regiondakı inteqrasiya prosesləri, region ölkələri ilə münasibətlərimizin möhkəmlənməsi – bütün bunlar bizim mövqelərimizi gücləndirir.

Bu gün Ermənistan diplomatik baxımdan uduzmuş ölkədir. Onların özlərinə yaxın müttəfiq saydığı ölkələr bu gün Azərbaycanın da yaxın müttəfiqidir. Bu ölkələr üçün mühümlüyü baxımından, Azərbaycan Ermənistandan daha mühümdür. Ermənistan bir ölkə kimi heç bir maraq kəsb edə bilməz, çünki o, bir tərəfdən coğrafi dalandır, digər tərəfdən isə, biz boru kəmərimizi kənardan çəkməklə onu energetika baxımından dalana çevirmişik. Biz Qars-Tbilisi-Bakı dəmir yolunu çəkməklə onu nəqliyyat baxımından da dalana çevirəcəyik. Regionumuzdan ümumiyyətlə uzaqda olan təşkilatların və siyasətçilərin etirazlarına baxmayaraq, biz bunu edəcəyik.

Beləliklə, Ermənistan onlar üçün nə ilə cəlbedici ola bilər, Ermənistan region ölkələri üçün nə ilə cəlbedici ola bilər? Yalnız bununla ki, onun müxtəlif ölkələrin siyasətinə təsir göstərən zəngin diasporu var? Bu, amildir. Lakin bu amil Azərbaycan amili ilə müqayisədə olduqca kiçikdir.

Bu gün Azərbaycan böyük potensiala – enerji, nəqliyyat potensialına, siyasi potensiala malik ölkədir, islam aləmində möhkəm mövqeyə malik ölkədir. Biz müstəqillik əldə etdiyimiz vaxtdan bəri, xüsusilə Dağlıq Qarabağ məsələsinin nizama salınması məsələsində Azərbaycanı dəstəklədiklərinə görə İslam aləmindəki qardaşlarımıza çox minnətdarıq. Azərbaycan Avropaya və dünya bazarlarına enerji ehtiyatları göndərəcək bir ölkədir. Bu, Şərq-Qərb dəhlizinin keçdiyi ölkədir. Tərəzinin bir gözündə Azərbaycanı, o biri gözündə isə Ermənistanı təsəvvür edin. Müqayisəolunmaz çəkilərdir. Biz bütün istiqamətlərdə mübarizə aparmalıyıq. Mən hökumət qarşısında, Azərbaycanın bütün vətənpərvərləri qarşısında vəzifə qoymuşam ki, ermənilər bizim ərazilərdən getməyincə, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılsın. Düşünürəm ki, onlar bizim ərazilərimizdən çıxandan sonra münasibətlərimiz bərpa olunacaq və biz qonşular kimi yanaşı yaşamağı davam etdirəcəyik.

- Cənab Prezident, Xəzər Azərbaycan üçün firavanlıq və iqtisadiyyatı möhkəmlətmək mənbəyidir. Lakin belə fikir var ki, Xəzər həm də sahilyanı ölkələr arasında nifaq mənbəyidir. Sizin dediyiniz neftin nəqli marşrutlarını nəzərə alsaq, bu, Rusiya kimi ölkələrin mənafelərinə toxunur, çünki bu marşrutlar Rusiyadan yan keçir.

- Xəzər barəsində Rusiya ilə dənizin sektoral bölgüsü haqqında sazişimiz var. Bu saziş belə həssas məqamla bağlı bütün məsələləri tamamilə aradan götürmüşdür. İkitərəfli sektoral bölgü barədə Qazaxıstanla da belə saziş imzalamışıq. Yeri gəlmişkən, Rusiyanın Qazaxıstanla da sazişi var. Hesab edirəm ki, bu ikitərəfli sazişlər məsələnin çoxtərəfli tənzimlənməsi üçün əsas ola bilər. Bu, Xəzəryanı dövlətlərin əməkdaşlığı baxımından çox vacibdir. Gündəlik həyat baxımından isə, bilirsinizmi, biz artıq 15 ildir müstəqil dövlətik və 15 ildə Xəzərin statusu problemi nizama salınmayıbdır. Sizə açığını deyəcəyəm, bu, praktik baxımdan bizə mane olmur. Biz Xəzər dənizinin Azərbaycan sektoruna milyardlarla dollar məbləğində sərmayə cəlb etmişik, neft və qazın Xəzər dənizindən nəqli üçün boru kəmərləri tikmişik və onlardan uğurla istifadə edirik. Əlbəttə, Xəzər mövzusunun beştərəfli səviyyədə tənzimlənməsi Xəzərətrafı regionda etimadı möhkəmlətmək üçün çox mühüm elementdir.

O ki qaldı boru kəmərinə, siz də təkrar etdiniz ki, o, Rusiyadan yan keçir. Mən bu tezislə razı deyiləm, çünki biz “yan keçən” boru kəməri çəkməmişik. Biz Aralıq dənizinə boru kəməri tikmişik. Əgər Aralıq dənizinə boru kəmərini Rusiya ərazisi ilə çəkmək mümkün olsaydı və bu, iqtisadi cəhətdən sərfəli olsaydı, biz bunu edərdik. Bizə dünya bazarına çıxmaq lazım idi. Aralıq dənizi isə dünya bazarı deməkdir. Qara dəniz Avropa bazarı deməkdir. Yeri gəlmişkən, bizim boru kəmərlərindən biri məhz Rusiya ərazisi ilə onun Novorossiysk limanına gedir və demək olar, 10 ildir uğurla fəaliyyət göstərir. Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən və artıq 6 ildən çoxdur fəaliyyət göstərən boru kəməri ilə olduğu kimi, biz bu boru kəməri ilə də neft nəql edirik. Bizə Aralıq dənizinə çıxmaqla gündə bir milyon barrel neft nəql etmək gücü olan boru kəməri lazım idi. Biz onu tikdik və o, heç kimə qarşı yönəldilməyib, heç kimin mənafelərinə toxunmur. Birinci dərəcəli məsələ Azərbaycanın mənafeləridir. Bizim öz enerji ehtiyatlarımızı hasil etmək hüququmuz, istədiyimiz yerə boru kəmərləri çəkmək hüququmuz var. Biz bunu həm öz pulumuza, həm də tərəfdaşlarımızın, maliyyə təsisatlarının puluna həyata keçirdik. Həmin boru kəməri heç kimə qarşı yönəldilməyib, əksinə, ümidvaram, gələcəkdə biz onu genişləndirdikdən, digər paralel boru kəməri çəkdikdən sonra o, qonşularımızın da xeyrinə ola bilər.

- Cənab Prezident, vaxtınızdan sui-istifadə etmək istəmirəm.

İcazənizlə, sonuncu, ənənəvi sualımızı verək. Bu, Azərbaycanın ərəb dünyası ilə qarşılıqlı münasibətləri barədədir. O mənada ki, Azərbaycan İraqda koalisiya qüvvələrində iştirak edir. Cüzi qüvvə ilə iştirak etsə də, bu, hər halda, həssas məqamdır.

- Ərəb dünyası ilə münasibətlərimiz çox müsbət şəkildə təşəkkül tapır. Biz buna çox böyük əhəmiyyət veririk. Bu, xarici siyasət fəaliyyətimizdə də olduqca mühüm istiqamətdir. Son iki-üç ildə bir çox ərəb ölkələrində öz səfirliklərimizi açmağımız çox mühüm amildir və əməkdaşlığımıza necə böyük əhəmiyyət verdiyimizi göstərir. Mən Prezidentliyim dövründə üç dəfə Səudiyyə Ərəbistanında olmuşam – həm rəsmi səfərdə, həm də digər səbəblərlə əlaqədar. Qətərə rəsmi səfər etmişəm. Ərəb dövlətlərinin başçıları Azərbaycana gəlirlər, bizim aramızda İslam Konfransı Təşkilatı çərçivəsində də, ikitərəfli formatda da çox yaxşı əlaqələr var. Biz bu əlaqələri genişləndirmək niyyətindəyik. Dediyim kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanı dəstəkləyən ərəb ölkələrinə çox minnətdaram. Səudiyyə Ərəbistanı kimi ölkənin Ermənistanla heç bir diplomatik münasibəti yoxdur və onu yalnız buna görə tanımır ki, Ermənistan Azərbaycan ərazisini işğal etmişdir. Bu, qardaşlığın çox yüksək təzahürüdür və bizim üçün çox qiymətlidir.

Ona görə də xarici siyasət doktrinamızda bu istiqamətin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır. Çünki bizi narahat edən məsələlər eynidir. İslama nifrətlə bağlı məsələlər ərəb dünyasını da, bizi də narahat edir. İslamın terrorizmlə eyniləşdirilməsi, müsəlmanlar üçün təhqiramiz olan ifadələr işlədilməsi, həmrəyliyə deyil, əksinə, qarşıdurmaya doğru aparan bəyanatlar verilməsi və hərəkətlər edilməsi narahatlıq doğurur. Bütün bunlar bizi narahat edir, ərəb dünyasını narahat edir. Bizi bu amil də yaxınlaşdırır. Odur ki, biz bu istiqamətdə öz səylərimizi artırmalıyıq. Təsadüfi deyil ki, biz İslam Konfransı Təşkilatının iki mühüm konfransının – xarici işlər nazirləri səviyyəsində və turizm nazirləri səviyyəsində konfranslarının Bakıda keçirilməsinin təşəbbüsçüsü olmuşuq. Bu da əməkdaşlıq etmək niyyətimizin daha bir təzahürüdür. Digər tərəfdən, bu, islam dövlətlərinin yüksək vəzifəli nümayəndələrinin Azərbaycana gəlməsi, indi Azərbaycanın necə bir ölkə olduğunu görməsi və bizi narahat edən məsələləri müzakirə etmək üçün imkandır.

Ona görə də hesab edirəm ki, gələcəkdə, biz öz tərəfimizdən bu münasibətlərin möhkəmlənməsi üçün bütün işləri görəcəyik. Bu münasibətlərin böyük tarixi kökləri var, onlar xalqlarımızın birliyinə əsaslanır. Bugünkü siyasi mənafelərimiz də uyğun gəlir.

- Cənab Prezident, bu cavablara görə çox sağ olun. Onlar ekranımızda əksini tapacaq və başa düşüləcəkdir. Çünki dediyiniz kimi, dünyamız ümumi dünyadır. Bu cavablara görə Sizə çox minnətdarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib