AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QIRĞIZISTAN PREZİDENTİ ƏSGƏR AKAYEV İLƏ GÖRÜŞÜ
Prezident Əsgər Akayev İlham Əliyevi Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə ürəkdən təbrik etdi və onun Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyinə əmin olduğunu söylədi. Qırğızıstan dövlətinin başçısı son dövrdə türkdilli ölkələrin rəhbərlərinin az-az görüşdüklərini xatırlatdı. O, əvvəllər bu sahədə Prezident Heydər Əliyevin xüsusi xidməti olduğunu vurğuladı və onu həmin görüşlərin əsas təşəbbüsçüsü kimi səciyyələndirdi. Qırğızıstan Prezidenti vurğuladı ki, türk dünyasına Heydər Əliyev kimi liderlər gərəkdir. Cənab Əsgər Akayev ümidvar olduğunu söylədi ki, Prezident İlham Əiyev bu xətti davam etdirəcəkdir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdən söhbət açan Prezident Əsgər Akayev bu sahədə hökumətlərarası komissiya yaradılmasını təklif etdi. Onun fikrincə, bu komissiya əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmasına kömək edərdi.
Qırğızıstan Prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq dedi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ən ağrılı problemi olduğunu söyləyərək vurğuladı ki, dövlət başçısı kimi o, bütün görüşlərində və çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycan Prezidenti BMT-nin Baş katibi ilə görüşündə də Dağlıq Qarabağ probleminin həllini əsas məsələ kimi qaldırdığını bildirdi.
Prezident İlham Əliyev Prezident Əsgər Akayevi Qırğızıstan dövlətçiliyinin bu yaxınlarda qeyd olunacaq 2000 illiyi münasibətilə ürəkdən təbrik etdi.
Prezident Əsgər Akayev səmimi təbrikə görə minnətdarlığını bildirərək xatırlatdı ki, Qırğızıstanda çoxsaylı Azərbaycan diasporu mövcuddur. Ölkənin tanınmış cərrahları, iş adamları arasında azərbaycanlılar da çoxdur. Qırğızıstan rəhbəri Azərbaycan Dövlət Neft Fondunun fəaliyyəti ilə də maraqlanaraq dedi ki, biz də ölkəmizdə buna bənzər fond yaratmaq istəyirik.
Görüşdə tərəfləri maraqlandıran bir sıra başqa məsələlər də müzakirə olundu.