AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Prezident İlham Əliyev müşavirəni açaraq, qışa hazırlıqla bağlı bir müddət bundan əvvəl də müşavirə keçirdiyini xatırlatdı və dedi ki, ölkənin potensial imkanları çoxalsa da, enerjiyə tələbat da artmaqdadır. Respublikanın ayrı-ayrı rayonlarında tikilən yeni elektrik stansiyalarının bəzilərinin artıq istifadəyə verildiyini bildirən dövlətimizin başçısı görüləcək tədbirlərin enerji təhlükəsizliyi baxımından səmərə verəcəyini qeyd etdi, təbii qazla təminat baxımından da xeyli irəliləyişlərə nail olunduğunu dedi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan hər il Rusiyadan 4,5 milyard kubmetr qaz alır və bunun ölkənin enerji balansında önəmli yeri var. Gələn ildən Rusiya Azərbaycana verilən qazın miqdarını üç dəfə azaltmaq, qiymətini isə iki dəfədən çox artırmaq istəyir. Ona görə də əlavə resurslar axtarmaq zərurəti meydana çıxır.
Yarana biləcək belə bir vəziyyətdən çıxmaq üçün qabaqlayıcı tədbirlər görmək məqsədi ilə hələ 6 ay bundan əvvəl Dövlət Neft Şirkətinə tapşırıqlar verdiyini deyən Prezident İlham Əliyev qaz hasilatını və qazma işlərini sürətləndirmək üçün ciddi işlər görüldüyünü, bunun gələn ildən Azərbaycanın enerji balansını xeyli artıracağını bildirdi. Dövlətimizin başçısı dedi ki, noyabrın əvvəllərində Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalamışdır. Bu, həm Avropa ölkələri, həm də Azərbaycan üçün böyük əhəmiyyətə malik tarixi hadisədir.
Enerji siyasəti ilə bağlı uzunmüddətli strategiyanın işlənib hazırlandığını deyən Prezident gündəlik tələbatla bağlı məsələlərin də həllinin vacibliyini vurğulamaqla yanaşı, bildirdi ki, regionun enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və bu, ölkəmizin strateji imkanlarını getdikcə daha da artırır.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın qışa hazırlıq vəziyyəti ilə bağlı ümumi məlumat verdi.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov, “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov, “Azərsu” Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev, “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev müvafiq sahələrdə qışa hazırlığın ümumi vəziyyəti, sayğaclaşdırma prosesi və mövcud çatışmazlıqlar barədə məlumat verdilər.
Prezident İlham Əliyev müşavirəyə yekun vuraraq dedi ki, vətəndaşlar elektrik enerjisi ilə fasiləsiz tam təmin olunmalı, xidmətin səviyyəsi müasirləşdirilməlidir. Sayğacların quraşdırılması qısa vaxt ərzində başa çatdırılmalıdır.
Dövlətimizin başçısı qış mövsümünün problemsiz keçməsi üçün əlaqədar strukturların rəhbərlərinə ciddi tapşırıqlar verdi.