AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYANIN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Minskdə keçirilən zirvə görüşü çərçivəsində noyabrın 28-də, Rusiya Federasiyasının Belarusdakı səfirliyinin binasında Ermənistan Prezidenti Robert Koçaryan ilə görüşmüşdür.
Əvvəlcə geniş tərkibdə keçirilən görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vartan Oskanyan, habelə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ATƏT-in hazırkı sədri Karel de Quxt, onun şəxsi nümayəndəsi Anji Kaspşik, rusiyalı həmsədr Yuri Merzlyakov da iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini vurğuladı.
Sonra dövlət başçıları görüşü təkbətək davam etdirdilər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.