RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QIRĞIZISTAN PREZİDENTİ KURMANBEK BAKİYEVİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 17-də Antalyada, Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyevin görüşü olmuşdur.
Görüşdə siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğu, iqtisadi əməkdaşlıq potensialının araşdırılmasının vacibliyi vurğulandı. Xalqlarımız arasında yaxınlığın, yaxşı siyasi əlaqələrin ikitərəfli münasibətlərin daha da genişlənməsi işində təkanverici rol oynaya biləcəyi qeyd edildi.
Prezident Kurmanbek Bakiyev Qırğızıstanda 20 min soydaşımızın yaşadığını, Azərbaycan diasporunun ölkənin biznes sahəsində, iqtisadi inkişaf proseslərində fəal iştirak etdiyini söylədi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Qırğızıstanda səfirliyinin açılması planlaşdırılır və bu, əlaqələrimizin genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Görüşdə energetika sahəsində əməkdaşlığın mümkünlüyü də vurğulandı. Prezident Kurmanbek Bakiyev Azərbaycanın energetika sahəsindəki təcrübəsindən istifadə edilməsinin faydalı olduğunu bildirdi.
Prezidentlər türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşünün keçirilməsinin çox əhəmiyyətli olduğunu, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğuladılar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.