RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, noyabrın 9-da Kremldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur.
Rusiya Prezidenti VLADİMİR PUTİN dövlətimizin başçısını səmimiyyətlə salamlayaraq dedi:
-İlham Heydəroviç, ilk növbədə, Moskvaya gəldiyinizə, dəvətimizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizi Brüsselə uğurlu səfər münasibətilə təbrik etmək istəyirəm. Bilirəm ki, bu səfər çox işgüzar, konkret olmuş, energetika sahəsində ümumavropa səylərində Azərbaycanın iştirakı baxımından mühüm razılaşmalar əldə edilmişdir. Bu, bizi də çox sevindirir, çünki bildiyiniz kimi, bu məsələ barədə Avropa İttifaqı ilə bizim daim dialoqumuz olur. Tezliklə növbəti görüş, növbəti sammit keçiriləcəkdir. Odur ki, avropalı tərəfdaşlarla dialoqunuzun necə keçdiyi barədə fikirlərinizi eşitmək mənim üçün çox maraqlı olacaqdır.
Lakin, bununla belə, bizim Sizinlə siyasi sahədə də, beynəlxalq işlərdə də, iqtisadiyyatda da çox böyük həcmdə ikitərəfli münasibətlərimiz var. Əmtəə dövriyyəsi 1 milyard dolları keçmişdir. Düşünürəm ki, yaxın 2-3 ildə biz onu iki dəfə artıracağıq. Hər halda, əmtəə dövriyyəsinin artım sürəti məhz bundan xəbər verir. Zənnimcə, bu il biz ticarət-iqtisadi əlaqələrimizin həcmini 50 faiz artırmışıq.
Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz!
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV səmimi qəbula görə Rusiya dövlətinin başçısına təşəkkür edərək dedi:
-Vladimir Vladimiroviç, sağ olun. Mənə də yenidən Moskvaya gəlmək, Sizinlə yenidən görüşmək, ikitərəfli münasibətlərimizi, regional əməkdaşlığı, regionda vəziyyəti müzakirə etmək çox xoşdur.
Münasibətlərimizin necə inkişaf etməsindən biz də məmnunuq. Münasibətlərimizin dinamizmi çox yüksəkdir, onlar çox səmərəlidir, mehriban qonşuluq, dostluq və əməkdaşlıq əsasında qurulmuşdur, biz praktik nəticəni görürük. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə, bəlkə də, müstəqillik əldə ediləndən bəri ən yüksək səviyyəyə çatmışdır. Əlbəttə ki, biz əməkdaşlığın potensialını artırmağa çox çalışırıq. Hazırda siyasi müstəvidə, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq çox fəal gedir.
Biz Azərbaycanda Rusiya İli, - təəssüf ki, təqvimə görə başa çatır, lakin ümidvaram ki, gələcəkdə də mənən davam etdiriləcək, - çərçivəsində də çox yaxınlaşdıq. Rusiyada Azərbaycan, Azərbaycanda Rusiya illəri keçirilməsinin bu formatı çox səmərəli, çox faydalı oldu. Bu müddət ərzində ölkələrimiz və xalqlarımız daha da yaxınlaşdılar. Zənnimcə, il ərzində bütün səviyyələrdə malik olduğumuz bu mütəmadi təmasların gələcəkdə hansısa digər formada davam etdirilməsinə ehtiyac var. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və onların müsbət surətdə həll olunması istər münasibətlərimizin möhkəmlənməsinə, istərsə də ümumən regionda vəziyyətin sabitləşməsinə kömək edəcəkdir. Ona görə də bizim söhbətlərimiz belə böyük maraqla keçir.