RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GÖRÜŞÜ
Görüşdə qlobal enerji layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyəti, ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyi bildirildi. Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşünün uğurla keçdiyi, xalqlarımız arasında əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyət daşıdığı vurğulandı.
Türkiyə Prezidenti Azərbaycan ilə Avropa İttifaqı arasında yeni qonşuluq siyasətinə dair tədbirlər planının imzalanması münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev Azərbaycanın Avropaya inteqrasiya siyasətindən danışdı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxundu.
Prezident Əhməd Necdət Sezər bu məsələ ilə bağlı ölkəsinin mövqeyini bir daha açıqlayaraq dedi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır.
Görüşdə regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.