AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVMİNSK AVTOMOBİL ZAVODUNDA OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Minsk avtomobil zavodunda olmuşdur.
Azərbaycan rəhbərini burada Belarus Respublikasının sənaye naziri Anatoli Rusetski ehtiramla qarşıladı. Dövlətimizin başçısına gül dəstəsi və duz-çörək təqdim olundu.
Bu zavod 1944-cü ildə, Minsk şəhəri alman faşistlərindən azad olunduqdan sonra tikilmiş, 1947-ci ildə istifadəyə verilmişdir. Hazırda zavodda 27 500 işçi çalışır və gün ərzində 90 avtomobil istehsal olunur. MAZ-ın məhsulları Azərbaycan bazarında da məşhurdur, 2004-cü ildən burada rəsmi dileri fəaliyyət göstərir.
Dövlətimizin başçısı hazırda 300 növ məhsul buraxan zavodun yük avtomobillərinə, mikroavtobuslarına, avtokranlara, digər texnikalara baxdı, ayrı-ayrı istehsal sahələri və sexləri ilə tanış oldu, zavodun xatirə kitabına ürək sözlərini yazdı:
“Belarusun iqtisadi və sənaye potensialı sürətlə inkişaf edir. Sənaye məhsullarının nümunələri ilə tanış olarkən, biz onların yüksək keyfiyyətinin və texnoloji nailiyyətlərin olması qənaətinə gəldik.
MAZ sənaye müəssisələri sırasında layiqli yer tutur və xaricdə zavodun məhsuluna tələbat böyükdür.
Zavodun işçilərinə yeni uğurlar və Belarusun dost xalqına tərəqqi
arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
17.10.2006-cı il”.
Daha sonra Prezident İlham Əliyev zavodun buraxdığı avtobuslara
mindi, onların müasir standartlara uyğun istehsal olunduğunu bildirdi.