MƏDƏNİYYƏT
Azərbaycan Prezidentinin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələr Gəncədə geniş müzakirə edilmişdir
Gəncə, 21 yanvar (AZƏRTAC). Gəncədə Prezident İlham Əliyevin böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrə həsr edilmiş müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev milli-mənəvi dəyərlərimizin, eləcə də onun mədəni irsinin qorunmasına daim diqqət və qayğı göstərən dövlətimizin başçısına gəncəlilər adından minnətdarlığını bildirmiş və yubileyin yüksək səviyyədə keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra şəhər ziyalıları, alimlər yubileylə bağlı ürək sözlərini söyləmişlər. Onlar Şərqdə ilk şairə, qadın şahmatçı, musiqiçi, bir sözlə, əsl azad Azərbaycan qadını titulunu qazanmış Məhsəti Gəncəvinin məzarının tədqiqi, irsinin öyrənilməsi, onun şeir və rübailərinin nəşri, internetdə Məhsəti Gəncəvi saytının yaradılması kimi məsələlərlə bağlı arzu və təkliflərini səsləndirmişlər.
Müşavirədə dövlətimizin başçısının Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncamından irəli gələn digər vəzifələr də müzakirə edilmiş, şairin vətəni Gəncədə keçiriləcək yubiley tədbirlərinə hazırlıqla bağlı işçi qrupu və yubiley komissiyası yaradılmışdır.
Müşavirədə Gəncənin sonuncu hakimi Cavad xanın doğma şəhərində ucaldılacaq əzəmətli abidəsinin fotolayihəsi də ictimai müzakirəyə təqdim olunmuşdur.
Məlumat verilmişdir ki, postamentlə birlikdə hündürlüyü 13 metr 30 santimetr olacaq abidə şəhərə qərb istiqamətdən girişdə, vaxtilə Cavad xanın çar ordusuna qarşı döyüşlər apardığı ərazidə qoyulacaqdır. At belində olacaq Cavad xanın abidəsi şəhərin bir neçə kilometrliyindən görünəcəkdir. Heykəlin ətrafında isə geniş istirahət parkının salınması nəzərdə tutulmuşdur.
Fotolayihə ictimaiyyət nümayəndələri tərəfindən bəyənilmiş və razılıqla qarşılanmışdır.