Azərbaycan psixiatrları beynəlxalq konqresdən qayıdıblar
Bakı, 22 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavada Avropa Psixiatriya Birliyinin təşkilatçılığı ilə “Keçid dövründə psixiatriya: yeni modellər, məqsədlər və çağırışlar yolunda” şüarı altında 27-ci Avropa Psixiatriya Konqresi keçirilib. Klinik psixiatrlar, tədqiqatçılar və psixi sağlamlıq sahəsində maraqlı olan səhiyyə təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən konqresdə ölkəmizi Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Zəfər Əliyev, assistentlər Seymur Hacıyev və Ceyhun Məmmədzadə təmsil ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresin məqsədi psixiatriya, psixologiya, sosial iş və klinik sınaqlar sahəsində bir sıra mövzularda diskussiya və təhsil forumlarının inkişafına kömək etməkdən ibarət olub.
Tədbirdə psixofarmakologiyada sübuta əsaslanan təbabətin təkmilləşdirilməsi, icma səviyyəsində psixi sağlamlıq sistemlərinin tətbiqi, elektron psixi sağlamlıq və profilaktika proqramlarına xüsusi diqqət yetirilib.
Konqres iştirakçıları arasında təcrübə və fikir mübadiləsi aparılıb.