AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN NÖVBƏTİ PLENUMU OLMUŞDUR
Fevralın 14-də Südabə Həsənovanın sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmədən AZƏRTAC-a bildirmişlər ki, plenum torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında məsələ müzakirə etmişdir.
Plenumu Ali Məhkəmənin sədri açaraq vurğulamışdır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra Prezident Heydər Əliyevin başçılığı ilə ölkənin siyasi və iqtisadi həyatını yeni şəraitə uyğunlaşdırmaq məqsədi ilə genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Bu islahatlar arasında 1995-ci ildən başlanmış torpaq islahatları müstəsna yer tutur.
Bununla əlaqədar Torpaq İslahatları Proqramı hazırlanmış və islahatların aparılmasının hüquqi əsaslarını müəyyən edən “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaq kadastrı, monitorinqi və yerquruluşu haqqında” qanunlar, “Torpaq Məcəlləsi” və sair daxil olmaqla 40-dan çox qanun, qayda, əsasnamə və digər normativ hüquqi aktlar qəbul edilmişdir ki, bunlar da torpaq islahatlarının möhkəm hüquqi bazasını yaratmışdır. Bu sahədə qanunvericilik aktlarının qəbulu və onların icra prosesi indi də davam etməkdədir. Müzakirə edilən bu məsələ ilə əlaqədar Ali Məhkəmənin hakimi Bağır Əsədov plenumda məruzə etmişdir.
Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyev, Salyan Rayon Məhkəməsinin sədri Nizami Quliyev, İqtisad Məhkəməsi sədrinin müavini Sərvət Hüseynov, Sabunçu Rayon Məhkəməsinin hakimi İlham Əsədov çıxış edərək bu məsələyə münasibət bildirmişlər.
Məruzəçi və çıxış edənlər göstərmişlər ki, Azərbaycan Respublikasında torpaq islahatının uğurla həyata keçirilməsi nəticəsində müstəqil təsərrüfatçılığa əsaslanan torpaq münasibətləri meydana gəlmiş, bu münasibətlərin hüquqi tənzimləmə sistemi formalaşmış, fiziki və hüquqi şəxslərin torpaq üzərində hüquqları genişlənmiş, mülki dövriyyədə torpaq istifadəçilərinin sayı çoxalmış, torpaq mübahisələrinin həllində məhkəmə orqanlarının rolu əhəmiyyətli dərəcədə artmışdır.
Plenumda qeyd edilmişdir ki, məhkəmələr torpaq mübahisələrinə baxarkən qanunvericiliyi əsasən düzgün tətbiq edirlər.
Lakin bu sahədə nöqsanlar da vardır. Bəzi məhkəmələr torpaq mübahisələrinə baxarkən maddi və prosessual qanun pozuntularına yol verirlər.
Torpaq mülkiyyətçilərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını və qanuni mənafelərini daha səmərəli müdafiə etmək və bu sahədəki nöqsanları aradan qaldırmaq məqsədi ilə Ali Məhkəmənin plenumu müvafiq qərar qəbul etmişdir.
Bundan başqa, plenum Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2002-ci ildəki fəaliyyətinə dair həmin məhkəmənin sədri Gülzar Rzayevanın məlumatını dinləmişdir.
Məruzəçi göstərmişdir ki, Apellyasiya Məhkəməsi 2000-ci il sentyabrın 1-dən fəaliyyət göstərir və Azərbaycanın məhkəmə sistemində yeni bir səhifədir. Fəaliyyət göstərdiyi az müddətdə Apellyasiya Məhkəməsi respublikamızın məhkəmə sistemində öz yerini tutmuş, əhali arasında kifayət qədər tanınmışdır.
Fəaliyyəti dövründə Apellyasiya Məhkəməsinin kollegiyaları apellyasiya şikayətləri və apellyasiya protestlərinə əsasən çoxlu mülki işlərə və cinayət işlərinə baxmışlar. Şübhəsiz ki, yeni yaranmış Apellyasiya Məhkəməsinin fəaliyyətində nöqsanlar da vardır.
Plenumda həmin nöqsanlar və onları aradan qaldırma yolları göstərilmişdir.
Bundan başqa, plenumda əlavə kassasiya şikayətlərinə əsasən konkret cinayət işlərinə və mülki işlərə də baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində ədliyyə naziri Fikrət Məmmədov, baş prokurorun müavini Eldar Nuriyev, Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi İlqar Cəfərov və digər rəsmi şəxslər iştirak etmişlər.