CƏMİYYƏT
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndə heyəti Qara Dəniz Gənclər Forumunda iştirak etmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Rusiya Federasiyasının Moskva və Soçi şəhərlərində keçirilən Qara Dəniz Gənclər Forumunda iştirak etmişdir.
Milli Şuradan AZƏRTAC-a bildirmişlər ki, forum Qara dəniz regionunda gənclər təşkilatlarının rolunun müzakirə edilməsi və gənclər təşkilatları arasında uzunmüddətli əməkdaşlığın qurulması məqsədi ilə Moldova Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən başlamış təşəbbüsün davamı olaraq reallaşmışdır.
Forumda Qara dəniz regionunun 7 ölkəsindən gənclər təşkilatlarının 30-dan çox nümayəndəsi iştirak etmişdir.
Beynəlxalq tədbirdə ölkəmizi ARGTMŞ-nin sədri Şahin Seyidzadə, onun müavini Ramiz Əliyev və şuranın nəzarət-təftiş komissiyasının katibi Ləman Ağalarova təmsil etmişlər.
Dördgünlük forumda əsasən Qara dəniz regionunda mədəniyyətlərarası dialoq imkanları və problemləri barədə, qeyri-formal təhsilin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr aparılmışdır.
Forumun yekununda isə Qara dəniz regionunda gənclər təşkilatlarının əməkdaşlığı haqqında memorandum təsdiq edilmişdir.