RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il martın 5-də axşam Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə telefon etmişdir.
Prezident Vladimir Putin cərrahiyyə əməliyyatından sonra müalicəsini uğurla başa çatdırıb Vətənə qayıtması münasibətilə Prezident Heydər Əliyevi təbrik etmiş, ona möhkəm cansağlığı arzulamış və hazırda səhhətinin yaxşı olmasından məmnunluq duyduğunu bildirmişdir.
Prezident Heydər Əliyev səmimi sözlərə və xoş arzulara görə Prezident Vladimir Putinə minnətdarlıq etmişdir.
Telefon danışığı zamanı Prezident Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının bu yaxınlarda Almatı şəhərində keçirilmiş qeyri-formal görüşü, orada müzakirə olunan məsələlər, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizə və bəzi digər məsələlər barəsində Prezident Heydər Əliyevə söyləmişdir.
Prezident Vladimir Putin sammit zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Xəzəryanı dövlətlərin başçıları arasında aparılmış fikir mübadiləsindən söhbət açmışdır. Prezident Vladimir Putin və Prezident Heydər Əliyev bu məsələyə toxunaraq, Xəzər dənizinin hüquqi statusu prinsiplərinin müəyyən olunmasında Rusiyanın və Azərbaycanın mövqelərinin eyniliyini bir daha təsdiq etmişlər.
Prezident Vladimir Putin və Prezident Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmışlar.
Prezident Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində səylərini artırmağa hazır olduğunu vurğulamışdır.
Mehribanlıq və səmimilik şəraitində keçən söhbət zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.