AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN ELMİ-TƏDQİQAT AĞCİYƏR XƏSTƏLİKLƏRİ İNSTİTUTUNA
Sizi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yaradılmasının 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, nəcib və xeyirxah fəaliyyətinizdə uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Fəaliyyəti ağciyər xəstəlikləri və vərəmlə mübarizəyə yönəlmiş Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ölkədə tanınmış elm və müalicə mərkəzlərindən biri kimi, əhalinin sağlamlığının qorunması işində mühüm rol oynayır. Azərbaycanda vərəm xəstəliyi ilə mübarizəni gücləndirmək, xəstəliyin profilaktikası və müalicəsi üsullarını işləyib hazırlamaq və həyata keçirmək, bütövlükdə ftiziatriyanın inkişafına təkan vermək məqsədilə yaradılmış institutunuzun bu ağır xəstəliklə mübarizə işində xidmətləri böyükdür.
Əsaslı təmir edilmiş və ən müasir tibb avadanlıqları ilə təchiz edilərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1998-ci ildə yenidən istifadəyə verilmiş, fəaliyyət dairəsi genişləndirilmiş institutunuz hazırda elmi-metodik mərkəz olaraq, respublikada ağciyər xəstəlikləri və vərəmin profilaktikası, erkən aşkarlanması, müalicəsi işini uğurla həyata keçirir. Hamılıqla vaksinasiya işinin və profilaktik müayinələrin ardıcıl həyata keçirilməsi sayəsində son illər ərzində vərəmlə xəstələnmə və bu potologiyadan ölüm halları xeyli azalmışdır. Xüsusilə qaçqın və məcburi köçkünlər arasında aparılan profilaktik müayinələr və sağlamlaşdırıcı tədbirlərin gerçəkləşdirilməsi təqdirəlayiqdir.
Ümidvaram ki, ölkəmizin tibb işçiləri, o cümlədən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları əhalinin sağlamlığının qorunması işində bundan sonra da öz qüvvələrini əsirgəməyəcəklər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2004-cü il.