AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, ölkənizin inkişafı yolunda önəmli olan bir mərhələdə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə bp şirkətinin bütün əməkdaşları adından səmimi təbriklərimi yetirim. Mən əminəm ki, Siz atanızın irsinə sadiq qalacaq, beynəlxalq ədalət normalarına və kommersiya qanunlarına uyğun şəffaf, məsul, demokratik hökumətə artan sədaqətin təmin olunmasına çalışacaqsınız.
Eyni zamanda, ona da əminəm ki, Siz ölkədə sabitliyin qorunub saxlanması və qonşu ölkələrlə dinc əlaqələr qurmaq arzusunun həyata keçirilməsi istiqamətində səylərinizi davam etdirəcəksiniz. Mən şübhə etmirəm ki, Sizin beynəlxalq təcrübəniz və beynəlxalq əməkdaşlığa sədaqətiniz ölkənizin birbaşa xarici sərmayələr üçün cəlbediciliyini və bununla da Azərbaycanın gələcək iqtisadi inkişafını və xalqınızın rifahının yüksəlməsini daha da gücləndirəcəkdir.
Atanızın yeritdiyi müdrik siyasətin uğurları göz qabağındadır və bunun nəticəsi olaraq Azərbaycan yaxın bir neçə il ərzində getdikcə artan neft və qaz gəlirləri əldə edəcəkdir. Mən bilirəm ki, Siz hökumətdə daha ardıcıl islahatlar aparılmasının, bürokratik müdaxilələrdən azad, açıq və sabit biznes mühiti yaradılmasının, iqtisadiyyatın çoxşaxəliliyinə və inkişafına şərait yaratmaq ücün gəlirlərin səmərəli istifadəsinin təmin olunmasının vacibliyini dəstəkləyərək, bu işlərin həyata keçirilməsinin tərəfdarısınız.
Mən sıx əməkdaşlığımızın davamını səbirsizliklə gözləyir və Azərbaycanın enerji ehtiyatlarının bütün xalqınızın mənafeyi naminə sərf olunmasında Sizə və hökumətinizə kömək göstərə biləcəyimizə ümid edirəm.
Bir daha Sizdən xahiş edirəm ki, bp şirkətinin bütün əməkdaşları adından təbriklərimi və yeni vəzifənizdə uğur qazanmaq istəyi ilə ən xoş arzularımı qəbul edəsiniz.
Dərin hörmət və ehtiramla,
Devid Vudvord,
bp-Azərbaycan şirkətinin
prezidenti.
21 oktyabr 2003-cü il.