İQTİSADİYYAT
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Trans-Adriatik boru kəməri layihəsinə qoşulmuşdur
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirakını təmin etmək məqsədilə İsveçrənin Sürix şəhərində ARDNŞ ilə “TAP AG” şirkətinin hazırkı səhmdarları arasında səhmlərin alğı-satqısı barədə müqavilənin imzalanması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə, həmçinin ARDNŞ, “PEG”, “AXPO”, “BP”, “Fluxys”, “Total” və “Statoil” şirkətləri arasında “TAP AG” şirkətinin yeni səhmdarlar müqaviləsi imzalanmışdır. Bununla da ARDNŞ-in TAP boru kəməri layihəsinə qoşulması rəsmiləşdirilmişdir.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi TAP boru kəməri vasitəsilə həyata keçiriləcəkdir. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaqdır.
TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcəkdir.