RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABS-A SƏFƏRİ
Fevralın 1-də Nyu-Yorkun“Vuldorf-Astoriya” mehmanxanasında Dünya İqtisadi Forumunun “Mərkəzi Asiyada sabitlik” mövzusuna həsr olunmuş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də iştirak etmişdir.
Region dövlətlərinin yüksək vəzifəli şəxslərinin, iri korporasiyaların, şirkətlərin rəhbərlərinin, işgüzar dairələrin nümayəndələrinin, siyasi xadimlərin toplaşdığı iclası ABŞ-ın Kolumbiya Universitetinin professoru, səfir Stiven Sestanoviç açaraq, ilk sözü Azərbaycan Prezidentinə verdi. Dövlətimizin başçısı Heydər Əliyev öz çıxışında beynəlxalq terrorizmə, təcavüzkar separatizmə qarşı mübarizəyə, regionda vəziyyətə və bir sıra digər məsələlərə geniş yer ayırdı.
Respublikamızın rəhbərinin çıxışı iclas iştirakçıları tərəfindən böyük maraqla dinlənildi və alqışlarla qarşılandı.
Dünya iqtisadi forumunda iştirak edən Monqolustanın baş naziri Nambarın Enhbayar, Əfqanıstanın xarici işlər naziri Abdulla Abdulla, Türkiyənin xarici işlər naziri İsmail Cəm, habelə səfir Stiven Sestanoviç, “Şevron” şirkətinin keçmiş vitse-prezidenti Riçard Matske və başqaları Azərbaycan Prezidenti Heydər Əliyevə yaxınlaşaraq, onunla səmimiyyətlə görüşdülər, bir sıra məsələlər barədə fikir mübadiləsi etdilər.
X X X
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 1-də Nyu-Yorkda, onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Nikolay Qribkovu (Rusiya), Filip de Sürmeni (Fransa) və Rudolf Perinanı (ABŞ) qəbul etmişdir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi barədə geniş müzakirələr aparılmışdır.
Aslan Aslanov,
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbirləri
NYU-YORK