Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYAYA İŞGÜZAR SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə iyunun 8-9-da Sankt-Peterburqda işgüzar səfərə olmuşdur.

Rusiyanın şimal paytaxtının “Pulkovo-1” hava limanı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqları ilə bəzədilmişdi.

Prezident Heydər Əliyevi təyyarənin pilləkəni yanında Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanov və Sankt-Peterburq şəhərinin yüksək vəzifəli şəxsləri səmimiyyətlə və mehribanlıqla qarşıladılar. Şəhərdə yaşayan azərbaycanlıların uşaqları - milli geyimli qız və oğlan dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.

Sankt-Peterburqda yaşayan həmyerlilərimizin nümayəndələləri də Azərbaycan rəhbərini qarşılamaq üçün hava limanına gəlmişdilər. Onların əllərində Azərbaycan bayraqları, “Hörmətli Prezident, azərbaycanlı gənclər Sizi salamlayırlar” sözləri yazılmış transparant var idi.

Prezident Heydər Əliyev soydaşlarımıza yaxınlaşaraq onları salamladı, hal-əhval tutdu. Həmvətənlərimiz dövlətimizin başçısını hərarətlə salamladılar, onun Sankt-Peterburqa səfərə gəlməsindən şərəf duyduqlarını bildirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha - “Astoriya” mehmanxanasına yola düşdü.

X X X

SANKT-PETERBURQDA GƏZİNTİ

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgaha - “Astoriya” mehmanxanasına gəldi. Mehmanxananın qarşısına toplaşmış xarici turistlər, şəhər sakinləri, Sankt-Peterburqda yaşayan soydaşlarımız Azərbaycan Prezidentini mehribanlıqla salamladılar.

Prezident Heydər Əliyev burada maşından düşərək bir müddət şəhəri piyada gəzdi. Şəhər sakinləri hər yerdə dövlətimizin başçısını hərarətlə qarşılayırdılar. Peterburqun sakini Prezident Heydər Əliyevə müraciətlə dedi: Cənab Prezident, Siz bizim günəşimizsiniz. Siz Peterburqa gəldiniz günəş çıxdı. Bəli, Siz həqiqətən bizim günəşimizsiniz.

Respublikamızın rəhbəri Qoroxovo küçəsindəki 6 nömrəli binanın qarşısına gəldi. Vaxtilə həmin binada SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbi yerləşirdi. Prezident Heydər Əliyev gənclik illərində həmin məktəbdə oxumuşdu. Dövlətimizin başçısı binanın birinci mərtəbəsinə daxil oldu, burada təhsil aldığı dövrü xatırladı, sonra isə xatirə şəkli çəkdirdi.

Peterburqlular təklif etdilər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin vaxtilə burada ali təhsil alması barədə bu binaya xatirə lövhəsi vurulsun.

Prezident Heydər Əliyev şəhəri bir qədər də piyada gəzdikdən sonra “Astoriya” mehmanxanasına gəldi.

X X X

PİSKARYOV MEMORİAL QƏBİRİSTANLIĞINI ZİYARƏT

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1941-1942-ci illərdə blokada zamanı ölən leninqradlıların və Böyük Vətən müharibəsində şəhəri müdafiə edərkən həlak olmuş döyüşçülərin dəfn edildikləri Piskaryov memorial qəbiristanlığını ziyarət etmişdir. Dövlətimizin başçısı Heydər Əliyevi Sankt-Peterburq şəhərinin qubernatoru Vladimir Yakovlev müşayiət edirdi.

Respublikamızın rəhbəri əvvəlcə əbədi məşəlin önünə gül dəstəsi qoydu. Sonra Azərbaycan Prezidenti Heydər Əliyev “Ana Vətən” abidəsinin önünə əklil qoydu, blokada qurbanlarının və faşist işğalçılarına qarşı döyüşlərdə canlarından keçmiş qəhrəmanların xatirəsinə dərin hörmət və ehtiramını bildirdi.

Hərbi orkestr Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərini ifa etdi.

Dövlətimizin başçısına burada yaradılmış memarlıq-heykəltəraşlıq xatirə ansamblı haqqında ətraflı məlumat verildi. Respublikamızın rəhbəri şəhərin müdafiəsinə həsr olunmuş muzeyin ekspozisiyası ilə də tanış oldu, xatirə ansamblının fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı: “Piskaryov qəbiristanlığını ziyarət etmək bizi bir daha Böyük Vətən müharibəsinin getdiyi, Sovet Ordusu əsgərlərinin, bütün xalqın faşist işğalçılarına qarşı şiddətli döyüşlər apardığı o günlərə, illərə qaytarır. Leninqrad sakinləri xüsusi mərdlik, qəhrəmanlıq, dəyanət göstərirdilər, onlar blokadada olan şəhəri doqquz yüz gün ərzində son dərəcə ağır şəraitdə müdafiə edərək, Vətənin müdafiəsi naminə saysız-hesabsız qurbanlar vermişlər.

Qəhrəmanlara, Leninqrad şəhərinin Vətən uğrunda həlak olmuş bütün sakinlərinə əbədi eşq olsun.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

09.06.2002”

Ziyarətin sonunda Azərbaycan Prezidenti Heydər Əliyevə xatirə medalı təqdim edildi.

 

X X X

SANKT-PETERBURQDA DAHİ AZƏRBAYCAN ŞAİRİ NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN MƏRASİMDƏ İŞTİRAK

ETMİŞLƏR

İyunun 9-da Sankt-Peterburqun Kamennostrovski prospektindəki bağda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin tənətənəli açılış mərasimi olmuşdur. Abidənin müəllifi Azərbaycanın əməkdar rəssamı Görüş Babayev, memarı Feliks Romanovskidir.

Bağa toplaşanlar - Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri mərasimə gələn Rusiya dövlətinin başçısı Vladimir Putini və onu müşayiət edən şəxsləri alqışlarla qarşıladılar.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün buraya gəldi. Prezident Vladimir Putin dövlətimizin başçısını səmimiyyətlə və mehribancasına qarşıladı. Prezident Heydər Əliyevi Rusiyanın xarici işlər naziri İqor İvanov, mədəniyyət naziri Mixail Şvıdkoy, Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev və digər rəsmi şəxslər də hərarətlə salamladılar. Azərbaycan Prezidentini bu səfərdə müşayiət edən rəsmi şəxslər - xarici işlər naziri Vilayət Quliyev, mədəniyyət naziri Polad Bülbüloğlu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təqdim olundular.

Açılış mərasimində iştirak edən - Rusiya ziyalılarının nümayəndələri, şəhərin sakinləri, soydaşlarımız hər iki prezidenti mehribancasına və alqışlarla qarşıladılar. Azərbaycan diasporunun üzvləri əllərində Azərbaycanın dövlət bayraqlarını, “Azərbaycan və Rusiya - dostluq əbədidir”, “Azərbaycan milli-mədəni muxtariyyəti” sözləri, habelə dahi Nizaminin “Qoy haqq-ədalət zəfər çalsın...” kəlamı yazılmış plakatlar tutmuşdular.

Mərasimi Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev açdı.

SANKT-PETERBURQUN QUBERNATORU VLADİMİR YAKOVLEVİN ÇIXIŞI

- Rusiya Federasiyasının hörmətli Prezidenti Vladimir Vladimiroviç!

Hörmətli Azərbaycan Prezidenti Heydər Əliyeviç!

Əziz dostlar! Hörmətli qonaqlar!

Mən ilk növbədə şəhərimizin bütün sakinləri adından ali qonaqları - Prezidentləri burada, Sankt-Peterburqda bir daha salamlamaq istəyirəm. Şəhərimiz çoxmillətlidir, o, belə yaranmış, belə qurulmuş belə də inkişaf etməkdədir. Milli mənsubiyyətimizdən asılı olmayaraq, hamımız şəhərimizin inkişafına öz töhfəmizi veririk. Şəhərimiz də yaşayır, inkişaf edir. Biz şəhərimizin 300 illik yubileyinə hazırlaşırıq, onu abadlaşdırırıq, yenidənqurma və bərpa işləri aparırıq. Lap bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti və Ukrayna Prezidenti elə bu prospektdə Taras Qriqoryeviç Şevçenkonun abidəsini açmışlar. Fin kilsəsi bərpa edilmişdir və artıq fəaliyyət göstərir, gürcü kilsəsi isə bu yaxınlarda fəaliyyətə başlamışdır. Məscid, sinaqoq, pravoslav məbədləri bərpa olunur.

Bu gün isə biz şərqin dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışına toplaşmışıq. Nizami elə böyük şəxsiyyətlərdəndir ki, biz xalqlar arasında sülhü və əmin-amanlığı qorumaq üçün onların irsinə istinad edirik. Əbəs yerə deyil ki, 1941-ci ildə yalnız bizim şəhərdə Ermitajın soyuq zirzəmilərində, mühasirə şəraitində akademik Orbeli Nizaminin anadan olmasının 800 illiyi ilə əlaqədar təntənəli mərasimi açmışdı.

Bu, mühasirədə olan Leninqradın sakinləri üçün lazım idi. Bizim bu abidə də terrorun və zorakılığın dünya sivilizasiyasının əsaslarını təhdid etdiyi, yeni-yeni irqi və milli dözümsüzlük ocaqlarının yarandığı XXI əsrdə Sankt-Peterburqun sakinlərinə lazımdır.

Bizim bu abidəmiz həmin təhdidlərə cavabdır. Nizami təxminən doqquz əsr əvvəl doğulmuşdur və həqiqətən, təkcə Şərq mədəniyyətini deyil, həm də bütün dünyanın mədəniyyətini təmsil edir. Təsadüfi deyil ki, onun beş poeması əsasında bəstələnmiş gözəl musiqi əsərləri arasında Uzeyir Hacıbəyovla, Qara Qarayevlə yanaşı, Yuri Slonimskinin də inciləri var. Akademik Asafyev Nizaminin şerləri əsasında “Slavyan gözəli” operasını yaratmışdır.

Çox şadam ki, şəhərimizdə bu abidəni prezidentlərimizin iştirakı ilə açırıq, xüsusən də ona görə ki, Heydər Əliyeviç Əliyev 1948-ci ildə bizim şəhərimizdə yaşamış və oxumuşdur. Mən hamının yanında təşəkkürümü bildirmək istəyirəm ki, Heydər Əliyeviç şəhərimizdə belə bir abidənin qoyulması ideyasını dəstəklədi, bizim Peterburq diasporu, Azərbaycan və Rusiyanın mədəniyyət nazirlikləri isə bu gözəl abidənin ərsəyə gəlməsi üçün lazım olan bütün işləri gördülər.

Mədəni həyatımızdakı bu gözəl hadisə münasibətilə sizin hamınızı təbrik edir və abidəni açmağı xahiş edirəm.

X X X

Sonra mərasim iştirakçılarının alqışları altında abidənin üzərindəki örtük götürüldü.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə nitq söylədi.

RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN  NİTQİ

- Hörmətli Heydər Əliyeviç!

Hörmətli Vladimir Anatolyeviç!

Əziz dostlar!

Bu gün bizim üçün çox fərəhli, təntənəli hadisə baş verir. Biz Şərqin görkəmli oğlunun, Azərbaycanın görkəmli oğlunun - şair və mütəfəkkir Nizaminin abidəsini açırıq. Nizami həm şair, həm də böyük humanist idi və bu mənada Nizaminin yaradıcılığı bizim hamımıza mənsubdur, bütün bəşəriyyətə mənsubdur. Nizami həyatı boyu çox işlər görmüş, çox yazmış və özündən sonra nəhəng, misilsiz irs qoymuşdur.

O, Şərqi əhatə edən xalqlar haqqında, Şərq xalqları haqqında çox yazmışdır. O, ruslar haqqında da çox yazmışdır. O, tarixin ən müxtəlif məqamlarını qələmə alarkən, dinc həyatı da, müharibə əməliyyatlarını da təsvir edərkən, xalqları bir-birindən ayıra biləcək ideyalara heç zaman uymamışdır. O, həmişə və hər şey haqqında məhz belə düşünüb danışmış və xalqları yaxınlaşdırıb doğmalaşdıran sözlər və vəziyyətlər seçmişdir. Əgər haradasa Xəzər bölgəsində gedən döyüş səhnələrindən birini onun necə təsvir etdiyini xatırlasam, zənnimcə, səhv etmərəm. Həmin savaşda rus döyüşçülərindən birinin öhdəsindən gələ bilmədikdə, onun qarşısına gözəl bir qız çıxarırlar və Nizaminin yazdığı kimi, o, həmin qızı da götürüb savaş meydanından gedir.

Nizami sözün ən geniş mənasında humanist idi. Bu, onun fikridir ki, dünya ehtiyac və təqiblər üçün xəlq olmayıb, dünya xoşbəxtlik və azadlıq üçün yaranmışdır. Məhz Nizami demişdir ki, ürəkdən gələn söz birbaşa ürəyə yol tapır.

Bu gün, bu təntənəli mərasimdə demək istəyirəm ki, biz indi nə ediriksə, hamısını ürəkdən edirik. Peterburq sakinləri, Rusiya vətəndaşları istəyirlər ki, bizim bugünkü tədbirimiz Azərbaycan xalqının da - həm burada yaşayanların, həm də Azərbaycanda yaşayanların ürəyinə yol tapsın. Biz bununla bildirmək istəyirik ki, azərbaycanlı qardaşlarımıza yaxın qohumlarımız kimi münasibət bəsləyirik. Bildirmək istəyirik ki, Azərbaycan mədəniyyətinə, Şərq mədəniyyətinə hörmət edirik və ümidvarıq ki, bu, bizi həmişə birləşdirəcək təməl olacaqdır.

Sizi təbrik edirəm. Sağ olun.

 

Sonra mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev nitq söylədi.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Rusiya Federasiyasının möhtərəm Prezidenti cənab Vladimir Vladimiroviç Putin!

Xanımlar və cənablar! Hörmətli qonaqlar!

Məni Sankt-Peterburqa səfərə dəvətinizə, Sizinlə yenidən görüşmək imkanına görə, dahi Azərbaycan şairi Nizami Gəncəviyə burada ucaldılmış heykələ görə hörmətli Vladimir Vladimiroviç, Sizə ürəkdən təşəkkür edirəm.

Sankt-Peterburq şəhəri Rusiyanın şöhrətinin təcəssümüdür. O, rus ruhunun gücünü və qüdrətini özündə toplamış, rus xalqının yaradıcı potensialını artıraraq inkişaf etdirmiş, rus fikrinin və rus incəsənətinin təkraredilməz incilərini dünya mədəniyyətinin sərvəti etmişdir. Əsl rus ruhuna malik olan bu şəhərə zəka və qəlblərə hakim kəsilən bənzərsiz mənəvi mühit xasdır. O, bütün dünyaya məxsus olan bir şəhərdir.

Bu gün Sankt-Peterburqda dahi şair Nizaminin heykəlinin açılışını biz dünya mədəni irsinə böyük ehtiramın ifadəsi, Azərbaycan xalqına bəslənilən dostluq və qardaşlıq hisslərinin təzahürü kimi qiymətləndiririk. Keçən il oktyabrın 12-də Bakıda rus poeziyasının dühası Aleksandr Sergeyeviç Puşkinə heykəl qoyulmuşdur. Bu gün isə burada, Puşkinin Böyük Pyotrun əsəri adlandırdığı bu şəhərdə Nizamiyə heykəl ucaldılmışdır. Bu iki abidə həm xalqlarımızın mədəniyyətinə hədsiz ehtiramımızın, həm də ölkələrimiz arasında əlaqələrin yeni səviyyəsinin təcəssümüdür.

Sankt-Peterburqun 300 illik tarixinin hər bir səhifəsi onun Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində, Rusiyanın mənəvi dəyərlər sisteminin formalaşdırılmasındakı roluna, dünya elm və mədəniyyət xəzinəsinə verdiyi töhfəyə dəlalət edir. Bu şəhər bütün görkəmi ilə rus xalqının yaradıcı fəaliyyətinin sonsuz imkanlarını dünyaya nümayiş etdirir. Sankt-Peterburq rus ədəbiyyatının böyük dühalarının vətəni kimi tarixə həmişəlik daxil olmuşdur. Onun muzeylərində saxlanılan nadir sənət əsərləri, rus memarlığı və monumental heykəltəraşlığının şəhərin meydan və küçələrini bəzəyən abidələri yeni-yeni nəsilləri heyrətə gətirir.

Bu şəhər rus torpağının bir çox istedadlı övladının yaradıcılıq təxəyyülünə qol-qanad vermiş və onların amallarını gerçəkləşdirmişdir. Sankt-Peterburq onların Rusiyanın şöhrəti naminə gördükləri işləri həm öz simasında, həm də rusiyalıların ürəklərində əbədiləşdirmişdir. Bu şəhərin bənzərsiz yaradıcılıq ab-havası Rusiyanın taleyini əziz tutan bütün insanlara daim ilham vermişdir.

Bu şəhərin müdafiəçilərinin və sakinlərinin Hitler qoşunlarının hücumlarına qəhrəmancasına müqavimət göstərdikləri 900 gün ərzində dünya bir daha dərk etdi ki, qəhrəmanlıq hər şeydən öncə yüksək mənəviyyatın təzahürüdür. Bu qəhrəmanlığın mənbəyini ilk növbədə böyük rus mədəniyyətinin mənəvi qaynaqlarında axtarmaq lazımdır. Bu mədəniyyətin möhtəşəmliyi özünü həm də mühasirə günlərində, Ermitajın soyuq salonlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyi təntənəli şəkildə qeyd edilərkən büruzə verdi.

Bu gün biz Piskaryov memorial qəbristanlığını ziyarət etdik və yenilməz qəhrəmanlıqları qarşısında bəşəriyyətin baş əydiyi bütün insanların, nurlu xatirəsini yad etdik. Onlar əbədiyyətə qovuşaraq, faşizmə müqavimətin rəmzi, rusiyalıların öz Vətəninə olan böyük məhəbbətinin rəmzi, Rusiyanın məğlubedilməzliyinin rəmzi kimi həmişəlik qəlblərimizdə qalmışlar.

Rusiya tarixinin bütün taleyüklü məqamlarında Sankt-Peterburq rus mənəviyyatının dayağı olmuşdur. Bəşər elminin elə bir sahəsi, incəsənətin elə bir növü, insan təfəkkürünün nüfuz etdiyi elə bir sahə yoxdur ki, bu şəhər orada öz izini qoymamış olsun. Onun 300 illik tarixi rus mənəviyyatının qüdrətini, rus xalqının əzəmətini, Rusiyanın böyüklüyünü tərənnüm edən əbədi bir nəğmədir.

Məhz Sankt-Peterburqda Nizami yaradıcılığının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki rolunu özünün dünyagörüşü süzgəcindən keçirərək, yaradıcılığında antik yunan və Roma irsini, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik ənənələrini əks etdirə bilmişdir.

Nizaminin ürəkləri vəcdə gətirən təkrarolunmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi konsepsiyası öz əksini tapmışdır.

Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sirləri haqqında yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır. Onun poemalarının xüsusiyyətləri və yaratdığı poetik obrazların dərinliyi Qərbin dahi Höte kimi mütəfəkkirlərini heyran qoymuşdur.

Zənnimcə, məhz Nizaminin bütün əsərlərində bəşər övladının misilsiz qüdrətinin tərənnüm edilməsi sayəsində Azərbaycan xalqının dahi oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin ayrılmaz hissəsinə çevrilmək şərəfi qismət olmuşdur.

Hörmətli Vladimir Vladimiroviç! Sizin Azərbaycana rəsmi səfəriniz ölkələrimiz öz dövlət müstəqilliklərinə qovuşandan sonra Rusiya dövləti başçısının Azərbaycan Respublikasına ilk səfəri olmuşdur. Bu, tarixi bir səfər idi və əməkdaşlığımızın inkişafındakı yeni dinamik mərhələ məhz onunla başlamışdır.

Həmin səfərin gedişində, eləcə də mənim Rusiyaya cavab səfərim zamanı biz Sizinlə siyasi və iqtisadi əməkdaşlığımızla bağlı bir çox aktual problemləri müzakirə etdik, regional təhlükəsizlik məsələlərinə toxunduq, Bakı bəyannaməsini və Uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə imzaladıq, qarşılıqlı ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaratdıq, Xəzərin statusu məsələsində əhəmiyyətli irəliləyişə nail olduq.

Vladimir Vladimiroviç, Qərbin və Şərqin böyük sivilizasiyalarını ənənəvi olaraq təcəssüm etdirən bir ölkə kimi, Rusiya Sizin rəhbərliyiniz altında yeni əsrin və yeni minilliyin qlobal siyasətində çox böyük rol oynamağa başlayır. Rusiya bizim üçün sadəcə qonşu deyil, həm də elə bir ölkədir ki, biz iki əsrdən artıq dövr ərzində eyni dövlətin tərkibində olmuşuq. Biz Qafqazdakı bir çox problemlərin həllini məhz bu ölkə ilə bağlayırıq.

Regionda sabitlik, təhlükəsizlik və tərəqqi, orada beynəlxalq layihələrin, o cümlədən tarixi İpək Yolunun bərpasının və Şimal-Cənub layihəsinin gercəkləşdirilməsi, şübhəsiz ki, burada mövcud olan münaqişələrin həlli ilə bağlıdır. Azərbaycana səfəriniz zamanı Siz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mühüm bir ifadə işlətmişdiniz: “Bizim məqsədimiz qaliblər və məğlublar olmadan sülh əldə edilməsinə kömək göstərməkdir”. Rusiya xarici siyasətinin son dövrdə Sizin rəhbərliyiniz altında formalaşmış bu yeni siması ümid etməyə imkan verir ki, bölgəmizdə mövcud olan bütün münaqişələr məhz Sizin təklif etdiyiniz prinsip əsasında öz həllini tapacaqdır.

11 sentyabr hadisələri bəşəriyyətin siyasi və mənəvi varlığına faciəli çalarlar gətirdi, beynəlxalq terrorizmin nə qədər qorxulu bir amilə çevrildiyini dünyaya göstərdi. Bu gün, terrorizm təhlükəsi qarşısında hamımızın əl-ələ verdiyimiz bir vaxtda xüsusi vurğulamaq istəyirəm ki, həm Azərbaycan, həm də Rusiya terrorizm təhlükəsi ilə digər dövlətlərdən çox-çox əvvəl üzləşmişdir. Terrorizmin nə vətəni, nə milli və ya dini mənsubiyyəti vardır. Biz dünyada onu da hamıdan yaxşı dərk edirik ki, bu məsələni təkcə silah gücü ilə birdəfəlik həll etmək mümkün deyildir. Yalnız mədəniyyətlərin və sivilizasiyaların səmərəli dialoqu bu təhlükənin qarşısını almağa və onun kökünü birdəfəlik kəsməyə qadirdir.

Azərbaycan-Rusiya strateji əməkdaşlığının proqramı artıq faktiki olaraq formalaşmışdır və özünün öncül istiqamətlərini müəyyən etmişdir. O, bəyanatlar və sazişlərdən konkret əməli iş mərhələsinə keçməkdədir. Rusiya və Azərbaycan prezidentlərinin bugünkü görüşü və bu abidənin unudulmaz açılış mərasimi də bunun parlaq sübutudur.

Hörmətli Vladimir Vladimiroviç! Bizim görüşümüz Sizin vətəninizdə, doğulub boya-başa çatdığınız şəhərdə keçir. Sankt-Peterburq mənə də yaxın və əzizdir. Bu gün mən bu şəhərdə təhsil aldığım illəri, sonrakı həyatımda və siyasi fəaliyyətimdə böyük rol oynamış həmin dövrü dərin məmnunluq hissi ilə xatırlayıram. Gənclik illərimin şəhəri ilə olan bu görüş, təbii ki, mənim qəlbimdə bir çox işıqlı duyğular və xatirələr oyatdı. Bunlara görə Sizə minnətdaram.

Əziz dostlar! Sizin hamınızı, Sankt-Peterburqun bütün sakinlərini, bütün Azərbaycan xalqını Nizami Gəncəvinin abidəsinin açılışı münasibəti ilə təbrik edirəm. Dahi humanist və mütəfəkkirə ucaldılan bu gözəl abidə həmişə bizim nəzərlərimizi ümumbəşəri dəyərlərə, xeyirxahlıq, haqq-ədalət ideallarına yönəldəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.

Sağ olun.

X X X

Azərbaycan və Rusiya prezidentləri Nizami Gəncəvinin abidəsi önünə gül qoydular.

Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev, Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal Dairəsində nümayəndəsi Viktor Çerkesov, iki ölkənin xarici işlər və mədəniyyət nazirləri də dahi Azərbaycan şairinin abidəsi önünə gül-çiçək qoydular.

Açılış mərasimində Üzeyir Haçıbəyovun Nizami Gəncəvinin şerinə bəstələdiyi ölməz “Sənsiz” romansı səslənirdi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ

İyunun 9-da Rusiya Prezidentinin Sankt-Peterburqdakı iqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olmuşdur.

Prezident VLADİMİR PUTİN Prezident Heydər Əliyevi bir daha salamlayaraq dedi:

-Hörmətli Heydər Əliyeviç, icazə verin, Sizi Rusiyada, Peterburqda bir daha ürəkdən salamlayım və Nizaminin abidəsinin açılışı münasibətilə bir daha təbrik edim. Heydər Əliyeviç, bu, mühüm və müəyyən dərəcədə əlamətdar hadisə olub, xalqlarımızın qarşılıqlı yaxınlığını, bir-birinin mədəniyyətinə olan hörmət və marağını göstərir. Həqiqətən, Peterburq hətta 1941-ci ildə blokadada olarkən Nizaminin 800 illiyini qeyd etmişdir. Bunun o vaxt şəhər üçün necə müşkül iş olduğunu hətta təsəvvür etmək çətindir.

İndiki tədbir çox mühümdür və Heydər Əliyeviç, bu mərasimdə iştirak etməyə imkan tapdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Şübhəsiz ki, Sizin bu səfərinizdən istifadə edərək, həm ikitərəfli qarşılıqlı münasibətlərimizə və həm də beynəlxalq təşkilatlarda səylərimizin əlaqələndirilməsinə dair məsələləri müzakirə edəcəyik.

Səmimi sözlərə, göstərilən qonaqpərvərliyə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV dedi:

-Vladimir Vladimiroviç, Rusiyaya, Sankt-Peterburqa gəlmək barədə dəvətinizə görə Sizə bir daha təşəkkür edirəm. Burada keçirilən görüş mənim üçün və hesab edirəm ki, Sizin üçün də xüsusi xarakter kəsb edir. Biz Sizinlə Moskvada dəfələrlə görüşmüşük, bu gün isə Sankt-Peterburqda görüşürük. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin burada abidəsinin qoyulmasına görə Sİzə təşəkkür edirəm. Bunun bizim xalqımız üçün, eyni zamanda ikitərəfli münasibətlərimiz, xalqlarımız, dövlətlərimiz arasında münasibətlər üçün çox böyük əhəmiyyəti var, Sizinlə axırıncı görüşümüzdə müəyyən etdiyimiz və ölkələrimizin əlaqələrinin inkişafına və möhkəmlənməsinə yönəldilmiş xəttin həyata keçirilməsi üçün də böyük əhəmiyyətə malikdir.

Bu, adi bir hadisə deyildir. Abidə həmişəlik qoyulur. Onu da əlavə etmək istəyirəm ki, Sankt-Peterburqda abidələr az deyildir. Sankt-Peterburq görkəmli memarlar tərəfindən tikilmiş şəhərdir, burada çoxlu memarlıq abidələri var, o cümlədən də müxtəlif şəxsiyyətlərə - dövlət xadimlərinə, ictimai xadimlərə, elm xadimlərinə və bir çox başqalarına həsr olunmuş monumental abidələr var. Onların hamısı Rusiyanın görkəmli adamlarıdır, özü də ola bilsin, təkcə Rusiyanın yox. Lakin belə abidələrlə yanaşı, Nizami Gəncəvinin, Azərbaycan şairinin də abidəsinin olması, şübhəsiz ki, bizim üçün böyük hadisədir. Azərbaycanda Nizaminin abidələri çoxdur. Bu şairin Gəncədə böyük məqbərəsi tikilmişdir, ancaq başqa şəhərlərdə də abidələri var. Çünki Nizami Gəncəvi bizə o qədər əzizdir və onun irsi o qədər qiymətlidir ki, insanlar bu abidələrin qoyulmasını özləri xahiş etmişlər. Ancaq Rusiya torpağında, özü də hansısa bir başqa yerdə yox, məhz Sankt-Peterburqda, böyük Pyotrun belə əzəmətli abidəsinin ucaldığı şəhərdə Nizami Gəncəviyə abidə qoyulması bizim üçün xüsusilə əhəmiyyətlidir. Yeri gəlmişkən, mən burada oxuyanda bizim məktəbimiz Pyotrun heykəlinin yaxınlığında idi. Mən, demək olar, günaşırı, iki gündən bir gedib o heykələ baxır və valeh olurdun.

VLADİMİR PUTİN: Mənə dedilər ki, dünən Siz orada olmuşsunuz.

HEYDƏR ƏLİYEV: Bəli, oldum. Ona görə də bu şəhərdə Nizaminin abidəsinin qoyulmasının xüsusi əhəmiyyəti var. Vladimir Vladimiroviç, bu əlamətdar hadisəyə görə, məni dəvət etdiyinizə görə, abidənin açılışında şəxsən iştirak etdiyinizə görə Sizə çox-çox təşəkkür edirəm. Bu, xalqımız, ölkəmiz üçün qeyri-adi əhəmiyyətə malik hadisədir. Buna görə sağ olun. Eyni zamanda, bu görüş fikir mübadiləsi aparmaq üçün bir imkandır və buna həmişə ehtiyac var. Mən şadam ki, belə bir fürsət düşdü. Çox sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ “SİVİLİZASİYALARIN DİALOQU” BEYNƏLXALQ ANDREY PERVOZVANNI MÜKAFATININ TƏQDİM EDİLMƏSİ MƏRASİMİ

İyunun 9-da “Astoriya” mehmanxanasının böyük salonunda Azərbaycan Prezidenti Heydər Əliyevə “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir. Rusiyanın bu nüfuzlu ictimai mükafatı beynəlxalq həmrəylik əldə edilməsinə töhfəyə, zorakılıq və qisas siyasətindən imtinaya görə verilir. Müəllimlərin, həkimlərin, alimlərin, ruhanilərin, incəsənət xadimlərinin, dövlət qulluqçularının daxil olduqları “Rusiyanın Milli Şöhrəti Mərkəzi” İctimai Fondunun təsis etdiyi bu mükafat ilk dəfə idi ki, xarici dövlətin başçısına verilirdi.

Mərasimə toplaşanlar, o cümlədən Sankt-Peterburqun rəhbəri, şəhər ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri dövlətimizin başçısı Heydər Əliyevi səmimiyyətlə salamladılar.

Mərasimi “Rusiyanın Milli Şöhrəti Mərkəzi”nin Qəyyumluq şurasının sədri Vladimir Yakunin açdı.

“RUSİYANIN MİLLİ ŞÖHRƏTİ MƏRKƏZİ”NİN QƏYYUMLUQ ŞURASININ SƏDRİ VLADİMİR YAKUNİNİN ÇIXIŞI

- Hörmətli Heydər Əliyeviç!

Hörmətli xanımlar və cənablar!

“Rusiyanın Milli Şöhrəti Mərkəzi”nin Qəyyumluq şurasının üzvləri adından çıxış edərək demək istəyirəm ki, Fondun beynəlxalq mükafatının verilməsi haqqında komissiyanın qərarını açıqlamaq və artıq 10 illik tarixə malik Fondun fəaliyyətində ilk dəfə olaraq mükafatımızın xarici dövlətin başçısına təqdim edildiyini bildirmək mənim üçün çox böyük şərəfdir. Bu, belə səviyyədə ilk mükafatdır və belə insana təqdim edilən ilk mükafatdır.

Fondun ideologiyası ondan ibarətdir ki, hər bir dövlətin vətəndaşları, bütün dünyada yaşayan vətəndaşlar nəinki öz dövlətlərinin inkişafı üçün öz töhfələrini vermək hüququna malik olsunlar və bunu etməlidirlər, öz xalqının milli ənənələrini qorumalıdırlar, həm də bütün dünyada mədəni, tarixi və dini dəyərlərin qorunub saxlanması işində səyləri birləşdirməyə cəhd göstərməlidirlər.

Bizim üçün belə bir fakt əhəmiyyətlidir ki, bu kresloda qeyri-adi bir insan - Heydər Əliyeviç əyləşmişdir, salondakıların çoxu bu şəxsi Sovet İttifaqı dövründən tanıyır, onun səmərəli çoxillik əmək fəaliyyətinə bələddir. Mən vurğulamaq istəyirəm ki, bu gün bu mükafat, sadəcə, dövlət başçısına deyil, məhz bu insana təqdim edilir.

İşimizin ideologiyası bir də ondan ibarətdir ki, bəzən hökumət mürəkkəb, təhlükə doğura biləcək problemləri həll etmək iqtidarında olmayanda, sağlam təfəkkür işə qarışmalı, milli xarakterin bütün ən yaxşı keyfiyyətləri bu işə cəlb olunmalıdır. Mənə elə gəlir və biz buna əminik ki, bugünkü fəxri qonağımız məhz belə keyfiyyətlərə malikdir.

Heydər Əliyeviç, biz bilirik ki, Sizin ölkənizdə Aleksandr Sergeyevic Puşkinin abidəsi ucaldılmışdır. Bu gün Siz Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışında iştirak etdiniz. Biz belə hesab edirik ki, iki dahi şairin sənət nümunələri sərhədləri aşmağı, milli müxtəlifliyi adlamağı, bir-birinə necə hörmət etməyi öyrənmək üçün bu bir məktəbdir. Bizim üçün bu, çox vacibdir, çünki hesab edirik ki, min illərlə bərqərar olmuş qarşılıqlı anlaşma, mədəni-tarixi ənənələr Azərbaycanın bir çox ruslar üçün ikinci vətən olduğu, bir çox azərbaycanlının Rusiyanı özlərinin ikinci vətəni hesab etdiyi indiki dövrdə bugünkü münasibətlərimizin əsasını təşkil etməlidir.

Mükafat təqdim edilməzdən əvvəl qısa çıxışımı Nizaminin bu sözləri ilə bitirmək istərdim: “Öz “mən”inin zindanını tez tərk edib, “biz” desən sübh açılacaq”. Zənnimcə, bu gün mükafat hörmətli Heydər Əliyeviçə məhz bu tezisə, məhz bu şüara uyğun olaraq təqdim edilir.

X x x

Vladimir Yakunun Azərbaycan dövlətinin başçısı Heydər Əliyevə “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatını, onun aşırma lentini və gül dəstəsi təqdim etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli sədr!

Hörmətli xanımlar və cənablar!

Sankt-Peterburq şəhərinin hörmətli qubernatoru!

Dostlar!

Fondun göstərdiyi diqqət məni təsirləndirdi. Əsas nizamnaməsində “Sivilizasiyaların dialoqu” devizi olan həmin Fondun mükafatını almaq böyük şərəfdir. Mən bunu Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında münasibətləri möhkəmlətmək və inkişaf etdirmək üçün daha bir imkan kimi qiymətləndirirəm.

Mən buraya, Sankt-Peterburqa Rusiya Federasiyasının Prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin dəvəti ilə gəlmişəm. Bu gün biz onunla birlikdə Sankt-Peterburqda, bu gözəl şəhərin ən yaraşıqlı guşələrindən birində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini açdıq.

Sankt-Peterburqun qubernatoru Vladimir Anatolyeviç Yakovlevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin açılış mərasimindəki çıxışlarını mən çox mühüm hadisə hesab edir və Azərbaycan xalqına, onun tarixi irsinə, mədəniyyətinə və ədəbiyyatına böyük diqqət və hörmətin təzahürü kimi qiymətləndirirəm.

Mərasimdən sonra Rusiya Prezidenti Putin ilə işgüzar görüş keçirdik. Görüşümüz kifayət qədər uzun çəkdi. Görüşü müşahidə edənlərin dediyinə görə, biz təkbətək iki saatdan artıq söhbət etmişik. Hər iki prezidentin, ələlxüsus da Rusiya Federasiyası Prezidentinin iş cədvəlinin dəqiqəbədəqiqə bölündüyünü nəzərə alsaq, bu, qeyri-adi haldır. Lakin eyni zamanda, buna əsas da var, çünki biz Rusiya-Azərbaycan münasibətlərindən, bu münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə dair tədbirlərindən, müxtəlif problemlərdən danışdıq. Bir çox beynəlxalq məsələlər barəsində fikir mübadiləsi apardıq. Bu cəhətdən Vladimir Vladimiroviçdə çox zəngin məlumat vardır. Çünki o, prezident vəzifəsində dinamik fəaliyyət göstərərək, Rusiyanın ölkədaxili quruculuğuna, Rusiya dövlətçiliyinin inkişafına aid bir çox məsələləri həll etməklə yanaşı, beynəlxalq problemlərlə də çox fəal məşğul olur.

Mən ona dedim ki, prezident kimi o qədər fəaldır ki, nə vaxt bir ölkədən başqa ölkəyə getdiyini, çox vacib bir görüşdən sonra digər çox vacib görüş keçirdiyini izləməyə macal tapmırıq. Siz bunu bilirsiniz. Mən isə bunu ona görə deyirəm ki, Prezident Putinin son illər fəal surətdə məşğul olduğu bir sıra beynəlxalq həyat problemləri barədə onunla söhbət etməyə böyük ehtiyacım vardı.

Lakin müzakirə etdiyimiz başlıca məsələlər, əlbəttə ki, Rusiya və Azərbaycana, regionumuza, Qafqaza aid məsələlər idi. Biz Qafqazdakı mövcud münaqişələrin, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi apardıq. Mən bugünkü gündən çox məmnunam. Mədəni, ədəbi və mənəvi həyatımız siyasi fəaliyyətimizlə, siyasi məsələlərlə üzvü surətdə çulğaşır. Ona görə də mənə əziz olan Sankt-Peterburq şəhərini bugun birlikdə görə bildiyimiz işlər baxımından böyük minnətdarlıq hissi ilə tərk edirəm.

Bu gün, bu mühüm görüşlər başa çatdıqdan sonra siz Andrey Pervozvannı mükafatını mənə təqdim etmək üçün buraya toplaşmısınız. Bu, məni çox təsirləndirir. Hər bir mükafatın öz əhəmiyyəti, öz mənası var. İndiki halda isə, mənə təqdim etdiyiniz mükafatın xüsusi mənası var. Söhbət mənəviyyatdan gedir, söhbət insandan gedir, söhbət bəşəriyyətin taleyindən gedir, söhbət sivilizasiyaların dialoqu kimi mühüm məsələdən gedir. Sivilizasiyaların dialoqu bizim zamanəmizdə ictimaiyyətin, bütün ölkələrin siyasi xadimlərinin şüuru bəlkə də xüsusi yer tutur.

Fondunuzun mövcud olduğunu, məhz bu deviz altında fəaliyyət göstərdiyini eşidəndə mən çox sevindim. Sizi əmin edirəm ki, Azərbaycanda sivilizasiyaların dialoqu probleminə böyük əhəmiyyət verilir. Birlirsiniz ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Azərbaycanın coğrafi mövqeyi onun Avropa ilə Asiya arasında körpü olmaq taleyini əzəldən mvəyyənləşdirmişdir. Azərbaycan bu funksiyanı həmişə yerinə yetirmişdir. Çindən və Yaponiyadan başlayaraq məhz Xəzər dənizindən, Azərbaycandan, Qafqazdan keçərək Avropaya, Avropanın hətta ən şimal ölkələrinə gedib çıxan Böyük İpək yolunun mövcud olduğu dövrlərdə belə Azərbaycan bu tarixi İpək Yolu üstündə mühüm körpü idi.

 

İndi Azərbaycan Böyük İpək yolunun bərpasının iştirakçısıdır. Biz böyük iş görürük. Ancaq Azərbaycanın Şərqlə Qərb arasında, Avropa ilə Asiya arasında yerləşmək funksiyası bununla bitmir. Bilirsiniz ki, Azərbaycan, əsasən, müsəlman ölkəsidir. Lakin müsəlman ölkəsi olmaqla yanaşı, o, öz tarixi, milli, mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiqliyi saxlayır. Bununla bərabər, artıq bir çox yüzilliklərdən bəri Azərbaycan ümumbəşəri dəyərlərdən, Avropa dəyərlərindən, Avropa mədəniyyətindən, demək olar, ardıcıl surətdə bəhrələnir. Bununla da, Azərbaycan sivilizasiyalı ölkə olmaq vəzifəsini yerinə yetirir.

Azərbaycanda 10 ildir müstəqil dövlət mövcuddur. Biz demokratik, hüquqi, sivil dövlət qururuq. Keçmişdə Azərbaycanda mövcud olmuş və bu gün qorunub saxlanılan hər şeyin vəhdəti özünü məhz bu baxımdan büruzə verir - mən xalqın milli, dini və mənəvi dəyərlərini nəzərdə tuturam. Bu xalq, bu ölkə artıq çoxdandır ki, ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə yaşayır. Ona görə də Azərbaycanın necə bir ölkə olması və sivilizasiyaların dialoqunda Azərbaycanın hansı rolu yerinə yetirməsi barədə nəticə çıxarmaq olar.

Mən bu fəxri mükafatı alarkən sizi əmin etmək istəyirəm ki, Azərbaycan xalqı sülhsevər xalqdır, ilk öncə, ali bəşəri dəyərləri qiymətləndirən, ilk öncə, ülvi mənəviyyatı, ən yüksək mədəniyyəti qiymətləndirən xalqdır. Hazırda öz müstəqil dövlətində yaşayan, demokratiya, bazar iqtisadiyyatı, demokratik dəyişikliklər yolu ilə inkişaf edən Azərbaycan xalqı bu prinsiplərə həmişə sadiq olacaqdır. Bu diqqətə görə sizə bir daha təşəkkür edirəm və Fonda yeni-yeni uğurlar, sizin hamınıza cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram.

/Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı/.

X X X

Sankt-Peterburqdakı Azərbaycan diasporunun mərasimdə iştirak edən

nümayəndələri dövlətimizin başçısını mükafatın təqdim olunması münasibətilə təbrik etdilər, respublikamızın rəhbərinə möhkəm cansağlığı arzuladılar.

Sonra Prezident Heydər Əliyev və Azərbaycan diasporunun fəalları xatirə şəkli çəkdirdilər.

X X X

X X X

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Neva çayı sahilindəki “Mednıy Vsadnik” limanına gəldi. Dövlətimizin başçısı və onu müşayiət edən şəxslər xüsusi katerlə Neva çayında gəzintiyə çıxdılar, Rusiyanın şimal paytaxtının əsrarəngiz gözəlliyini maraqla seyr etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyevi katerlə gəzinti zamanı Rusiyanın xarici işlər naziri İqor İvanov, mədəniyyət naziri Mixail Şvidkoy, Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev və digər rəsmi şəxslər müşayiət edirdilər.

Aslan Aslanov,

Yaşar Xəlilov /foto/

AZƏRTAC-ın xüsusi müxbirləri,

Rafiq Bağırov /foto/

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL