AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI, YENI AZƏRBAYCAN PARTIYASININ SƏDRI ZATI-ALILƏRI CƏNAB HEYDƏR ƏLIYEVƏ
Sizi XXI əsrdə Azərbaycanda keçirilən ilk prezident seçkilərinin uğurlu nəticələri münasibətilə təbrik edir, bu seçkilərdə Azərbaycan Respublikasının Baş naziri, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin parlaq və inamlı qələbəsini onilliklər boyu Azərbaycan naminə yorulmaz və səmərəli fəaliyyətinizə qədirbilən xalqımızın verdiyi böyük qiymət kimi dəyərləndiririk. Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabrında İlham Əliyevə səs verməklə, Sizin siyasətinizi dəstəklədiyini bir daha faktiki olaraq sübut etmiş və gələcək taleyini əbədi Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin siyasi varisinə etibar etmişdir.
Möhtərəm Prezidentimiz!
İlham Əliyev müstəqil, suveren, azad Azərbaycan uğrunda mübarizədən başlanan və ölkəmizi dünyanın mütərəqqi dövlətləri ilə bir sırada dayanmaq qüdrətinə gətirib çatdıran Heydər Əliyev siyasi məktəbinin ən layiqli və görkəmli nümayəndəsi kimi xalqımızın dərin rəğbət və ehtiramını qazanmışdır. İlham Əliyevin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr sahəsində görkəmli mütəxəssis və diplomat olması, neft strategiyası sahəsində qazandığı uğurlar onu ölkəmizin hüdudlarından kənarda da məşhurlaşdırmışdır. Seçki kampaniyası zamanı yüksək intellektual səviyyə, məntiqli mühakimə, səmərəli fəaliyyət, işgüzarlıq və peşəkarlıq nümayiş etdirən İlham Əliyev şəxsi keyfiyyətlərinə və liderlik xüsusiyyətlərinə görə digər namizədləri xeyli geridə qoymuş, Sizin yolunuzun davamçısı və məfkurənizin daşıyıcısı olduğunu bir daha təsdiq etmişdir.
Demokratik, şəffaf, sivil dünyanın bütün tələblərinə uyğun şəkildə keçirilən prezident seçkiləri təkcə ölkəmizin deyil, regionun və dünyanın bir sıra nüfuzlu təşkilatları, beynəlxalq institutlar və müşahidə aparan çoxsaylı nümayəndələr tərəfindən yüksək qiymətləndirilmiş, İlham Əliyevin Prezident seçilməsi ədalətin təntənəsi kimi dəyərləndirilmişdir.
Möhtərəm Prezidentimiz!
Sizi, İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edir, ömrünüzü əsirgəmədən xidmət etdiyiniz Ana Vətənimizin tərəqqisi naminə bu hadisənin böyük əhəmiyyətini və müstəsna rolunu xüsusi vurğulayırıq.
Yeni Azərbaycan Partiyasının hər bir üzvü Sizin müəyyənləşdirdiyiniz yola, əbədiyaşar ideyalarınıza sadiq olduğunu, şəxsiyyətinizə böyük ehtiram və məhəbbətini bir daha bəyan edir.
Biz əmin olduğumuzu bildiririk ki, Siz hələ uzun illər ölkəmizin daha firavan sabahının quruculuğuna öz qiymətli töhfələrinizi verəcəksiniz.
Uca Tanrıdan Sizi qorumağı və hifz etməyi diləyir, Sizə ən səmimi arzularımızı yetiririk.
Yeni Azərbaycan Partiyasının
Siyasi Şurası.