AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident seçkilərində qəti qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik. Azərbaycanın Prezidenti vəzifəsində yalnız Sizi – böyük Heydər Əliyev siyasətinin layiqli davamçısını görmək arzusunda olan Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti yekdilliklə Sizin namizədliyinizi dəstəkləmiş, öz səsini Sizə vermişdir.
Akademiyamızda çalışan musiqiçilər cənab Heydər Əliyevin himayəsini, Azərbaycanın sənət xadimlərinə, musiqi mədəniyyəti və təhsilinin inkişafına göstərdiyi xüsusi qayğını həmişə hiss etmiş və yüksək qiymətləndirmişlər. Vətənimiz və xalqımız üçün çətin olan illərdə də Heydər Əliyevin bu istiqamətdə yeritdiyi müdrik siyasət nəticəsində milli musiqi sənəti böyük təkamül yolu keçmiş və beynəlxalq miqyasda şöhrət qazanmışdır. Milli bəstəkarlıq məktəbimizin uğurlarında da, ifaçılarımızın beynəlxalq müsabiqələrdə qazandığı müvəffəqiyyətlərdə də, gənc kadrların üzə çıxarılmasında da Heydər Əliyevin böyük şəxsi xidməti olmuşdur. BMA-da çalışan adlı-sanlı musiqiçilər içərisində də, tələbələr arasında da bir çox Prezident təqaüdçüləri vardır və onların hamısı bu gün Sizin simanızda həmin müdrik siyasi xəttin davamçısını dəstəkləməyə hazırdır.
Sizin sənət adamlarına, BMA-da çalışan və təhsil alan musiqiçilərə daim qayğı və diqqətlə yanaşacağınıza, bizi yeni sənət uğurlarına ilhamlandıracağınıza inanır və milli musiqi mədəniyyətimizin tərəqqisi yolunda Prezident kimi göstərəcəyiniz fəaliyyətdə Sizə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Fərhad Bədəlbəyli
rektor, xalq artisti, professor
22 oktyabr 2003-cü il.