AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi ürəkdən alqışlayıram və gecəli-gündüzlü Ulu Tanrının səcdəsindəyəm ki, Azərbaycan torpağının şanlı oğlu, bizim hamımız üçün doğma və müqəddəs olan qüdrətli, bənzərsiz, dünya şöhrətli siyasi xadim, mənim üçün xüsusilə daha qiymətli və əvəzsiz olan böyük Heydər Əliyevin xeyir-duasından sonra ölkəmizə məhz Siz başçılıq edəcəksiniz.
Mənim taleyim, ömrüm, sənətdə uğurlarım, Azərbaycan xalqına bir övlad kimi xidmətim, şanım-şöhrətim, dünənim, bu günüm Heydər Əliyevin yüksək adı ilə bağlıdır.
Bütün sənət adamları belə düşünür və yaxşı bilirlər ki, iqtisadi-sosial sahələrdə olduğu kimi, mədəniyyətimizin də inkişafında, onun dünya xalqları arasında geniş yayılmasında, musiqi xadimlərimizin əməyinə ən ali qiymət verilməsində Heydər Əliyevin qayğısına, şəxsi təşəbbüsünə, əməli tədbirlərinə dair yüzlərlə misal çəkmək olar.
Biz sənət adamları onunla həmişə sıx ünsiyyət saxlamışıq, dəyərli məsləhətlərinə əməl etmişik, zəngin mədəniyyətimizin bütünlükdə tərəqqisinə onun işıqlı təfəkküründən bəhrələnərək nail ola bilmişik.
Mən Allahımdan bir də ona görə razıyam ki, taleyimizin Prezidenti əziz Heydər Əliyevin qarşısında diz çöküb öpdüyü al-əlvan bayrağımızı indi bir ölkə başçısı kimi, böyük rəhbərimizin qüdrətli övladı, yurdumun mətin və cəsur oğlu kimi, yalnız Siz öpəcəksiniz və şanlı bayrağımızın Qarabağ səmalarında zəfərlə dalğalanması yolunda qəti qələbələr çalacaqsınız.
Biz Sizinlə fəxr edirik desək, sözümüzün səmimiyyətinə inanın. Mənim canımdan artıq sevdiyim Azərbaycanımı, inanıram ki, indən belə Siz zəfərlərdən-zəfərlərə, qələbələrdən-qələbələrə aparacaqsınız.
Biz həmişə Sizinləyik, əziz İlham Əliyev, Siz həmişə bizimləsiniz və heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməz.
Sizi bağrıma basıram, bu şanlı işinizdə qələbələr arzulayıram, qoy Azərbaycanım Sizinlə daha da ucalsın, sevimli millətimiz ən xoşbəxt günlərə qovuşsun.
Ulu Tanrı Sizə yar olsun!
Ən xoş arzularla,
Zeynəb Xanlarova,
SSRİ xalq artisti, Milli Məclisin deputatı
25 oktyabr 2003-cü il.