AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ailəmin, qohumlarımın adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm!
Müstəqil Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, mədəniyyətimizin hamisi və mədəniyyət işçilərinin yaxın dostu, dünya şöhrətli Prezidentimiz cənab Heydər Əliyev müdriklik göstərərək, məhz Sizin kimi cavan, lakin təcrübəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, dünya ictimaiyyəti tərəfindən qəbul olunan bir perspektivli şəxsiyyətin xeyrinə öz namizədliyini geri götürmək barədə Azərbaycan xalqına tarixi müraciət ünvanlayarkən, Azərbaycanın sabahını düşünən hər bir vicdanlı vətəndaş kimi, mən də rahat nəfəs aldım. Seçkiqabağı təbliğat kampaniyasında ürəyimin hökmü ilə və sənətimlə fəal iştirak etdim.
Biz Sizi dəstəkləyərək sabitliyə, sabahkı günə inama və firavan həyata səs verdik.
Hesab edirəm ki, Sizin XXI əsrdə müstəqil Azərbaycan dövlətinin ilk Prezidenti seçilməyiniz xalqımızın böyük nailiyyəti, demokratiyanın təntənəsidir.
Möhkəm əminəm ki, Siz dahi Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirəcək, siyasətçi istedadınız və yüksək iş qabiliyyətiniz sayəsində doğma Azərbaycanımızın sosial-iqtisadi və mədəni inkişafı məsələlərini uğurla həll edəcəksiniz.
Azərbaycan Respublikasının Prezidenti kimi gələcək fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, xoşbəxtlik və Ulu Tanrıdan möhkəm cansağlığı arzu edirəm.
Dərin hörmətlə,
Canəli Əkbərov
xalq artisti, professor.