AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük fərəh və sevinc hissi ilə Sizi, zəmanəmizin ən cavan görkəmli dövlət və ictimai xadimini yüksək vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin Azərbaycan Respublikasının dövlətçilik tarixində müstəsna xidmətləriniz vardır. Xalqımızın rifahının yaxşılaşması, məmləkətimizin sivilizasiyalı ölkə kimi dünyaya tanıdılması, onun qüdrətinin günü-gündən artması istiqamətində iki əsrin Prezidenti, dünya şöhrətli Prezident cənab Heydər Əliyevin apardığı xarici və daxili siyasəti layiqincə, peşəkarcasına davam etdirməklə, Siz xalqın haqlı dəstəyini qazanmısınız. Beynəlxalq aləmdə hansı nüfuz sahibi olmağınızı Sizin yekdilliklə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməyiniz təsdiq edir. Azərbaycanda ilk siyasətçisiniz ki, belə bir mötəbər beynəlxalq qurumda yüksək vəzifəyə seçilmisiniz. Bu, hamımız üçün fəxrdir. Sözsüz ki, belə bir şəxsiyyət dövlət başçısı kürsüsünə yiyələnməli idi.
Siz kamil bir siyasətçi kimi çox dəyərli və hikmətli çıxışlarınızla Azərbaycanın yüksək sivilizasiyalı bir dövlət, xalqımızın isə yüksək mədəniyyət sahibi olduğunu şərəflə nümayiş etdirirsiniz.
Sizin Milli Olimpiya Komitəsinə rəhbərliyinizlə Azərbaycanın idman həyatındakı əvəzsiz xidmətləriniz, respublikada idman sahəsində əldə edilən nailiyyətlər, qələbələr, heç şübhəsiz, beynəlxalq aləmdə Sizin nüfuzunuzun artmasına da öz müsbət təsirini göstərmişdir. Siz gənclərin də dərin məhəbbətini, rəğbətini qazanmısınız.
Hörmətli İlham müəllim!
Azərbaycan xalqı çox haqlı olaraq düzgün seçim etmiş, öz parlaq, ilhamlı gələcəyinə səs verərək, Sizi özlərinə milli lider seçmişdir.
Siz, bir daha təkrar edirəm, iki əsrin Prezidenti, dünya şöhrətli lider cənab Heydər Əliyevin ən layiqli varisi, onun ocağının sönməz məşəlisiniz. Heydər Əliyevin uzun illər çox çətinliklə yaratdığı sabitliyi məhz Sizin kimi şəxsiyyət qoruya, davam etdirə bilər.
Mənim sənətə gəlişim cənab Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir vaxta təsadüf etmişdir. Bu 34 ildə nəyə nail olmuşamsa, bunlara görə mən dahi şəxsiyyət Heydər Əliyevə minnətdaram.
Məmnuniyyətlə deyirəm ki, mən ömrüm boyu Heydər Əliyevə necə sadiq olmuşamsa, ömrümün sonuna qədər onun doğma övladı, zəhmətinin bəhrəsi, arzularının meyvəsi, yeni əsrin yeni Prezidenti İlham Əliyevə də bu sadiqliyimi saxlayacaq, ona sədaqətlə xidmət edəcəyəm.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan, ailə üzvlərim və sənət adamları adından bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifahı naminə apardığınız gərgin və son dərəcə şərəfli işinizdə uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
İlhamə Quliyeva
xalq artisti, Prezident təqaüdçüsü,
Dünya Azərbaycanlılarının Mədəniyyət
Mərkəzinin vitse-prezidenti,
17 oktyabr 2003-cü il.