AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçkilərindəki həqiqi qələbəniz münasibətilə Azərbaycan rəssamları adından və şəxsən öz adımdan Sizə böyük sevincimizi çatdırmaq istəyirəm. Tariximizin taleyüklü məsələsinin həlli anında Azərbaycan vətəndaşlarının müdrik seçim edəcəklərinə heç bir şübhəmiz yox idi. Sizin ən çətin sahələrdəki uğurlu fəaliyyətiniz qələbəni təmin etmişdi və seçkiqabağı dövrdəki çıxışlarınız, respublikamızın hər bir vətəndaşını narahat edən suallara dəyərli cavablarınız müxalifətin şanslarını sıfıra bərabərləşdirdi. Bəli, Siz haqlısınız, Azərbaycan xalqı xaosun, vətəndaş qarşıdurmasının və ən dəhşətli bəlalar gətirən nadanlığın və cəhalətin əleyhinədir.
Azərbaycan rəssamları hər zaman Sizinlə olacaqdır. Çünki Siz XXI əsrdə Azərbaycanı güclü demokratik və ən geniş mənada müasir dövlətə çevirməlisiniz. Bunun üçün hər bir zəmin yaradılmışdır. Ona görə ki, Siz ölkəmizin tarixinin ən çətin və ən ağır anlarında Azərbaycanı güclü daxili və xarici düşmənlər dağıdan zaman Azərbaycanı özünə qaytaran, onu regionda həlledici dövlətə çevirən və respublikamızı dünya ölkələri sırasında layiqli mövqeyə qaldıran dahi siyasətçi möhtərəm Heydər Əliyevin ən dəyərli davamçısısınız. İndiki seçkilər bir daha göstərdi ki, Azərbaycan demokratiyanın tərəfdarıdır və dünyanın bir çox ölkələrindən gələn müşahidəçilər bunun şahidi oldular.
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, bir daha Sizi və başda möhtərəm cənab Heydər Əliyev olmaqla ailənizi parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edim. Sizə cansağlığı, səadət və əmin-amanlıq arzulayıram.
Səmimi hörmətlə,
Fərhad Xəlilov,
Azərbaycan Rəssamlar İttifaqının
sədri
18 oktyabr 2003-cü il.