AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Həmçinin, ümidvar olduğumu bildirmək istərdim ki, Prezidentliyiniz müddəti Sizin üçün və ölkənizin xalqı üçün uğur dövrü olacaqdır.
Bildiyiniz kimi, Beynəlxalq Seçki Müşahidəsi Missiyası seçkilərin keçirilməsi ilə əlaqədar bir sıra narahatçılıq doğuran məsələlər qaldırmış və müxalifəti dəstəkləyənlərin incidilməsi ilə bağlı məruzələr hazırlamışdır. Bu məsələlər Avropa Parlamentinin üzvləri tərəfindən AB-nin oktyabrda keçirilmiş ümumi sessiyasında qaldırılmış və seçkilərdən sonra Avropa Birliyinin verdiyi bəyanatda öz əksini tapmışdır. Mən inanıram ki, Sizin dövlət orqanlarınız qanunsuz hərəkətlərlə əlaqədar edilmiş hər hansı ittihamları araşdıracaq və Beynəlxalq Seçki Müşahidəsi Missiyasının tövsiyələrini tam şəkildə həyata keçirəcəkdir.
Qeyd etmək istərdim ki, Avropa Parlamenti Azərbaycanla münasibətlərini yüksək dəyərləndirir və bu yaxınlarda Bakıda Parlamentlərarası əməkdaşlıq komitəsinin uğurlu iclası zamanı bu, bir daha sübut edilmişdir. Mən Azərbaycan ilə Avropa Birliyi arasında demokratiya və insan hüquqlarına hörmət prinsiplərinə əsaslanan münasibətlərin genişlənməsini arzu edirəm.
Vəzifənizin həyata keçirilməsində Sizə bir daha uğurlar arzulayır və əlaqələrimizin daha da inkişaf etdiriləcəyinə ümid bəsləyirəm.
Ən xoş arzularla,
Ursula Şleyxer
Avropa Birliyi – Azərbaycan Parlamentlərarası
Əməkdaşlıq Komitəsində AB nümayəndə
heyətinin sədri
28 oktyabr 2003-cü il.