AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqına ağır itki üz vermişdir və biz onunla birlikdə kədərlənirik. Görkəmli siyasi xadim, çox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan həyatdan getdi.
Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.
Əziz İlham Heydər oğlu, Sizin atanızla qarşılıqlı anlaşma tapmaq həmişə asan idi. Bizi səmimi dostluq telləri bağlayırdı. Əminəm ki, Azərbaycanın yeni seçilmiş və öz xalqının etimadını qazanmış Prezidenti kimi Siz Qazaxıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin xoş ənənələrini davam etdirə biləcək, hörmətli atanızın müəyyənləşdirdiyi müdrik siyasi xəttin varisliyini təmin edəcəksiniz.
Bu gözəl insanın xatirəsi qəlbimizdə əbədi qalacaqdır.
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti
Astana, 13 dekabr 2003-cü il.