AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Nadir dövlət adamı və Azərbaycanın lideri, dəyərli atanız, dostum Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndim.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf edərək möhkəmlənməsinə böyük töhfə vermiş Heydər Əliyevin dünyasını dəyişməsi, Azərbaycanda olduğu kimi, Türk ulusunda da dərin kədər yaratmışdır.
Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.
Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.
Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.
Bu fürsətdən istifadə edərək, ölkələrimizin gələcəkdə də çiyin-çiyinə hərəkət edəcəyinə və güclü əlaqələrimizin qarşıdakı dövrdə Ali şəxsinizin rəhbərliyi altında daha da inkişaf edərək, gələcək nəsillərə çatdırılacağına olan inamımı izhar etmək istəyirəm.
Türk ulusu adından və şəxsən öz adımdan mərhuma Tanrıdan rəhmət, Sizə və ailə üzvlərinizə, dost Azərbaycan ulusuna ən səmimi hisslərimlə başsağlığı verirəm.
Əhməd Necdət Sezər,
Türkiyə Respublikasının Prezidenti
13 dekabr 2003-cü il.